Türkiyədən dəstək gözləntisi... Siyasət

Türkiyədən dəstək gözləntisi...

Azad İsazadə: "Türkiyə ilə Azərbaycan arasında imzalanan hərbi müqavilələr olduqca önəmlidir"
Alpay Gürel: "Türk Gəncliyi Azərbaycan Dövlətinin atacağı bütün addımları birmənalı şəkildə dəstəkləyəcək"

Cəbhədə vəziyyət gərginləşəndən sonra qardaş Türkyə ictmiaiyyətindən Azərbaycana dəstək gəlib. Daha çox isə Türkiyə ordusunun lazım gələrsə Azərbaycana dəstək verib verməyəcəyi müzakirə olunur.
Qeyd edək ki, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin komandanlığı Azərbaycan dəstək olduğunu bəyan edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri komandanları ərazilərimizin müdafiəsi, Ermənistan Respublikasının silahlı birləşmələrinin, onların kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlarının qarşısını alarkən Azərbaycan Ordusunun hərbçilərinin şəhid olması ilə əlaqədar Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova və şəhid olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralı hərbçilərimizə şəfa diləyiblər. Türkiyə Silahlı Qüvvələrinin komandanlığı eyni zamanda Müdafiə Nazirliyi ilə həmrəy olduqlarını bildirib və Azərbaycana, eləcə də onun Silahlı Qüvvələrinə dəstək olduqlarını ifadə ediblər.
Türkiyə Gənclik və İdman Konfederasiyasının sədr müavini Alpay Gürel deyib ki, Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri böyük narahatlıq hissi və diqqətlə izləyirlər: "Ermənistan cəbhədə qarşıdurmanın dayanması üçün işğal altıda saxladığı Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz formada geri çəkilməlidir". Onun sözlərinə görə, bu gün Ermənistanın işğal altında saxladığı bölgələr BMT tərəfindən danınan tarixi Azərbaycan torpaqlarıdır: "İşğal altındakı Azərbaycan torpaqları erməni təcavüzündən xilas olana qədər bu mübarizə davam edəcək. Türk Gəncliyi bu məsələdə Azərbaycan Dövlətinin qəbul edəcəyini və atacağı bütün addımları birmənalı şəkildə dəstəkləyəcək. Son günlər cəbhədə yaşanan hadisələr genişlənəcəyi təqdirdə Türk Gəncliyi bunu özünə ünvanlanmış açıq döyüş çağırışı kimi qəbul edəcək. Türk Gəncliyi bu məsələdə üzərinə düşən tarixi məsuliyyəti yerinə yetirmək üçün bütün lazımı addımları atacaq. Azərbaycan torpaqlarının bütünlüyü Türk Gəncliyi üçün müzakirəyə açıq məsələ deyil. Çünki bizim ürəyimiz Azərbaycan Bayrağı ilə birgə döyünməkdədir. Türk Gəncliyi üçün Azərbaycan torpağı bölünməzdir və bunun üçün lazım olan bütün addımlar atılacaq".
Qeyd edək ki, Türkiyə Gənclik və Spor Konfederasiyası Türkiyənin ən böyük gənclik qurumlarındandır və qurumun tərkibində onlarla gənclər təşkilatı birləşir.
Türkiyənin ölkəmizdəki səfiri Alper Coşqun da Azərbaycanın yanında olduqlarını və ərazi bütövlüyümüzü dəstəklədiklərini bildirib. Bu hadisədən sonra ictimaiyyətdə Türkiyənin Azərbaycana hərbi yardım edəcəyi ilə bağlı fikirlər səsləndirilib. Daha dəqiq desək, bu hərbi yardımın türk ordusunun cəbhədə ermənilərə qarşı vuruşacağından ibarət olduğu bildirilib. Mətbuatda yayılan xəbərlərə görə, İqdır türkləri ermənilərə qarşı azərbaycanlılarla çiyin-çiyinə vuruşmağa hazır olduqlarını da söyləyiblər.
Millət vəkili Fazil Mustafa bildirib ki, səslənən fikirlər qanuni baxımdan mümkün deyil: "Bildiyiniz kimi, Türkiyə NATO-nun üzvüdür. NATO sisteminin qaydalarına uyğun olaraq isə türk ordusunun hansısa savaşa açıq dəstək verməsi gözlənilən hal deyil. Lakin bu məsələdə Naxçıvana türk ordusunun müdaxilə etməsi istisnadır. Çünki Qars müqaviləsinə görə, Türkiyə Naxçıvanın müdafiəsində məsuliyət daşıyır. Hesab edirəm ki, bütün hallarda biz ancaq öz ordumuza arxayın olaraq addımlar atmalıyıq".
Ekspert Azad İsazadə də Fazil Mustafanın fikirlərinə ortaq sözlər səsləndirib: "Türkiyə NATO üzvlü dövlət kimi Azərbaycanla Ermənistan arasında olan müharibəyə qoşula bilməz. Ancaq iki ölkə arasında bağlanan müqavilələr imkan verəcəkdir ki, Türkiyə Azərbaycana silah-sursat və yaxud da informasiya baxımından dəstək versin. Yəni müqavilələr nəticəsində Türkiyə və ya digər ölkələr tam olaraq münaqişəyə müdaxilə etməsələr də, Azərbaycana müəyyən qədər yardım etmək hüququnda olacaqlar. Bu yardımlara məsləhətçilər, yaralıların müalicəsi, zabitlərin hazırlanması kimi nüanslar daxildir. Bundan əlavə unutmayaq ki, Naxçıvanın üzərində Türkiyənin xüsusi öhdəlikləri var. Əgər ermənilər Naxçıvanda hər hansısa bir əməliyyat keçirmək istəsələr, Türkiyə bu bölgə ilə bağlı Azərbaycana daha geniş yardım edə bilər. Çünki ilk növbədə Türkiyənin bu ərazimizlə quru sərhədi var. İkincisi də mövcud müqaviləyə görə, Naxçıvanın ərazi bütövlüyünün müdafiəsinə qardaş ölkə birbaşa müdaxilə edə bilər. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında imzalanan hərbi müqavilələr olduqca önəmlidir".
Onu da əlavə edək ki, 7 avqust tarixində Türkiyə ictimaiyyətinin nümayəndələri Ermənistan sərhəddinə, İqdırdakı Əlican gömrük-keçid məntəqəsinə yürüş ediblər. Yürüşdə Türkiyə Böyük Millət Məclisinin üzvləri, "İST-TAD" Türkiyə-Azərbaycan Dərnəyi, İqdır Qafqaz-Çeçen Dərnəyi, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının üzvləri və digər ictimai birliklərin rəhbərləri iştirak ediblər. Son günlər Ermənistan hərbi birləşmələrinin Azərbaycana qarşı həyata keçirdikləri hücumlara etiraz edən yürüşçülər işğalçı dövlətin təcavüzkar hərəkətlərinə kəskin etirazlarını bildiriblər.

Əli