“Gülənin Türkiyəyə sağ-salamat veriləcəyinə şübhə ilə yanaşıram” Siyasət

“Gülənin Türkiyəyə sağ-salamat veriləcəyinə şübhə ilə yanaşıram”

"FETÖ lideri Fətullah Gülənin ekstradisiya edilməsi Türkiyə və ABŞ arasında gedən danışıqlarda ciddi müzakirə mövzusudur. Məlumdur ki, Türkiyə Fətullah Güləni 2016-cı ildə dövlət çevrilişinə cəhd etməkdə ittiham edir, Türkiyə dövlətinə xəyanətdə günahlandırır". Bunu ABŞ-da yaşayan FETÖ liderinin Türkiyəyə təhvil verilməsi ehtimalını şərh edərkən politoloq Elşən Manafov deyib. Fətullah Gülənin ABŞ-da Pentaqon yaxınlığında yaşadığını vurğulayan politoloq onun 25 milyard dollara yaxın varidatının olduğu iddiasının da yayıldığına diqqət çəkib:
"Gülənin təkcə Türkiyədə yox, MDB məkanında da nüfuz dairəsi mövcud idi. Gülənin ayrı-ayrı ölkələrin siyasi elitalarına təsir imkanlarının olması barədə, məlumatlar var. Azərbaycanda da, rəsmi Bakının müdaxiləsindən sonra burada gülənçilərlə bağlı bir sıra institutların fəaliyyətinə xitam verildi, Gülənə bağlı olan şəxslər dövlət strukturlarından uzaqlaşdırıldı.
Bu, onu göstərir ki, Fətullah Gülən təkcə Türkiyə üçün yox, bir sıra türkdilli dövlətlər üçün də ciddi təhlükə idi. Bu təhlükənin aradan qaldırılması üçün də, türkdilli ölkələr ümumi maraqlardan çıxış etdi".
ABŞ-ın Fətullah Güləni Türkiyəyə təhvil verəcəyi ilə bağlı ehtimala gəlincə, Elşən Manafov qeyd edib ki, bununla bağlı vaxtilə tərəflər arasında razılaşmalar əldə edilib: "Amma ABŞ tərəfi bu və digər amillərə istinad edərək, hər dəfə Gülənin ekstradisiyası ilə bağlı məsələnin üzərindən sükutla keçir. Bir tərəfdən isə Donald Tramp Ərdoğanla sonuncu görüşündə bildirdi ki, o, Gülənin ekstradisiyası prosesinin sürətləndirilməsinin tərəfdarıdır və Ədliyyə Nazirliyinə bununla bağlı tələbi olacaq. Amma hələlik ABŞ Ədliyyə Nazirliyinin bununla bağlı konkret mövqeyi yoxdur, Gülən Ankaraya təhvil verilməyib.
Fətullah Gülənin isə ABŞ-ın xüsusi xidmət orqanlarına bağlı şəxs olduğunu bilirik. Buna görə də, Gülənin təhvil verilməsi, ABŞ xüsusi xidmət orqanları ilə bağlı bir sıra sirlərin Türkiyəyə ötürülməsi olardı. Bu baxımdan, Fətullah Gülənin Türkiyəyə sağ veriləcəyinə inanmıram. Gülənin "məxfi dünya hökuməti" və masonlarla gizli əlaqələri barədə məlumatlar sızır. Belə dərin əlaqələrə və məxfi məlumatlara sahib olan bir şəxsin Türkiyəyə verilməsi, bir sıra geosiyasi məsələlərə aydınlıq gətirə bilər. Buna görə də, onun Türkiyəyə sağ-salamat veriləcəyinə şübhə ilə yanaşıram".