Milli Şuradan növbəti riyakarlıq nümunəsi Siyasət

Milli Şuradan növbəti riyakarlıq nümunəsi

Yeganə Mehdibəyli: "Ölkənin siyasi kursundan imtina eləmiş adamların Avropa Birliyinin Assosiasiya sazişinə qoşulmaq barədə bəyannamə qəbul etməsi gülüş doğrurur"

İunun 23-də Milli Şuranın təşəbbüsü ilə Azərbaycan ictimaiyyəti adından Azərbaycanı Avropa Birliyinin Assosiasiya sazişinə qoşulmasına çağıran bəyannamə qəbul olunub. Tədbirdə çıxış edən qurumun sədri Cəmil Həsənli bildirib ki, Azərbaycanın yolu Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına inteqrasiya olunmaqdan keçir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) MNTK-nın sədri Yeganə Mehdibəyli partiyanın mətbuat xidmətinə açıqlamasında bildirdi ki, Milli Şuranın bu addımı çox təəccüblü olmaqla yanaşı, həm də bir riyakarlıq nümunəsidir: "Rusiyanın layihəsi olan Milli Şura hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə etdi. Hətta tarix boyu Qərb və Avratlantik məkana inteqrasiya tərəfdarları olan qüvvələr Milli Şuranın təsis sənədində qeyd elədilər ki, bu qurumun siyasi kursu və Azərbaycanın gələcəyi yalnız ölkədə onlar hakimiyyətə gələndən sonra, referendum yolu ilə müəyyənləşəcək. Azərbaycanın maraqlarına zidd sənədi imzalamış insanların, ölkənin siyasi kursundan imtina eləmiş adamların bu gün ölkə ictimaiyyəti adından Avropa Birliyinin Assosiasiya sazişinə qoşulmasına çağıran bəyannamə qəbul etməsi gülüş doğrurur. Bunlar dünən qəbul elədikləri sənəddən imtina etməmiş yeni bir sənədə imza atırlar".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına "Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadə edilməsi haqqında" qərarını ləğv etməyi təklif edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putinin belə bir təklif irəli sürməsində məqsəd Ukraynanın cənub-şərqində böhranın aradan qaldırılması, üçtərəfli danışıqların başlanmasıdır.
Bu məsələyə də münasibətini bildirən Yeganə Mehdibəyli dedi ki, Putin artıq Ukrayna məsələsində öz istədiyinə nail olub: "Krım Rusiyaya birləşdirilib. Ukraynanın cənub-şərq bölgələrində ziddiyyətlər ən son həddə çatıb. Bundan sonra isə Rusiya prezidenti Dağlıq Qarabağ məsələsində olduğu kimi burada da vasitəçi rolunda çıxış edəcək".