“Qarşıdurmanın daha da dərinləşməsi...” Siyasət

“Qarşıdurmanın daha da dərinləşməsi...”

Hikmət Babaoğlu: "Şərqi Avropa və Baltikyanı regionda da ciddi fəsadlara gətirib çıxara bilər"

"Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik hər şeydən öncə iki ölkənin maraqları baxımından heç birinə yaxşı nə isə vəd etmir. Çünki bu münasibətlərin pozulması böyük bir geoiqtisadi və geosiyasi rayonda qarşılıqlı inteqrasiyanı iflic etməklə ümumi inkişaf tempinə də zərbə vurur. Ancaq bu da məsələnin hamısı deyil". Bunu deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, bu qarşıdurmanın daha da dərinləşməsi və qaynar münaqişə halına keçməsi bütövlükdə Şərqi Avropa və Baltikyanı regionda da ciddi fəsadlara gətirib çıxara bilər: "Bu da arzuolunan hal deyil. Bizim regiona gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycanın hər iki ölkə ilə dərin hərbi-siyasi və strateji əməkdaşlıq səviyyəsində olan münasibətləri var. Bu münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsi milli maraqlarımıza uyğundur. Ona görə də regionda sülh və sabitlik nə qədər dərin olarsa qarşılıqlı inteqrasiya və tərəfdaşlıq da bir o qədər yaxşı inkişaf etmiş olar. Ancaq məsələ ondadır ki, bunu istəməyən imperialist mərkəzlər var və 2014-cü il Krım hadisələrindən sonra Ukraynanın şərqində baş verən hərbi-siyasi qarşıdurmanı bir qədər də dərinləşdirməyə nail oldular".
Deputat qeyd edib ki, imperialist mərkəzlərin məqsədi Ukraynanı Şərqi Avropa və postsovet məkanının Suriyasına çevirməkdir: "Bu isə o deməkdir ki, Rusiya-Ukrayna qarşıdurmasının 10 illiklər boyu sürməsi üçün xüsusi geostrateji layihə hazırlanıb və həyata keçirilir. Nəticə isə heç bir halda nə Ukraynanın, nə də Rusiyanın xeyrinə olacaq. Ona görə də iki ölkə problemi nə qədər tez həll etməyi bacarsa bir o qədər yaxşı olardı. Ancaq təəssüf ki, hadisələrin inkişafı heç bir optimist fikir söyləməyə əsas vermir. Ərazi ilhaqı ilə nəticələnən heç bir konflikt isə Azərbaycanın lehinə deyil və pis bir nümunədir. Çünki bizim də torpaqlarımız Ermənistan tərəfindən işğal edilibdir. Postsovet məkanında sülh və sabitlik bərqərar olmalıdır. Bunun üçünsə ilk növbədə işğal faktı aradan qaldırılmalıdır. Yeni konfliktlərin yaranması isə bu perspektivlərə mənfi təsir göstərir".