“Şimali Atlantika İttifaqı Azərbaycan və Gürcüstana qapılarını açıq saxlayır” Siyasət

“Şimali Atlantika İttifaqı Azərbaycan və Gürcüstana qapılarını açıq saxlayır”

2008-ci ildə Azərbaycan müdafiə strukturlarında Qərbyönümlü trend artmışdı. Azərbaycanın Avro-Atlantik müdafiə və təhlükəsizlik strukturlarında təmsil olunması aktiv müzakirə edilirdi. Təbii ki, bu müzakirə NATO-ya üzvlük hədəfində olmasa da lakin, rəsmi Bakı alyansla əməkdaşlığını daha da genişləndirməyə maraqlı idi. 2005-ci ildən İPAP adlanan Fərdi Faəliyyət üzrə əməkdaşlıq planı, daha sonralar Planlaşdırma və Analiz prosesi, Əməliyyat İmkanları Konsepsiyasi, Tərəfdaşlığın Qərargəh vəzifəsi, Müdafiə Təhsilinin Genişləndirilməsi, Sülh naminə elmi proqramlarda iştirak edərək NATO ilə əməkdaşlığı davam etdirirdik.
Ekspert Kamran Sultanlı qəzetimizə verdiyi açıqlamada bildiri ki, o dövr regionda digər müzakirə edilən ən mühüm məsələTransxəzər lahiyəsi idi:”Rusiyanın Abxaziya və Osetiyaya daxil olaraq oranı ilhaq etməsindən sonra, artıq Azərbaycanda NATO-ya doğru addımlar səngiməyə başladı. Transxəzər lahiyəsi müzakirə predmeti olmaqdan tamamilə çıxdı. Moskva Gürcüstana daxil olmaqla həm Saakaşvili dövründə Gürcüstanın radikal Avroatlantik və antirus siyasətinə görə Tbilisini cəzalandırdı, həmçinin birbaşa Bakı və Aşqabada Transxəzərlə bağlı mesaj göndərdi. Kreml Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan vasitəsilə Qərbə nəqlinə əsla maraqlı ola bilməz.
Abxaziya və Osetiya olaylarından sonra Bakı Qərbdən uzaq qaçmağa başladı. Təbii ki, Azərbaycan Qərblə dialoqu hər zaman açıq tutmağa çalışır. Gürcüstan və Rusiya arasında bu gərginlik bir yandan Bakıya sərfəli idi ona görə ki, Gürcüstan məcbur Bakıya daha yaxınlaşacaqdı. Digər tərəfdən təhlükəli idi ona görə ki, Rusiya eyni ssenarini Qarabağda da edə bilərdi. Təbii ki Azərbaycan xarici siyasətinin əsas prioriteti Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə daha çox müttəfiq qazanmaq, ən azı Qərb dövlətlərinin neytrallığını təmin etməkdir. Rusiya dəfələrlə açıq-aşkar ən yüksək bəyanatla region dövlətlərini NATO-ya inteqrasiya ilə bağlı təhdid edib.
Azərbaycan Abxaziya, Osetiya, Donetsk və Luqansk hadisələrini unutmuyub və hadisələr Bakının Qərblə bağlı siyasətində ehtiyatlı olmağa vadar edib. Üstəlik bu hadisələrin cərəyan etdiyi dövlətlər Qərblə ən yüksək anlaşma imzalayan və Qərbə inteqrasiya xəttini seçən lakin Rusiyanın həmlələri qarşısında Qərb tərəfindən müdafiə edilməyən dövlətlərdi. Yəni NATO Azərbaycana və digər NATO-ya inteqrasiya etmək istəyən və ya əməkdaşlığı genişləndirməyə maraqlı olan dövlətlərə təhlükəsizliklə bağlı heç bir zəmanət verməyib. Bu baxımdan rəsmi Bakı ehtiyatlı siyasətə davam etməyə məcburdur. Azərbaycan Gürcüstandan daha radikal Qərbyönümlü kurs apara bilməz. Azərbaycan Gürcüstan vasitəsilə Qərblə əlaqələnir. Üstəlik Bakı NATO ilə dialoqu qoruyur. Bu balansa görə bu gün NATO və Rusiya rəsmiləri məhz Bakıda görüşür. KTMT-yə üzvlüklə bağlı məsələlər müzakirə edildikdə prezident İlham Əliyev Xorvatiya səfərində Azərbaycanın bundan sonra da balans siyasətinə və Şimali Atlantika Alyansı ilə əməkdaşlığa davam edəcəyini vurğulayıb. Bu birbaşa KTMT məsələsinə Bakının ən yüksək səviyyədə reaksiyası idi. Həmçinin Azərbaycan, Gürcüstan və Ukraynanın uzun inteqrasiya yoluna baxmayaraq Qərb dövlətləri tərəfindən alyansa qəbul edilmədiyini və gözlədildiklərini görür və radikal addımlardan haqqlı olaraq çəkinir”.
Onun fikrincə, təbii ki gələcəkdə hər şey dəyişə bilər:”Bütün bunlar Gürcüstanın NATO-ya üzv edilməsindən aslı olacaq. Çünki Gürcüstan Qara dənizə çıxışı olan və geopolitik rəqabətin aktiv getdiyi ölkədir. Üstəlik Türkiyənin son dövrlər Qərbdən uzaqlaşıb Rusiya ilə yaxınlaşması, Gürcüstanda Rusiyanın təsir imkanlarının genişlənməsi, Qara dənizdə NATO-nun güclənməsi birbaşa Bakının diqqət mərkəzindədir.Yəni Qara dəniz regionu gələcəkdə Cənubi Qafqazda siyasi strategiyalara təsir göstərə bilər. Əgər Gürcüstan NATO-ya üzv edilsə bu zaman qüvvələr balansı dəyişsə, Rusiyanın gücü balanslaşsa rəsmi Bakının xarici siyasət strategiyasına təsir göstərə bilər. Bütün bunlara görə Azərbaycan tələsmir və Gürcüstanı arxa fondan izləyir. Keşikçidağ olayları bütün bu gələcəkdə baş verə biləcək bu ssenarilərin önlənməsi üçün Rusiya tərəfindən yönləndirilən və Rusiyaya bağlı Gürcüstanın daxili qüvvələri tərəfindən körüklənən proseslərdir. NATO Brussel sammitində Açıq Qapı strategiyasını və 2008-ci ilin Buxarest sammitində Gürcüstanın NATO-ya üzvlük perspektivlərini öz bəyanatlarında qeyd etmişdi. Açıq qapıya əsasən Şimali Atlantika İttifaqı Azərbaycan və Gürcüstana qapılarını açıq saxlayır. Lakin Azərbaycanın bununla bağlı addım atması gələcək perspektivdən və geosiyasi proseslərdən aslı olacaq. Hələlik Bakının bu istiqamətdə apardığı siyasət doğrudur”.