ABŞ-ın 8 milyard vədi: Nikol Rusiyaya buna görə savaş açır? Siyasət

ABŞ-ın 8 milyard vədi: Nikol Rusiyaya buna görə savaş açır?

"Baş nazir olaraq hökumətə rəhbərlik edən birinin bu şəkildə açıqlamalar verməsi təəccüblü deyil".
Bu sözləri açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Paşinyanın "Qazprom"da yoxlamalara başlayacaqları ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, etirazlar dalğasında hakimiyyətə gələn Paşinyan üçün isə bu, daha vacibdir:"Hakimiyyət içində bərkimədən, xalqdan aldığı dəstəyi itirməmək üçün belə açıqlamalar hələ çox olacaq. Hətta yoxlamalar nəticəsində bəzi qurumlar və rəhbərlər ittiham da olunacaq. Amma bu yoxlamaların Rusiyanın nəzarətində olan obyektlərdə olacağı məsələsi xeyli maraqlıdır. Əgər Paşinyan bu cəsarəti özündə tapacaqsa, o zaman bu addım Rusiyaya qarşı savaş kimi dəyərləndirilə bilər. Bu o qədər də inandırıcı görünmür. Lakin təki fikirlərimdə yanılım. Çünki bu, münasibətlərin korlanmasına və Paşinyanın özünə qarşı ciddi təhlükələrin yaranmasına səbəb olar. Bu gün "Qazprom Ermənistanı" yoxlatdıran sabah daha da irəli gedə bilər ki, bu, Rusiya üçün qəbuledilməzdir. Paşinyan isə bu yollarla əsas rəqiblərini neytrallaşdırmağa və insanlar arasında dəstəyini artırmağa səy göstərəcək".
Ekspert qeyd edib ki, ABŞ-ın söz verdiyi 8 milyard yatırım təklifinə elə də əhəmiyyət vermir:
"Ermənistanın enerji sektorunun çox hissəsi Rusiyanın mülkiyyətində, digərləri isə bütünlükdə nəzarətindədir. Enerji sektorunda bu işbirliklərini dayandırmadan, həmin sektoru onların əlindən çıxartmadan nəinki 8 milyard, heç 8 dollar da verməzlər. Hadisələrin bu istiqamətdə inkişafını, daha doğrusu, sakitliklə və Ermənistan üçün həyati itkilərsiz baş verəcəyini düşünmürəm".
Ekspert vurğulayıb ki, Paşinyan hazırda Ermənistanın müqavimət gücünün hansı səviyyədə olmasını yaxşı bilir:
"Ona görə də bu cür yolu seçəcəksə ya Rusiya ilə bazarlıq etmək istəyir və özünü olduğu şəkildə qəbul elətdirməyə çalışır, ya da Rusiya ilə qarşıdurmada Ermənistana qarşı əsas təzyiq və təhdid faktoru olan Dağlıq Qarabağ məsələsini gözardına alaraq, Qərbə doğru meyillənməyə cəhd edir. Sonuncuya daha az inansam da, istənilən halda proseslərin inkişafı Dağlıq Qarabağ məsələsində Azərbaycanın xeyrinə işləyə bilər. Bu prosesdə əsas rol oynayan, problemin həll olunmasına əngəl törədən Rusiyanın bir müddət neytrallığına gətirə çıxarar ki, biz də bundan istifadə edə bilərik".
Qeyd edək ki, Paşinyan "Qazprom"da yoxlamalara başlayacağı ilə bağlı açıqlamalar verib. Maraqlı məqam Paşinyanın bu sözlərinin ABŞ-ın bir müddət əvvəl Ermənistanın enerji sektoruna 8 milyard dollar yatırım etmək istədiyi ilə bağlı açıqlamasıyla üst-üstə düşməsidir. ABŞ bu yatırım üçün Ermənistandan enerji sektorunun diversifikasiyasını istəyib.
Politoloq Fərhad Mehdiyev isə deyib ki, hazırda Ermənistanın siyasi mühiti çox həssasdır, dalğalıdır. Təbii ki, Paşinyan hakimiyyətdə nə qədər qalacağını demək mümkün deyil. Amma hazırda Ermənistanda baş verən proseslər dərinləşsə, onun gücü sarsıla bilər.
O bildirib ki, Paşinyanın oliqarxları təqib etdirməsi sırf onları öz tərəfinə çəkməklə bağlı deyil:
"Paşinyan eyni zamanda xalqa verdiyi müəyyən vədlərin həyata keçirilməsinə çalışır. O, maksimum dərəcədə bu təqiblərlə həmin oliqarxları tərksilah etmək niyyətindədir. Bunların arasından bəzilərini öz tərəfinə keçirəcək, bəzilərinin fəaliyyətinə göz yumacaq. Amma istisnasız olaraq, Paşinyanın oliqarxların hamısına qarşı çıxması özü üçün riskdir. Çünki bu ona qarşı ayaqlanmanın meydana gəlməsinə səbəb ola bilər. Bu mərhələdə həmin oliqarxlar xaricə qaçıb gedə bilərdi ki, bu zaman da onların öz bizneslərini xaricə köçürmə ehtimalı çox zəifdir. Buna görə də onlar çalışacaq ki, Paşinyanın tərəfinə keçsin. Paşinyanın bunu qəbul edib-etməyəcəyi isə məlum deyil".
Politoloq vurğulayıb ki, hazırda Paşinyan güclüdür:"O mənada güclüdür ki, xalq onun arxasındadır. O, xalqın gücünə güvənərək, bu addımları ata bilir. Əgər Paşinyanın həyata keçirdiyi siyasətə qarşı xalqın narazılığı artsa, onun rəqibləri təbii ki, bundan ilk fürsətdə istifadə edəcək. O zaman Paşinyanın dayaqları zəifləyəcək. Amma nə qədər ki, Paşinyan bu populist hava ilə xalqı öz arxasınca aparmağı bacaracaq, o vaxta kimi onun mövqeyi güclü olacaq. Təbii ki, Paşinyan da müəyyən səhvlərə yol verəcək. Çünki indiyə qədər o, vəzifə başında olmadan danışırdı və bu, nisbətən rahat idi. Amma artıq məsuliyyət sahibidir və bu zaman hətta o, verdiyi vədlərin bəlkə də müəyyən hissəsinin əksi istiqamətində hərəkət etməyə məcbur qalacaq. Onun rəqibləri isə buna göz yummayacaq".
Politoloqun sözlərinə görə, nəzəri olaraq, Respublika Partiyası hər zaman iqtidara qayıda bilər:
"Paşinyan avrointeqrasiya yolunda öz səylərini davam etdirsə və bunda israrlı olsa, bu zaman Rusiyanın müxalifəti ilə qarşılaşacaq. Rusiya bu zaman Ermənistanda daxili sabitliyi pozmaq üçün əlindən gələni edəcək. Bu məqamda Respublikaçıların təkrar iqtidara qayıtma ehtimalı var".