“Azərbaycanın hərbi potensialı düşmən üçün qəbuledilməz itki səviyyəsini təmin edir” Siyasət

“Azərbaycanın hərbi potensialı düşmən üçün qəbuledilməz itki səviyyəsini təmin edir”

"Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan hərbi parad, bir növ Azərbaycan Respublikasının hərbi-siyasi rəhbərliyinin - Ali Baş Komandan, Prezident İlham Əliyevin, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və parad ərəfəsində vaxtsız vəfat edən müdafiə sənayesi naziri Yavər Camalovun - Azərbaycan xalqına son illər ərzində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə görülən işlər barədə hesabatı oldu".
Rusiyanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktor müavini Maksim Şepovalenko belə deyib.
Həmsöhbətimizin sözlərinə görə, ölkə rəhbərliyinin balanslaşdırılmış xarici və daxili siyasəti, Ali Baş Komandan tərəfindən qeyd edildiyi kimi, dost ölkələrlə səmərəli münasibətlər Azərbaycana imkan verdi ki, dünyanın ən müasir silah və texnikalarını əldə etsin.
Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Türkiyə, İsrail, Cənubi Afrika, Çexiya - biz adı çəkilən ölkələrin silah və hərbi texnikalarını hərbçilərin və mexanikləşdirilən kolonların keçidi zamanı müşahidə etdik, eləcə də Bakıda Azadlıq meydanı üzərində Azərbaycan Ordusunun aviasiya vasitələrinin nümunəvi uçuşlarını izlədik. Bunların hamısı kənardan alınanlar silahlar deyil, onların bir çoxu (xüsusilə qiymətlidir) Azərbaycan sənaye sahələrində hazırlanır.
Azərbaycan Ordusunun müasir müharibə üçün müasir mübarizə vasitələrinin tam dəstinə - müdafiə, hücum məqsədli sistemlərə, operativ taktiki raket komplekslərinə, taktiki (əməliyyat-taktiki) təyyarələr və helikopterlər, ordu aviasiyasına, o cümlədən pilotsuz sistemlərə, müasir zirehli texnikalara, uzaq mənzilli ənənəvi və reaktiv artilleriya sistemlərinə, yüksək effektivliyə malik tank əleyhinə vasitələrə və hava hücumundan müdafiə vasitələrinə sahib olması diqqəti cəlb edir. Bu yalnız respublika vətəndaşlarının və xarici müşahidəçilərin gözünə görünən, Azərbaycan Ordusunun silahlanmasında yer alan və ölkənin ərazi bütövlüyü, milli təhlükəsizlik problemlərini həll etmək üçün istifadə edilə biləcək silah və texnikaların kiçik bir hissəsidir.
Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən hərbi parad ölkənin hərbi-texniki potensialının keyfiyyətli artımının sübutu idi. Bu potensial, 2016-cı ilin aprel hadisələrində olduğu kimi, düşmən üçün qəbuledilməz itki səviyyəsini təmin edir.
Azərbaycanın hərbi-siyasi rəhbərliyi qarşısında duran vacib vəzifələr texnoloji istehsal məhdudiyyətlərini aradan qaldırmaqdan, özünü bütün növ atıcı silahların, top və reaktiv artilleriya sistemləri üçün sursatların bütün növləri ilə təmin etməkdən, raket və artilleriya silahlarının, hərbi nəqliyyat vasitələrinin, müxtəlif təyinatlar üçün elektron sistemlərin istehsalının genişləndirilməsindən, sənayenin təmir və servis imkanlarının artırılmasından, sovet səfərbərlik elementlərinə istiqamətlənən istehsalat modelindən, beynəlxalq elmi-sənaye koorporasiyaları ilə tammiqyaslı əməkdaşlıq modelinə keçərək müasir silahların və hərbi texnikaların yaradılmasında yaxından iştirak etməkdən ibarətdir", - deyə Şepovalenko bildirib.