“Həyata keçirilən siyasətin mühüm bir hissəsi ekoloji tarazlığın təmin edilməsidir” Siyasət

“Həyata keçirilən siyasətin mühüm bir hissəsi ekoloji tarazlığın təmin edilməsidir”

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da həyata keçirilən siyasətin mühüm bir hissəsi ekoloji tarazlığın təmin edilməsidir”.
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət proqramının təqdimat mərasimində deyib.
Ə.Əhmədov bildirib ki, ekoloji dəyişiklikər bütün dünya kimi Azərbaycan cəmiyyətini də narahat edir.
Baş nazirin sözlərinə görə, YAP ekoloji problemlərin həllinə əlindən gələn dəstəyi göstərməyə çalışır.
YAP İcra katibi vurğulayıb ki, partiya 700 min ağacın əkilməsi kampaniyasını uğurla həyata keçirib:
"Ətraf mühiti qorumaq hər bir vətəndaşın vətəndaşlıq vəzifəsidir. Çünki hər kəsin təmiz hava və suya ehtiyacı var. Bunu daha geniş həyata keçirmək üçün biz nazirliklə birgə fəaliyyət həyata keçirmək təşəbbüsü irəli sürdük. Bununla biz cəmiyyətə bir ismarış veririk ki, gəlin havanın, suyun çirklənməsinin qarşısının alınmasında, ekologiyamızı təmiz saxlamaqda birgə fəaliyyət göstərək".
“Aacların kəsilməsinə bir vətəndaş kimi münasibətim kifayət qədər kəskindir”-deyən Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələlə bu məsələ ilə əlaqədar açıq və kəskin mövqeyini ifadə edib.
O vurğulayıb ki, Azərbaycan qanunvericiliyində ağacların qanunsuz kəsilməsinə görə inzibati və daha ağır tədbirlərin görülməsi nəzərdə tutulur: “Müvafiq qurumlar öz üzərlərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirməlidirlər ki, ağacların kəsilməsinə imkan verilməsin. Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri açıldıqca, müəssisələr işə salındıqca əlavə yerlər lazım olur. Amma təbii ki bunların heç biri ağacların kəsilməsi hesabına olmamalıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımdır. Hazırda geniş miqyasda ağaclar əkilir, yaşıllıq zolaqları salınır ki, havanın təmizliyi təmin edilsin".