“Ərdoğanın ölkəmizə səfəri çərçivəsində ikitərəfli münasibətlər və perspektivlər müzakirə mövzusu olacaq” Siyasət

“Ərdoğanın ölkəmizə səfəri çərçivəsində ikitərəfli münasibətlər və perspektivlər müzakirə mövzusu olacaq”

Elman Nəsirov: "Siyasi dialoqlar daha da genişləndiriləcək"


"Türkiyədə keçirilən seçkilərin nəticəsindən sonra yenidən prezident seçilən Ərdoğanın ilk səfərini hansı ölkəyə edəcəyi maraqla gözlənilirdi. Məlum olduğu kimi, proqnozlar özünü doğrultdu. Azərbaycan və Türkiyə münasibətlərin yüksək səviyyədə olmasına nümunə olan ölkələrdir". Bu sözləri açıqlamasında millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Elman Nəsirov Türkiyə prezidenti Ərdoğanın ölkəmizə səfəri barədə fikirlərini bölüşərkən deyib. Bildirib ki, səfər çərçivəsində ikitərəfli münasibətlər və perspektivlər müzakirə mövzusu olacaq: "Siyasi dialoqlar daha da genişləndiriləcək. İqtisadi münasibətlərin gücləndirilməsi də diqqət mərkəzində olacaq. Xüsusilə də, enerji layihələrinin vaxtında tamamlanması və növbəti addımların atılması müzakirə mövzularıdır. Bildiyiniz kimi, TANAP layihəsi işə salınıb və perspektivdə TAP-ın reallaşdırılması məsələsi dayanır".
Millət vəkili əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu məsələdə Türkiyənin dəyişməz mövqeyi var: "Ərdoğan hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirib. İşğalçı Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Ümumilikdə, iki ölkə arasında münasibətlərin yeni mərhələsinə daxil olan məsələlərin müzakirə olunacağı gözlənilir. Bu səfər bir daha dünyaya göstərir ki, Türkiyənin xarici siyasətində Azərbaycan mühüm mövqeyə malikdir və bu dövlətlər strateji müttəfiqdirlər. İki dövlət arasında etimad mühiti formalaşıb. Azərbaycanla Türkiyə arasındakı münasibətlər sözün həqiqi mənasında, bir nümunədir və regionda sülhə xidmət göstərir".