“Bu, Ermənistanın Qafqaz regionunda təklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir” Siyasət

“Bu, Ermənistanın Qafqaz regionunda təklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir”

Zeynal Əmirəliyev: "Silahlı qruplaşmalarla mübarizə aparmaq üçün hərbi əməkdaşlıq xüsusi önəm daşıyır"

"Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun noyabrın 27-də Bakıda Prezident İlham Əliyevlə görüşünün fotolarından da görünür ki, görüş olduqca səmimi keçib". Bunu siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O qeyd edib ki, görüşdə Azərbaycan tərəfdən dövlət başçısı ilə bərabər Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi Fuad Ələsgərov və iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edib. Bu isə o deməkdir ki, görüşün əsas müzakirə mövzusu hərbi və iqtisadi məsələlər olub. Z.Əmrəliyev bildirib ki, Azərbaycanın Rusiyanın federal subyektləri ilə sıx əlaqələr qurması vacib məsələlərdəndir: "Bu, Ermənistanın Qafqaz regionunda təklənməsi, onun "Qafqaz evi"ndən kənarda saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir. Silahlı qruplaşmalarla mübarizə aparmaq üçün hərbi əməkdaşlıq xüsusi önəm kəsb edir.
Şimali Qafqazda sülh və təhlükəsizliyin olması ölkəmiz üçün son dərəcə vacibdir. Çünki bu ərazidən Azərbaycana məxsus xeyli sayda yük maşını keçərək Rusiyanın digər regionlarına doğru irəliləyir. Həmçinin bu ərazilərdə xeyli soydaşımız çalışır.
Bundan əlavə, Şimali Qafqazda gərgin vəziyyət Şimal rayonlarımız üçün təhlükə mənbəyi deməkdir. Biz bunu "Meşə qardaşları" terror təşkilatının timsalında görmüşük".
Siyasi şərhçi Azərbaycanla Rusiyanın federal subyektləri arasında iqtisadi əlaqələrin xüsusi önəmə sahib olduğunu vurğulayıb:
"Azərbaycanlı iş adamları üçün bu region sərfəli bazar rolunu oynayır. Xüsusilə Çeçenistan müharibədən sonra iqtisadiyyatını dirçəldir, infrastruktur lahiyələrini yenidən qurur. Azərbaycan bu layihələrdə iştirakdan nəyə görə kənarda qalsın?!
Bu subyektlərlə yeni iqtisadi layihələrin həyata keçirilməsi faydalı ola bilər. Rusiya dövləti hazırda Şimali Qafqazın iqtisadi cəhətdən dirçəlməsində, mərkəzi hökumətə çox da yük olmamasında, öz-özünü təmin etməsində maraqlıdır. Buna görə ora sərmayə qoyan iş adamlarının xeyli gəlir əldə edəcəyi fikrindəyəm.
Digər tərəfdən, ali məktəblərimiz həmin bölgələrdə öz filiallarını aça bilərlər. Bu, onlara böyük miqdarda qazanc gətirə bilər. Artıq UNEC-in Dağıstanın Dərbənd şəhəridə filialı var və uzun müddətdir çox uğurlu şəkildə fəaliyyət göstərir. Hətta həmin ölkənin nüfuzlu ali məktəblərindən hesab olunur"