“241 manat pensiya həddindən artıq azdır” Siyasət

“241 manat pensiya həddindən artıq azdır”

Qüdrət Həsənquliyev: "11 min manatlıq birdəfəlik yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq hər bir şəhid ailəsinə verilməlidir"

"Bu gün biz büdcəni müzakirə edirik. Təəssüf ki, vaxt azdır. 5 dəqiqə ərzində bu qədər geniş bir maliyyə sənədi haqqında əhatəli danışmaq mümkün deyil. Amma hər halda çalışacağam ki, hökumət üzvlərinin diqqətini bəzi məsələlərə cəlb edim."
Bu fikirləri Milli Məclisin dünən keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri qeyd edib ki, müəyyən sosial təbəqə və qrupların problemlərinə bir dövlət və cəmiyyət olaraq diqqətlə yanaşmalıyıq: "Onlara olan münasibət cəmiyyətimizin nə dərəcədə sağlam və mədəni olmasını şərtləndirir. Buna görə də ilk növbədə şəhid ailələrinə Prezidentin fərmanına uyğn olaraq verilən 11 min manatlıq birdəfəlik yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq hər bir şəhid ailəsinə verilməlidir. Bu gün səhər 96 şəhid ailəsi məktubla mənə müraciət edib və xahiş ediblər ki, onların müraciətlərini hökumət üzvlərinin diqqətinə çatdıraq. Hesab edirəm ki hökumət hər il şəhid ailələrinə ən azı 1000, 2000 manat bu tipli yardımlar edə bilər. Allaha şükür buna imkanımız var". BAXCP sədrinin toxunduğu digər bir məsələ şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil tikintisi ilə bağlı olub: "Bu məqsədlə 45, 5 milyon manat vəsait ayrılıb. Eyni zamanda qaçqınlar üçün mənzil tikintisinə 200 milyon manat vəsait ayrılıb. Təqribən bunların ikisi qədər 244,4 milyon manat tıkcə idman obyektlərinin tikintisinə vəsait ayrılıb. Mən hər dəfə bu məsələni qaldırıram ki, hökumət üçün prioritet nədir? Uzun illər mənzil növbəsində dayanan insanlar – onların çoxu yaşa dolub də mənzillə təmin oluna bilməyiblər, yoxsa yeni idman obyektlərinin tikintisi? İnvestisiya proqramı çərçivəsində gələn il 114 obyektin təhvil verilməsi nəzərdə tutulur ki, bunların 60-ı da yeni obyektdir. Mən hesab edirəm ki, orada müəyyən ixtisarlar aparılmalıdır və bu vəsaitlər ən azı 2 və ya 3 dəfə artırılmalıdır ki, qısa müddətdə biz nəhayət ki, bu insanları mənzillə təmin edə bilək. Digər bir məsələ pensiyalarla bağlıdır. Gələn il nəzərdə tutulur ki, ölkədə pensiya 241, orta aylıq əmək haqqı isə 641 manat olacaq. Keçən dəfə mən məsələ qaldırdım ki, pensiyanın həddi orta aylıq əmək haqqının ən azı 80 faizinədək qaldırılsın. Hörmətli Samir Şərifov söylədi ki, dünyada bu 60 faizidr. Yaxşı, heç olmasa bunu 60 faiz həddinə çatdıraq. Ona görə ki, 241 manat pensiya həddindən artıq azdır. Digər bir məsələ orta məktəb müəllimlərinin əmək haqqı ilə bağlı məsələdir. Ona görə ki, repititorluq Azərbaycanda sosial gərginlik yaradan bir məsələdir. Ona görə ki, aztəminatlı ailələr uşaqlarını oxutmaq üçün onlara xeyli pul xərcləyirlər. Əlbəttə, Ceyhun Bayramovun təhsil sistemində gördüyü işi yüksək qiymətləndirirəm. Amma hesab edirəm ki, orta məktəbin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ali məktəblərə qəbul həyata keçirilməlidir və bu halda biz repititorluğun qarşısını ala bilərik. Həmçinin xeyli dərəcədə insanların mənzil şəraitini yaxşılaşdıra bilərik".
Qüdrət Həsənquliyev büdcə vəsaitlərinin çox az və bu səbəbdən bölüşdürülməsinin də xeyli dərəcədə çətin olduğunu bildirib: "Bunun üçün biz iqtisadiyyatın inkişaf tempinin artmasına nail olmalıyıq. Əlbəttə vergi siyasətində son zamanlar islahatlar aparılır. Doğurdan da çox təqdirəlayiqdir. Amma iqtisadiyyatı inkişaf etdirmək üçün ilk növbədə iqtisadiyyata investisiya qoyulmalıdır. Dövlət investisiyaları hesabına biz iqtisadiyyatın artım tempini yüksək səviyyəyə qaldıra bilməyəcəyik. Onun görə də, hesab edirəm ki, Azərbaycanda Neft Fondundan böyük məbləqdə vəsait gətirilməli və yerli banklarda saxlanılmalıdır.Yerli banklarda saxlanılısa bu həm bankların fəaliyyətinə öz töhfəsini verər, həm də düşünürəm ki, sahibkarların ucuz kreditlərə çıxışına nail ola bilərik. Əlbəttə bu gün ölkədə manatın kursu sabitləşib. Bu müsbət haldır. Duinq biznesi üzrə Dünya Bankının hesabatına görə, biz arttıq 57-ci yerdən 25-ci yerə gəlmişik. Amma ölkəyə ciddi surətdə kapital qoyulmayacaqsa, düşünürəm ki, bunlar yetərli deyil. Başqa çox mühüm bir məsələ hesab edirəm ki, bu həm də Naxçıvanla bağlı olan məsələdir. Vaxtım azalır, yəqin ki, mən bu barədə gələn dəfə danışacağam. Naxçıvanın öz gəlirləri hesabına büdcəsinin çox az hissəsini - 21 faizini ödəyir. Biz bilirik ki, Azərbaycan Respublikasının presidenti demişdi ki, biz yerli icra başçılarının fəaliyyətin qiymət verəcəyik. Həmin rayonlara qoyulan investisiyalara görə, orada inkişaf səviyyəsinə görə. Amma hər il Naxçıvana dotasiyanı artırırıq və bu dotasiya hesabına orada bu vəsaitlər xərclənir. Amma iqtisadiyyatın durumu heç də ürəkaçan deyil. Ona görə də yəqin ki mən ikinci oxunuşda bu məsələyə diqqət yetirəcəyəm".