“Azərbaycan NATO əlaqələri...” Siyasət

“Azərbaycan NATO əlaqələri...”

Asim Mollazadə: "Regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır"

Qabil Hüseynli:"Azərbaycan Cənubi Qafqazda Gürcüstandan sonra NATO standartlarına keçən ikinci ölkədir"

Prezident İlham Əliyev Brüseldə NATO-nun zirvə toplantısında iştirak edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra görüşlər keçirib Ekspertlər prezidentin Brüssel səfərini dəyərləndiriblər.
Deputatı Asim Mollazadə vurğulayıb ki, Azərbaycan Prezidentinin Brüsselə səfəri ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Dövlət başçısının səfər zamanı NATO toplantısında iştirakını xüsusi vurğulayan deputat söyləyib ki, NATO-nun öz bəyanatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb, müstəqilliyinə dəstək ifadə edib: "Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır"
A.Mollazadənin sözlərinə görə, Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa Birliyi arasında "Tərəfdaşlıq prioritetləri" sənədinin imzalanması hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir: "Bu sənəd bizim Avropa Birliyi ilə gələcək əməkdaşlığımızın daha geniş və çox şaxəli olması üçün zəmin yaradır".
Səfərinin Azərbaycanın Aİ ilə ticarət əlaqələrinin inkişafı baxımından da mühüm olduğunu dilə gətirən deputat söyləyib ki, Avropa Birliyi Azərbaycan ticarətinin ən əsas tərəfdaşıdır və tərəfdaşlıq daha da genişləndirilməlidir.
Deputat əlavə edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə ölkəmizin əhəmiyyətli və söz sahibi olduğunu ortaya qoyur: "Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir".
Millət vəkili Azər Badamov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevi Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qətrb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Deputatın sözlərinə görə, son vaxtlar Azərbaycanın Avropaya inteqrasiyası prosesi sürətlənib: "Yəni bu, onu deməyə imkan verir ki, Avropa İttifaqı Azərbaycanı dəstəkləyir və ölkəmizin ərazi bütövlüyünün təyin olunmasının tərəfdarıdır. Bir neçə gün bundan öncə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədi bunu deməyə əsas verir. O sənəddəki müddəalar Azərbaycanın həm iqtisadi, siyasi, həm də ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının Avropa İttifaqı tərəfindən dəstəklənməsidir. Cənab Prezidentin Brüsselə səfəri çərçivəsində NATO-da Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ermənistanın işğalçı dövlət olması ilə əlaqədar çıxışı olmuşdur. Həm NATO iştirakçılarının, həm də Avropa İttifaqının Azərbaycanı dəstəkləməsi bir daha onu göstərir ki, ölkəmiz bu gün dünya üçün əhəmiyyətli bir faktordur. Düşünürəm ki, belə dəstək bir daha bizə öz haqq səsimizin təmin olunması üçün həm stimuldur, həm də beynəlxalq dəstəkdir".
Politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanın Qərb yönümlü siyəsətində NATO ilə əlaqələrin inkişaf etdirilməsi mühüm yer tutur.
Onun sözlərinə görə, NATO-nun sülh tərəfdaşlığı proqramına uyğun olaraq Azərbaycan ordusu tədricən NATO standartlarına keçməyə başlayıb: "Bu gün ölkəmizdə fəaliyyət göstərən Ali Hərbi Məktəblərin hamısı NATO standartlarına uyğun tədris planını həyat keçirir. Ordunun bir sıra daxili nizamnamə qaydalarına da bu istiqamətdə dəyişikliklər edilib. Məsələn, əsgərin öz komandirinə müraciəti, əsgərlər arasındakı münasibətlər, geyim üslubu və müəyyən detallar həmin NATO standartlarına uyğunlaşdırılıb. Bu istiqamətdə qardaş ölkə Türkiyə də müəyyən məqamlara diqqət edir. Azərbaycan Cənubi Qafqazda Gürcüstandan sonra NATO standartlarına keçən ikinci ölkədir. Lakin bu münasibətlər bununla qalmayacaq və inkişaf prosesi daha dərin mövzular üzərində davam edəcək. Mən hesab edirəm ki, NATO ilə əlaqələrin genişləndirilməsi ölkə perspektivləri üçün olduqca müsbət haldır. Hətta ola bilər ki, gələcəkdə Azərbaycanın NATO ölkələri sırasına daxil olmaq kimi perspektivləri yaransın".
Q.Hüseynli onu da əlavə edib ki, NATO ilə Azərbaycan arasında ikili tərəfdaşlığın genişləndirilməsi, eləcə də "Tərəfdaşlıq prioritetlərinin" hazırlanması, sərhədlərimizin tanınmasının xüsusi vurğulanması Ermənistan tərəfini ciddi narahat edən məqamlardan biridir:
"Doğrudur, biz NATO-ya daxil olmaq barədə hər hansı ciddi siyasi fikri rəhbərlik səviyyəsində müzakirə etməmişik, amma NATO ilə əlaqələrin qarşılıqlı şəkildə inkişaf etdirilməsi bizi bu istiqamətə doğru aparır. Prezident İlham Əliyevin Brüsel sammitində iştirakı, orada ölkə sərhədlərinin tanınmasının vurğulanması çox ciddi və vacib məqamlardan biridir. İkitərəfli razılıq əsasında paraflanmış müqavilə növbəti sammitdə imzalanmaq üçün hazır vəziyyətdədir. Bu saziş imzalandıqdan sonra artıq ordu təlimlərində, idarəçiliyində NATO standartlarının daha yüksək səviyyədə təbliği həyata keçiriləcək. Onu da unutmayaq ki, Azərbaycanla NATO arasındakı münasibətlərin inkişaf etdirilməsi, ölkəmizin NATO-ya üzv ölkələrdən silah almasına dair imkanlarını da genişləndirir. Məsələn, yaxın günlərdə Fransa özü bəyan etdi ki, gələcəkdə Azərbaycan silah satışını həyata keçirə bilər. Yəni, bu o deməkdir ki, gələcəkdə Azərbaycan nəinki Fransa, eləcə də NATO üzvü olan ölkələrin hər biri ilə ayrı-ayrılıqda ikili münasibət quracaq. Belə olan halda Azərbaycan davamlı şəkildə NATO-nun sammitlərində, zirvə toplanltılarına iştirak hüququ qazanacaq. Artıq 2013-cü ildən bugünə qədər ikinci dəfədir ki, il ərzində iki dəfə keçirilən NATO-nun zirvə toplantısında Azərbaycanın ərzi bütövlüyü məsələsi ayrıca şəkildə bəyan edilir. Bu, kifayət qədər mühüm bəyanatdır.
Məhz bu nöqteyi nəzərdən iyulun 12-də Brüseldə başlayan NATO-nun zirvə toplantısında ölkə başçımız cənab İlham Əliyevlə yanaşı, təcazvüzkar Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdi. Onu da xatırladım ki, Paşinyan Brüselə gəlməzdən qabaq zirvə sammitində həmişə olduğu kimi siyasi xarakterli bəyanatlar olmayacaqsa, iştirak edəcəyini bəyan etmişdi. Amma hadisələr tam başqa cür cərəyan edti. 6 ay bundan öncə Polşada keçirilən NATO-nun zirvə sammitində də, bu dəfə də Aərbaycanın ərzi bütövlüyü məsələsinə ayrıca bəyanatlar səsləndirildi. Kataloniyanın timsalında NATO Avropada sərhədlərin dəyişdirilməsinə qəti şəkildə qarşı olduğunu və eyni zamanda, aqressiv separatizmi qəbul etmədiyini elan etdi. Brüssel sammitində də səsləndirilən bu fikirlər baş nazir N.Paşinyanı kifayət qədər məyus etdi. Düşünürəm ki, Ermənistan bu bəyanatlardan nəticə çıxarmalıdır. Çünki ərazi bütövlüyü məsələsi gələcək proseslərdə beynəlxalq hüququn əsas amili kimi nəzərdə tutulacaq. Bu isə birbaşa Dağlıq Qarabağ məsələsində Azərbaycana da şamil olunacaq. Bir sözlə, cənab prezidentin Brüssel səfəri ölkəmiz üçün yüksək perspektivlər gətirəcək. Ekspertlər səviyyəsində hazırlanmış müddəalarla tanışlıq olub. Onu da əlavə edim ki, Avropa İttifaqı artıq neçənci dəfədir ki, parlament toplantılarında Azərbaycan ərzisinin ərazi bütövlüyünü tanıdığını və bunun əksini iddia edəcək hər hansı bir müddəanı qəbul etməyəcəyini açıq şəkildə bəyan edib. Ölkəmizin ərazi bütövlüyü həm NATO, həm Avropa Birliyi üçün önəmli prinsip olaraq götürülür. Düşünürəm qısa zamanda bu məsələ ATƏT-in də önəmli prinsiplərindən birinə çevriləcək və münaqişələrin nizmanlanmasında tətbiq ediləcək".