“Bəzən anti-Azərbaycan kampaniyası aparılır” Siyasət

“Bəzən anti-Azərbaycan kampaniyası aparılır”

Mariya Zaxarova: "Azərbaycanın və Rusiyanın iştirak etdiyi beynəlxalq təşkilatlarda mənfi və destrukriv tendensiyaya qarşı mübarizə aparmaq üçün alətlər mövcuddur"

"Biz Azərbaycan və Ermənistan arasında baş tutan və konstruktiv keçən istənilən görüşü alqışlayırıq".
Bu sözləri Azərbaycanda səfərdə olan Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M. Zaxarova Rusiyanın münaqişə ilə bağlı vasitəçi ölkə olduğunu xatırladaraq XİN-də keçirilən məsləhətləşmələrdə bu məsələyə də toxunulduğunu vurğulayıb: "Rusiya bu məsələni yaxşı anlayır. Müxtəlif səviyyədə görüşlər keçirilir. Biz müsbət nəticə verən görüşləri dəstəkləyirik".
"Rusiya ilə Azərbaycan Xarici İşlər nazirlikləri arasında fəaliyyət planı mövcuddur və bu plana əsasən iki ölkə XİN-ləri arasında intensiv məsləhətləşmələr aparılır". Bunu məsləhətləşmələrin yekunları barədə danışan Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, informasiya sahəsində aparılan məsləhətləşmələr konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib: "Media ilə iş, sosial şəbəkələr, rəqəmsal diplomatiya sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik".
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Rusiya jurnalistlərinin Azərbaycanda və əksinə, Azərbaycan media nümayəndələrinin Rusiyada fəaliyyətinin asanlaşdırılması üçün fikir mübadiləsi aparılıb və bu məsləhətləşmələri intensivləşdirmək barədə qərar qəbul olunub: "Bəzən anti-Azərbaycan kampaniyası aparılır və bununla nəsə etmək lazımdır. Azərbaycanın və Rusiyanın iştirak etdiyi beynəlxalq təşkilatlarda mənfi və destrukriv tendensiyaya qarşı mübarizə aparmaq üçün alətlər mövcuddur".