Həmsədrlər Ermənistana niyə gedir? Siyasət

Həmsədrlər Ermənistana niyə gedir?

Qabil Hüseynli: "Məqsəd danışıqların bərpa edilməsi və danışıqlara təkan verməkdir"

Fikrət Sadıqov: "Səfər düşmən ölkəni danışıqlara cəlb etmək məqsədi daşıyır"

ATƏT-in Minsk Qrupunun həmsdərləri gələn həftə Ermənistana səfər edəcəklər. Səfərin məqsədi barədə APA-ya açıqlama verən Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov "gələn həftə Ermənistana səfərimiz planlaşdırılır. Bu səfər Ermənistanın yeni hakimiyyəti ilə tanışlıq məqsədi daşıyır,- deyə bildirib. Rusiyalı həmsədr yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yüksək səviyyədə görüşlərin planlaşdırılıb-planlaşdırılmaması ilə barədə suala cavabında bütün bu məsələlərin həmsədrlərin Ermənistana səfəri zamanı müzakirə olunacağını söyləyib: "Yaxın günlərdə Ermənistana səfər edəcəyik. Orada bu məsələlər ətrafında ümumi danışıqlar aparacağıq. Biz həmsədrlər hələ ki, Ermənistanın yeni xarici işlər naziri ilə tanış deyilik. Səfərimizin əsas məqsədi Ermənistanın yeni hakimiyyəti ilə tanışlıqdır".
Politoloq Qabil Hüseynli deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfərində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların bərpa edilməsi və danışıqlara təkan verməkdir: "Məhz birinci Ermənistana getməkdə də məqsəd odur ki, burada hakimiyyət dəyişikliyi baş verib". Onun sözlərinə görə, bu gün Ermənistan dövləti danışıqların ruhuna zidd olan bəyanatlar verir: "Zənnimcə, Ermənistanın tutduğu mövqe hələ ki, bu proseslərə yardım etməyə hesablanmayıb. Bu nöqteyi-nəzərdən mənə elə gəlir ki, onları Ermənistanda çətin danışıqlar gözləyir. Hər halda həmsədrlər uğurlu nəticəni ortaya qoymaq fikrindədirlər. Məqsədləri ekspertlər, XİN rəhbərləri, prezidentlər səviyyəsində danışıqları bərpa etməkdir. Amma mən bu danışıqlar prosesinin konstruktiv nəticələnəcəyinə o qədər də bel bağlamıra. Çünki Ermənistanın tutduğu mövqe danışıqların dinamikasına qulluq etmir".
Politoloq Fikrət Sadıqov diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin iyunun 13-də Ermənistan səfəri düşmən ölkənin danışıqlara cəlb etmək məqsədi daşıyır. Düşmən ölkənin xarici siyasət prioritetlərinin düzgün qurulmadığını deyən politoloq söyləyib ki, Ermənistanda fikir ayrılığı ilə yanaşı, onların konkret nə istədikləri də bəlli deyil: "Ölkənin XİN başçısı Dağlıq Qarabağla bağla görüşün keçirilməsini, Baş nazir isə danışıqlar prosesinə "Dağlıq Qarabağ" separatçı rejiminin qatılmasını bildirir. Lakin reallıq budur ki, "Dağlıq Qarabağ" separatçı rejimi bu danışıqlarda iştirak edə bilməz. Buna Azərbaycan heç zaman razı olmayacaq. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri də anlayır".
F. Sadıqovın sözlərinə görə, yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Azərbaycan Ermənistan görüşünün baş tutması gözlənilən deyil: "Amma gec-tez bu baş verməlidir və Ermənistan özü bundan maraqlı olmalıdır. Əgər düşmən ölkə məsələni siyasi diplomatik yolla həll etmək istəmirsə, Azərbaycanın problemi həll etmək üçün başqa yolu var. Ölkəmiz və ordumuz işğal olunmuş torpaqları azad etməyə hər zaman hazırdır. Bunun üçün həm iradəmiz, həm də hərbi potensialımız var. Ermənistan artıq bunu başa düşməlidir".
Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmadığını bir daha dilə gətirən politoloq qeyd edib ki, buna səbəb onların beynəlxalq normalara uyğun şəkildə fəaliyyət göstərməməsidir: "Minsk qrupu işğal olunmuş torpaqlarla bağlı qətnamələrin olmasına baxmayaraq, Azərbaycanla Ermənistanı bərabərləşdirir. Hazırda Minsk qrupunun bir məqsədi var ki, bu da danışıqlar prosesini təsdiqləməkdən ibarətdir".
Ermənistanda baş verənlərə ATƏT-in Minsk qrupunun heç bir mövqe nümayiş etdirməməsinə gəlincə F. Sadıqov söyləyib ki, hazırda Minsk qrupu rəsmi İrəvanla ehtiyatla davranaraq, öz mövqeyini bildirmir: "Amma hər halda ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsas məqsədi danışıqlar prosesində vasitəçilik etməkdir. Əks halda, onların fəaliyyəti dayana bilər. Minsk qrupu anlayır ki, əgər onlar çəkildə Azərbaycan problemi həll etməyə hazırdır və edə bilər. Bu baxımdan Minsk qrupu ehtiyat edərək rəsmi İrəvanın başını sığallamaqla dilə gətirməyə çalışır. Onların son məqsədi Ermənistanı danışıqlar masasına əyləşdirməkdir. Hesab edirəm ki, nəticə etibarı ilə bu baş verəcək".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun Ermənistana səfərinin vaxtı açıqlanıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan səfərin iyunun 13-də baş tutacağını bildirib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, həmsədrlər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla mayın 15-də Parisdə görüşdən sonra yaydıqları bəyanatlarında iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar aparacaqlarını bildirmişdilər.

Əli