“Bakı regional təhlükəsizliyin mərkəzidir” Siyasət

“Bakı regional təhlükəsizliyin mərkəzidir”

NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycan seçildi. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparacaq.
Xatırladaq ki, bu ilk belə görüş deyil ki, Bakıda keçirilir. Bundan öncəki illərdə də NATO-Rusiya arasında danışıqlara Bakı ev sahibliyi edib. Məsələn, 2017-ci il sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüş keçiriblər.
Bu, NATO-nun Rusiya ilə münasibətləri dondurması barədə qərarından sonra tərəflər arasında keçirilən ilk görüş kimi tarixə düşüb. Lakin bu, NATO-Rusiya danışıqları çərçivəsində Bakıda keçirilən ilk görüş deyil. Həmin ilin fevralın 16-da da paytaxt Bakı belə bir mühüm görüşə ev sahibliyi edib. O zaman Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford bir araya gəlmişdi.
Ötən il isə Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib.
Bu dəfə də məkan Bakı seçilib. Azərbaycan son dövrlər çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərə, humanitar, siyasi, iqtisadi, idman tədbirlərinə, forum və konfranslara ev sahibliyi edir, bəzilərinin isə əsas təşkilatçısı kimi çıxış edir. Buna Birinci Avropa Oyunlarını, Dördüncü İslam Həmyərliyi Oyunlarını, Bakı Beynəlxalq Humanitar Forumu, Gənclər Siyasəti üzrə Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu və digər mötəbər tədbirləri nümunə göstərmək olar.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır.
Politoloq Elxan Şahinoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, belə bir görüş artıq neçənci dəfədir ki, Bakıda kecirilir: “Bu da Azərbaycana göstərilən diqqətin nəticəsidir. Belə görüşlər Gürcüstanda, yaxud Ermənistanda keçirilə bilməz. Ona görə ki, Gürcüstanın NATO ilə münasibətləri yaxşıdır, amma Rusiya ilə yox. Ermənistanda isə vəziyyət başqadır – Rusiyanın tam nəzarətindədir və bu ölkədə tədbirin keçirilməsini NATO istəməz. Ancaq Azərbaycanın həm NATO, həm də Rusiya ilə sıx əməkdaşlığı mövcuddur. Ona görə də obyektiv səbəblərdən artıq neçənci dəfədir ki, NATO öz tədbirlərini Bakıda keçirir. Bu həm də Azərbaycanın regionda oynadığı rolla bağlıdır”.
Politoloq Mirsamir Məmmədov isə qəzetimizə açıqlamaqında qeyd edib ki, belə beynəlxalq və strateji xarakter daşıyan danışıqların Bakıda keçirilməsi paytaxtımızın uzun illərdir ki, xarici qüvvələrdən asılı olmayan öz suveren siyasətini davam etdirməsidir: “Rəsmi Bakı dünyada və regionbda balaslaşdırılan bir siyasət yürüdür. Bu bir daha sübut edir ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi, qlobal məsələlərin müzakirə olunduğu, ciddi qərarların qəbul edildiyi mühüm platforma, unikal dialoq məkanına çevrilib. Bu mənada, NATO-Rusiya görüşünün Bakıda keçirilməsi dövlətimizin nüfuzuna, beynəlxalq arenada formalaşdırdığı yüksək imicə verilən növbəti qiymət, dəyərdir”.
Politoloq qeyd edib ki, Bakıda təşkil olunan görüşlərdə müzakirə olunan məsələlər də həm dünya, həm də Azərbaycan ictimaiyyəti üçün ciddi maraq kəsb edir: “Bakı regional təhlükəsizliyin mərkəzidir. NATO kimi nüfuzlu bir təşkilatla dünyanın hegemon dövlətlərindən biri - Rusiya ilə danışıqların məhz Bakıda keçirilməsi dünyanın Azərbaycana olan diqqət və hörmətin əlamətidir”.

Cavid