Jirinovski: “Rusiya Azərbaycana böyük diqqət ayırmalıdır” Siyasət

Jirinovski: “Rusiya Azərbaycana böyük diqqət ayırmalıdır”

Aydın Mirzəzadə: "Bir azərbaycan oğlu kimi Jirinovskini ölkəmizlə bağlı söylədiklərini unuda bilmirəm"

Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib. O, qeyd edib ki, real müsbət nümunə var: "Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib". Rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib. O, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevi yüksək qiymətləndirib və onu dahi azərbaycanlı adlandırıb. Jurnalistin sualını cavablandıran RLDP lideri Azərbaycanın pespektivdə Gömrük İttifaqına daxil olma ehtimalını istisna etməyib.
Jirinovski qeyd edib ki, Azərbaycan və Rusiya rəhbərləri və hökumət üzvləri arasında əla münasibətlər var. Onun fikrincə, Rusiya müsəlman ölkəsi olan Azərbaycana böyük diqqət ayırmalıdır, belə ki, bu, yekunda Türkiyə və İranla əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.
Jirinovski həmçinin bildirib ki, bir çox digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda rus dilinə hörmətlə yanaşırlar. Ölkədə 400 rus məktəbi, rus teatrı, universiteti fəaliyyət göstərir: "Həmişə pis şeylər haqqında danışmaq lazım deyil, çünki Azərbaycan var!". Rus siyasətçi rusiyalı turistləri Azərbaycan kurortlarına səfər etməyə çağırıb: "Azərbaycan antirus partiyanın olmadığı yeganə ölkədir. Bu, sözün əsl mənasında dost ölkə deməkdir".
Jrinovskinin bu açıqlaması, onun Azərbaycana münasibətdə mövqeyini birdən birə 180 dərəcə dəyişməsi gözlənilməz olub.
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsiyə təşəkkür edib. Novruz Məmmədov bu barədə öz "Twitter" səhifəsində yazıb: "Ümummilli lider və prezident İlham Əliyev haqqında "Rossiya 24"-də dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm", - deyə Novruz Məmmədov qeyd edib.
O, RBK telekanalının jurnalistlərinə "Rossiya 24"-da çalışan həmkarlarından dərs almağı da tövsiyə edib: "RBK kanalında bəzi jurnalistlər "Rossiya 24"-ə baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var. Amma görünür ki, RBK-nın bəzi jurnalistləri dövlət maraqları ilə öz maraqlarını tez-tez səhv salırlar".
Xatırladaq ki, Novruz Məmmədov bundan əvvəl öz mikrobloqunda RBK-nı məkrli niyyətə xidmətdə ittiham etmişdi: "RBK iki ermənini dəvət edərək, Dağlıq Qarabağ ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır".
Politoloq Vəfa Quluzadə deyib ki, Kreml bizi vahid Gömrük İttifaqına sürükləmək istəyir. Politoloqun sözlərinə görə, Vladimir Jirinovski Kremli təmsil edir: "Elə ona görə də bu şəxs Azərbaycanı həmişə söyür və təhqir edirdi. Bununla o, Azərbaycana Kremlin münasibətini bildirirdi. İndi isə Kreml bizi bir təhər vahid Gömrük İttifaqına sürükləmək istəyir. Bu mənada da Vladimir Jirinovski Azərbaycanı tərifləyir və deyir ki, bizim sizə münasibətimiz yaxşıdır. Hesab edirəm ki, burada başqa heç nədən söhbət gedə bilməz".
"Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Azərbaycan və şəxsən prezident cənab İlham Əliyev haqqında müsbət fikirlər söyləyib. Hətta, qonağı olduğu televiziya verilişinin aparıcısı bir neçə dəfə onu "ənənəvi Jirinovski" ampluasına qaytarmağa cəhd etsə də, o təkidlə söhbəti Azərbaycanın son illərdəki inkişafı üzərinə qaytarıb", -deyən hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə qeyd edi ki, Jirinovski Ukrayna-Rusiya münasibətləri problemində isə dövlət başçımızın siyasətinin düşünülmüş olduğunu xüsusi vurğulayıb. Millət vəkili qeyd edib ki, Azərbaycanla bağlı dünya siyasətçiləri zaman-zaman müsbət fikirlər söyləyir, Prezident İlham Əliyevin siyasəti daima təqdir edilir. O, hesab edir ki, Azərbaycanın müstəqil siyasəti tək Azərbaycana deyil, regiona və dünyaya da çox lazımdır: "Ancaq Jirinovskinin fikirləri xüsusi diqqət tələb edir. Çünki, o bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya siyasətçisidir. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Dağlıq Qarabaş məsələsində Ermənistanı müdafiə edib. İndi isə o Azərbaycanın inkişafına, Prezident Əliyevin siyasətinə yüksək qiymət verir. Çünki, bunu artıq görməmək mümün deyil. Azərbaycanın son iyirmi bir ildə Rusiya ilə münasibətlərində pozitiv dinamikanı inkar etmək absurd olardı. Rusiya və Azərbaycan bir-birinə sıx bağlı olan ölkələrdir. Rusiya dövlətimizi özünün yaxın dostlarından biri kimi görə bilib. Hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşırlar və bu yaxşı nəticələr verir. Bu gün Rusiya və Azərbaycan bir-birilərinə qarşlıqlı surətdə lazımdırlar. Vladimir Jirinovski axır ki, bunu başa düşdü. Mən ona təşəkkür edə bilmirəm, bir azərbaycan oğlu kimi onun ölkəmizlə bağlı söylədiklərini unuda bilmirəm. Ancaq nəzərə alıram ki, o da Azərbaycana real qiymət verdi".
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev də Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin fikirlərinə münasibətində açıqlayıb: "Jirinovskinin bu çıxışını qiymətləndirmək olar. Baxmayaraq ki, 2008-ci ildən ALDP ilə RLDP arasında rəsmi əməkdaşlığa son qoyulsa da, istər Jirinovski, istərsə də Rusiyanın Dövlət Dumasında RLDP-ni təmsil edən deputatlarla qeyri-rəsmi görüşlərimiz, danışıqlarımız olub. Xatırlatmaq istəyirəm ki, 2004-2008 əməkdaşlıq illərində Jirinovskinin aqressiv çıxışları azalmışdı, və bəzən də müsbət fikirləri olurdu. Mən heç vaxt "düşmənimin dostu mənim düşmənimdir" fikiri ilə razılaşmamışam. Əksinə çalışmışam ki, düşmənimin dostunu özümə dost edim. Hardasa əməkdaşlıq etdimiz dövrdə bu alınırdı. Son illər qeyri-rəsmi qörüşlərdə mən çalışırdım ki, həmin xətti tutum və onu xalqımıza qarşı aqressiv münasibətdən yayındırım. Buna qismən də olsa nail olmuşam. Hər dəfə onunla görüşə gedəndə Azərbaycan həqiqətlərini əks etdirən, Qarabağ faciəsi ilə bağlı yazılan kitablar aparmışam. Dumada deputatlara paylamışam. Amma bu, o demək deyil ki, onun son çıxışı mənim bu işimin nəticəsidir. Hesab edirəm ki, Rusiyanın bizim regionda aktivləşməsi, Azərbaycana qarşı olan münasibətlərin müsbətə deyişilməsi, ABŞ-ın regionda və xüsusilə Azərbaycanda aktivliyin qarşısının alınmasının nəticəsidir ki, Jirinovski indi belə bir müsbət fikirdədir".

Əli