Heç dəyişməyiblər... Siyasət

Heç dəyişməyiblər...

Sərdar Cəlaloğlu: "AXCP üzvləri elə başa düşürlər ki, Azərbaycan tarixi Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır"

"Vaxtilə Leyla Yunusu AXC-dən necə alqışlarla qovmuşdularsa, bu gün də həmin alqışlarla qarşılayırdılar"

"Bu insanlar elə başa düşürlər ki, Azərbaycan tarixi Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır. Mən öz fikrimi deyəndə isə fitə basdılar, ayaqlarını yerə döydülər. Məni zaldan qovdular".
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Qeyd edək ki, AXCP-nin Azərbaycan Xalq Cəbhəsinin (AXC) 25 illiyi münasibətilə keçirdiyi tədbirdə Sərdar Cəlaloğlunun çıxışına imkan verilməyib və o, zalı tərk edib.
Sərdar Cəlaloğlu isə buna münasibət bildirərək qeyd edib ki, AXCP son 25 ildə heç bir dəyişikliyə məruz qalmayıb: "Mən çıxışımın əvvəlində qeyd etdim ki, vaxtilə Leyla Yunusu AXC-dən necə alqışlarla qovmuşdularsa, bu gün də həmin alqışlarla qarşılayırdılar. Amma, görünür, tələsmişəm, AXCP heç dəyişməyib, əvvəlki qaragüruhdur. Mən orda Azərbaycan dövlətçilik tarixinin qədim köklərə malik olduğunu, Şah İsmayıl Xətaiyə, Nadir şahla bağlı olduğunu dedim. Amma bu insanlar elə başa düşürlər ki, Azərbaycan xalqı 20 ildir mövcuddur. Elə bil, bu tarix Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır. İmkan vermədilər ki, mən sözümü axıra çatdırım. Bu onu göstərir ki, insanları hissləri ilə idarə edirlər, nəinki ağılları ilə".