“Ermənistanda bu gün xaotik durum mövcuddur” Siyasət

“Ermənistanda bu gün xaotik durum mövcuddur”

Fəzail Ağamalı: "Paşinyan, faktiki olaraq Köçəryan və Sarkisyanın yoluyla gedir"


"Əslində bu gün Ermənistanda alt qatda qalan və üzə çıxması gözlənilən daha ciddi problemlər özünü bu və ya digər şəkildə göstərməkdədir. Onlardan da biri 2016-cı il aprel döyüşlərində əlil olan şəxslərin Ermənistan dövlətindən yardım istəməsidir". Bunu millət vəkili Fəzail Ağamalı Ermənistanda aprel döyüşlərinin iştirakçılarının hökumət əleyhinə mitinq keçirməsinə münasibət bildirərkən deyib. F.Ağamalı bildirib ki, zaman keçdikcə Ermənistanda hər şey üzə çıxır: "Ermənistanda bu gün siyasi vəziyyət gərgindir və xaotik bir durum mövcuddur. Sarkisyanın xalqa qarşı cinayətkar siyasətindən istifadə edib meydandan hakimiyyətə gələn Paşinyan, faktiki olaraq Köçəryan və Sarkisyanın yoluyla gedir. Lakin xalqın diqqətini cəlb etmək üçün müxtəlif xarakterli populist çıxışlar da edir. Bundan istifadə edib Sarkiysan rejiminə qarşı cinayət işinin açılmasına da müvəffəq olur. Əslində bu gün Ermənistanda alt qatda qalan və üzə çıxması gözlənilən daha ciddi problemlər özünü bu və ya digər şəkildə göstərməkdədir. Onlardan da biri 2016-cı il aprel döyüşlərində əlil olan şəxslərin bu gün Ermənistan dövlətindən yardım istəməsidir. Bundan öncə əmək haqlarını ala bilmədikləri üçün dəmiryolçuların da tətili başlamışdı. Bir çox müəssisələr bağlanıb və işsizlik getdikcə artır. Bu Ermənistanın bizə bəlli olan xırda detallarıdır. Ermənistan məhz Azərbaycan dövlətinin müdrik siyasəti nəticəsində çökmək üzrədir. Qardaş Türkiyə tərəfindən onların blokadada saxlanılması, Azərbaycanın müəllifi olduğu transmilli layihələrdən Ermənistanın kənarda qalması və özünün təbii sərvətlərə malik olmaması, insanların kütləvi şəkildə ölkəni tərk etməsi Ermənistanı çökdürməkdədir. Ona görə də Ermənistanın bundan sonra vəziyyəti daha da ağır olacaq və Rusiya tərəfindən ciddi şəkildə cəzalandırlacaq. Zaman keçdikcə Ermənistan Qərbin, xüsusi olaraq Amerikanın tapşırıqlarına uyğun hərək edəcək. Bu yaxında Ermənistan banklarında İran vətəndaşlarının hesablarının dondurulması və burada İran banklarının fəaliyyətinin dayandırlması da məhz ABŞ-ın İrana qarşı tədbiq etdiyi sanksiyaların tərkib hissəsidir. Bu bir tərəfdən İranın narazılığına səbəb olacaqdır, ikinci tərəfdən də Ermənistanın ABŞ-a meyl etməsi Rusiya tərəfindən bağışlanmayacaqdır. Ermənistan ciddi təzyiqlərə məruz qalacaqdır. Mənə elə gəlir ki, Ermənistanda dekabrın 9-da keçiriləcək seçkilər də o qədər asan olmayacaq. Seçkilərdə Paşinyan seçilərsə, onun konkret xəttini görəcəyik. Qısa zaman kəsiyində Ermənistanda gedən proseslərin iç üzünün şahidi olacağıq".