Ermənilərin “azərbaycanlı diversant”oyunu Siyasət

Ermənilərin “azərbaycanlı diversant”oyunu

Tərlan Eyvazov: "Onların diversant olduqlarına heç ermənilərin özü də inanmırlar"

Cavid

Ermənilərin "azərbaycanlı diversant" kimi həbs etdikləri Kləbəcər sakinlərinin (Dilqəm Əhmədovla birlikdə girov götürülən Şahbaz Quliyev) sonrakı təlaeyi medianın aktual mövzularından birinə çevrilib. Təbii ki, bu mövzu ilk dəfə erməni mətbuatında aktallışıb. Ermənilər "azarbaycanlı diversant" adlandırdıqları mülki azərbaycanlılarla hərbi əsirlər kimi davranmayacaqlarını bəyanlayıblar. Təbii ki, bu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatıdır. Bununla da işğalçı dövlət Azərbaycan tərəfindədn də Ermənistana "diversant" ixracını gündəmə gətirmək niyyətindədir. Bu planın həyata keçirmək cəhdi ermənilərin acizliyi və qorxaqlığından irəli gəlir. "Azərbaycanlı dversantlar"ın həbsindən sonra rəsmi İrəvan onlarla bağlı təzadlı və maraqlı fikirlər irəli sürür. Ermənistan Müdafiə Nazirliyinin bəyanatından məlum olur ki, işğalçı ölkə Azərbaycanın işğal altındakı ərazilərində əsir aldıqları iki mülki azərbaycanlıya divan tutmağa hazırlaşırlar və onlarla hərbi əsirlər kimi davranmaq niyyətində deyillər. Bu isə əsir götürülən azərbaycanlıların dəyişdirilməsi və indiyədək Azərbaycan tərəfinin etdiyi kimi geri qaytarılmasını istisna edir. Bu da Azərbaycana qarşı açıq şəkildə meydan oxumaqdır və rəsmi Bakı Ermənistanın bu azğınlığına dərhal adekvat cavab verməlidir. Bunun özü də beynəlxalq hüquq normalarına ziddir. Azərbaycan bəyan edə bilər ki, Azərbaycanın işğal altındakı ərazilərinə keçmiş iki mülki şəxsi "cinayətkar" elan etmək beynəlxalq normaların kobud şəkildə pozulmasıdır. Çünki bu şəxslər hətta silahlı olsalar belə Azərbaycan ərazisində işğalçı qüvvələr tərəfindən tutulublar, deməli, hərbi əsir sayılırlar. İkincisi, Azərbaycanın əlində bir neçə erməni mülki şəxs və hərbi əsir var. Rəsmi Bakı xəbərdarlıq etməlidir ki, Ermənistan iki mülki şəxsə qarşı əsir və girov götürülmüş şəxs kimi davranmasa, Azərbaycanda saxlanılan əsir və girov ermənilərin sonrakı taleyinə görə məsuliyyət daşıyacaq. Beynəlxalq qurumlara da bu haqda rəsmi məlumat verməliyik, Yoxsa erməni tərəfi "azərbaycanlı diversantlar"la pis rəftar edə bilərlər.
Ermənistan Silahlı Qüvvələri tərəfindən doğma yurdu olan Kəlbəcərdə girov götürülən Dilqəm Əhmədovla bağlı yeni fakt əldə edilib. Kəlbəcər rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda erməni girovluğunda olan soydaşımız əslən Kəlbəcər rayonundan olsa da, Rusiya vətəndaşıdır. İH-dan deyilib ki, Dilqəm Əhmədovla birlikdə girov götürülən Şahbaz Quliyev isə Tərtər rayon sakinidir.
Yazıçı-publisist, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Elçin Hüseynbəyli 2010-cu ildə yazdığı "Gözlərinə gün düşür" hekayəsindəki hadisələrin sanki bu gün baş verdiyini vurğulayıb: "Demirəm ki, hekayəm öncə görümdür, uzaqgörən yazıçı fəhmidir. Bu reallıq və gerçəklikdir ki, insanlar doğulduqları yerdə ölməlidirlər. İndi bu müharibə şəraitində olmalıdırmı, gedib döyüşməlidirlərmi, ya düşməni öldürüb yerlərinə qayıdıb öz əcəlləri ilə ölməlidirlər, yaxud da ki, bax belə xırda dəstələr halında, fərd halında qurbanmı getməlidirlər. Hekayəm bir yazıçı təxəyyülünün məhsuldur. Amma oradakı hadisələr bu gün baş verir. Mənim də qəhrəmanım, işğal altında olan torpaqlarımıza getmişdi və atasının məzarı üstündə vəfat etmişdi".
Yazıçının fikrincə, bütün qaçqın və məcburi köçkün olmaq eyni hissləri yaşamaqdır: "Talelər eynidir, insanları birləşdirən, eyni hissləri yaşadan bir situasiyadır. Münaqişə hər-hansı bir yolla həll olunmalıdır. İstər güzəştli, istərsə də müharibə yolu ilə. Atəşkəsin üstündən 20 il keçib və bu istiqamətdə, yəni torpaqlarımızın geri qaytarılması istiqamətində irəliləyiş yoxdur. Danışıqlar hələ ki, bir nəticə verməyib. Ermənistan öz işğalçı siyasətini davam etdirir.
Torpaqlarımız işğal altındadır, insanlarımız öz yerindən, yurdundan ötrü darıxırlar. Ora qayıtmaq istəyirlər demək olar ki o yerlərlə yaşayırlar. Ona görə də bu cür hadisələr baş verməlidir".
Politoloq Fərhad Mehdiyev isə deyib ki, ermənilərin həbs etdikləri azərbaycanlılar öz qanuni haqlarından istifadə ediblər: "Ermənilərin həyasızcasına həbs edərək pis rəftara məruz qoyduqları, Dilqəm Əhmədov və Şahbaz Quliyevin, beynəlxalq hüquq tərəfindən Azərbaycan torpağı olan Kəlbəcərə getmələri tamamilə legitim və qanunidir. Azərbaycan qanunvericiliyin heç bir bəndində bizim vətəndaşlara işğal edilmiş ərazilərə getməyi qadağan edən norma mövcud deyil. Onları tutmaqla ermənilər AİHK 3-cü və 5-ci maddələrini pozublar".
Politoloq bildirib ki, əslində başqasının danasını götürmək qeyri-qanunidir: "Lakin onları Azərbaycan dövləti müsadirə edə bilər. Çünki Kəlbəcərə ermənilər yerləşə bilməz. Onların orada mal-qara sahibi olmaları da qanunsuzdur. Gərək dövlət bu iki şəxsə işğal altında olan ərazilərdə yanında sahibi olmayan mal-qaranı götürmə səlahiyyətini versin. Digər tərəfdən, onların bu əməli son zərurət halı kimi də qiymətləndirilə bilər".
"Erməni rəsmiləri və mətbuatı tərəfindən diversant qrupu kimi qələmə verilən, birisinin öldürüldüyü ikisini isə əsir götürüldüyü deyilən Azərbaycan vətəndaşları Kəlbəcər sakinlərinin haqqında istər erməni saytlarının, istərsə də Azərbaycan rəsmi orqanlarının məlumatlarını ciddi təhlil etdikdən sonra aydın olur ki, bu insanlar erməni rəsmilərinin dediyi kimi hərbiçi-diversant yox, mülkü vətəndaşlardır". Bu fikri isə "Qorqud" Araşdırmalar Mərkəzinin sədri, ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı Tərlan Eyvazov bildirib.
"Eləcə də onların şəxsi telefonlarıda çəkmiş olduqları görüntülərdən və danışıqlarından buraya yalnız öz dədə-baba torpaqlarına baş çəkməyə gəldikləri tamamən aydın olur. Silahdan da yalnız iri qəssab bıçaqları var. Heç bir odlu silah yoxdur. Kəlbəcər sakinlərinin ikisinin yaşlı olmasıda onların hərbiçi olmadığı qənaətini bir daha gücləndirir. Bu insanlar öz kəndlərinə baş çəkməyə gəliblər, onlar heç bir dövlət sərhəddini keçməyiblər. Ermənistan ərazində deyil, Azərbaycan ərazisində olarkən bu yerləri işğal edən, amma bunu etiraf etməyən Ermənistan Respublikasının hərbi birləşmələri tərəfindən girov götürülüblər. Girovlar Şahbaz Quliyev və Dilqəm Əhmədovun özlərini etiraflarına görə, onlar buralara dəfələrlə gəlib gediblər. İndi sual olunur, axı bu vətəndaşları öz vətənlərindən didərgin salan ermənil hərbi qüvvələri hansı haqla onları girov götürürlər?" - deyən ekspert sualla müraciət edib: "Bu insanlar hansı qanunla mühakimə ediləcəklər? Bu torpaqlar bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Müvafiq beynəlxalq qurumlar bu ərazinin erməni işğalına məruz qaldığını rəsmi qətnamələrlə təsdiq ediblər. Məsələnin digər tərəfi isə yenə də özümüz olaraq, ictimaiyyət, media və s. kimi qurumlar olaraq bu olaya biganə qalmağımızdır. Bu ilin əvvəlində Ermənistan tərəfindən Tovuz rayonu ərazisinə keçən erməni vətəndaşı Xocayanın tutularaq araşdırılmaq üçün müvafiq orqanlar tərəfindən saxlanılması nəinki Ermənistanda, bizim mətbuatımızda, sosilal şəbəkələrdə ən çox diqqət yetirilən mövzu oldu. Əksər fikir də bundan ibarət idi ki, niyə belə bir xəstə qocanı tutub saxlamışıq. Nəticədə isə bu qocaya tibbi yardım göstərildi, çox qısa müddətdən,araşdırma başa çatdıqdan sonra isə ölkəsinə təhvil verildi. İndi isə bu hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq elə bir ajotaj yoxdur. Xocayan düşmən bir ölkədən bizim ərazimizə gəlmişdi. Bu insanlar isə bizim ərazimiz kimi tanınan öz doğulduqları kəndlərinə baş çəkməyə gediblər. Bu isə onların birinci növbədə vətəndaş hüququdur. Bütün faktlara diqqət yetirərək tam məsuliyyətlə bildirmək olar ki, onlar hərbiçi deyillər və silahlı münaqişə törətməyiblər. Bəli, erməni tərəfi əlbəttə onların o əraziyə məhz hərbi məqsədlərlə gəldiyini sübut etməyə çalışacaq. Çünki əks halda bu mülki sakinləri azad etməyə məcburdu. Amma onların diversant olduqlarına heç ermənilərin özü də inanmırlar".