“Kaspişikin misssiyasının genişləndirilməsinə ehtiyac qalmayacaq” Siyasət

“Kaspişikin misssiyasının genişləndirilməsinə ehtiyac qalmayacaq”

"Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bir neçə vacib məqam var. Bu vacib məqamlardan biri - bütün dünya gördü ki, Nikol Paşinyan sabit mövqeyi olmayan adamdır. Hər kəs cənab İlham Əliyevi də çox gözəl tanıyır. Bilirlər ki, onun davranış manevrası və siyasi xarakteri necədir. Hamı başa düşdü ki, İlham Əliyev yaranmış vəziyyətdən necə lazımdırsa istifadə edəcək". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, əksər dünya liderlərinin gözündə, beynəlxalq ictimaiyyətin gözündə Paşinyan İlham Əliyev tərəfindən idarə olunan bir dövlət başçısı kimi qəbul olunacaq: "Diqqət çəkməli məsələlərdən biri də ATƏT-in Minsk Qrupunun sıradan çıxması məsələsidir. Yəni Azərbaycanın və Ermənistanın baş naziri arasında birbaşa əlaqə olacaqsa, deməli bu elə etimad tədbiridir. Belə bir məqamda Anjey Kaspişikin misssiyasının genişləndirməsinə, qoşunların təmas xəttində o insidentlərin tədqiqi mexanizminin qurulmasına ehtiyac qalmayacaq. ATƏT-in Minsk Qrupu təxminən 2014-cü ildən etibarən qoşunların təmas xəttində insident mexanizmlərinin qurulması üzərində çox ciddi işləyirdi. 2016-cı ilin aprel döyüşlərindən sonra isə onun üzərində lap ciddi işlədi. İndi birdən-birə bəlli oldu ki, Paşinyan etimad tədbirini dəyişdirir. Yəni Kaspişikin missiyasının və qoşunların təmas xəttində insidentlərin tədqiqi mexanizmlərinin qurulması əvəzinə birbaşa otağına telefon qoydurur. Hansı ki, o telefona yarım saat ərzində Azərbaycan Prezidenti İlham Əliyev cavab verə bilər və yaxud da cənab İlham Əliyevin zənginə yarım saat ərzində Nikol Paşinyan cavab verəcək. Bu iki məsələ ən vacib məqamlardır.
Ermənilər dildə və təbliğatda çox şey deyə bilərlər. Amma bəlli oldu ki, onların şüurunda Azərbaycan güclü xalqdır, dövlətdir. Ən diqqət çəkən məsələlərdən biri Ermənistanın daxilinə təsiridir. Yəni gördülər ki, Paşinyan cənab İlham Əliyevə nə lazımdırsa onları dedi. Burada əlavə məsələlər də var. Bu razılaşma MDB-nın Düşənbə Sammiti çərçivəsində oldu. Bu razılaşmadan öncə Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Görünür Paşinyana Putin təzyiq edib. Eləcə də Putin Bakıya səfər etdi və Azərbaycan Prezidentinə yüksək səviyyədə münasibəti var idi".