Soçidə nəticəsiz qalan görüş Siyasət

Soçidə nəticəsiz qalan görüş

Fərrux Məmmədov: "Rusiya bu günə qədər hər hansı bir münaqişənin həllində heç zaman rol oynamayıb və oynaya da bilməz"
Qabil Hüseynli: "Bu görüşdə əvvəlkilərdən fərqli olaraq, Ermənistan prezidentinin təkəbbürlülüyündən və arxayınçılığından əsər-əlamət qalmamışdı"

Cavid

Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə reallaşan danışıqları yenə də nəticəsiz qaldı. Tərəflər münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində imkanların tükənmədiyini vurğulayıblar.
Üçtərəfli görüşdə çıxış edən Putin xüsusi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə həll etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin xoş məramları var.
Amma Putinin konkret olaraq, Sarkisyanın "xoş məramına" inandığını bəyan etməklə nəyə əsaslandığını izah etməyib.
Hansı ki, bu keçmiş Qarabağ terrorçusu öz əlatıları ilə birlikdə minlərlə azərbaycanlının ölümünün baiskarıdır, dinc vətəndaşlarımızın öz doğma torpaqlarından didərgin salınmasının əsas səbəbkarlarındandır.
Görünür, Ermənistanda layiqli ağıllı insanlar çatışmır. Əks halda dövlət başçısı vəzifəsində əli qana batmış bir Qarabağ terrorçusunu başqa bir Qarabağ əliqanlısı ilə əvəz etməzdilər.
Soçi görüşündə də Sarkisyan arzu etmədiyi vəziyyətə düşdü. Hamımız yaxşı bilirik ki, qondarma Dağlıq Qarabağ respublikasının suverenliyini heç bir ölkə tanımayıb. Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın da bu ölkəni Gömrük İttifaqına Qarabağsız qoşmaqdan başqa yolu yoxdur.
Heç bir ölkə bu qədər uzun müddət davam Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlini ağdan qaraya vurmur. Lakin Azərbaycan erməni təxribatına qarşı sərt cavab tədbirləri həyata keçirəndə dünya ictimaiyyəti o dəqiqə atəşkəsi pozmamağa, sülh danışıqlarını davam etdirməyə çağırır.
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov bildirib ki, Rusiya Qarabağ münaqişəsini qoruyub saxlamaqla Cənubi Qafqazda öz təsir gücünü göstərməyə çalışır. Onun fikrincə, Soçi görüşünün hər hansı nəticə verməyəcəyi də öncədən bəlli idi: "Bu görüş Rusiyanın öz maraqları üçün hesablanmış addım idi. Rusiya bu günə qədər hər hansı bir münaqişənin həllində heç zaman rol oynamayıb və oynaya da bilməz. Çünki Rusiyanın siyasi xəttində sadəcə işğalçılıq mövcuddur. Lakin artıq Qarabağ məsələsi həll olunmalıdır. Bunu beynəlxalq birlik artıq düşünür. NATO-nun sentyabrın 4-5-də keçiriləcək Uels sammitində bağlı qapılar arxasında Cənubi Qafqazla bağlı müzakirələr gedəcək. Bu müzakirələrə Gürcüstanın NATO yolu və Qarabağ məsələsinin həll olunması, NATO-nun genişlənməsi, 2014-cu ilin sonunda ordunun Əfqanıstandan çıxarılmasında Azərbaycandan tranzit kimi istifadə olunması və s. məsələlər daxil ediləcək. Rusiya bu müzakirələrin olacağını yaxşı bilir. Ona görə də Rusiya Ermənistanın əli ilə bir sıra təxribatlara əl atmağa çalışacaq. Bu proseslər cəbhədə yenidən hərəkətlənmələrə gətirib çıxara bilər".
F.Məmmədov Uels sammitindən sonra Qərbin Azərbaycana qarşı münasibətinin ciddiləşəcəyini deyib: "Rusiya beynəlxalq birliyin yanında olmayan, ciddi tərəfdaşları olmayan bir ölkədir. Artıq ona görə də kiçik ölkələrə təsir etməklə öz gücünü qorumaq kimi bir gövdə göstərisi nümayiş etdirir. Amerika və Avropa bunu yaxşı anlayır və bunun nəticələrinin ağır olacağını bilir. Amerikanın Azərbaycanla bağlı siyasəti heç zaman dəyişməyəcək. Amerika üçün öncül məsələ demokratiya və insan haqları məsələsidir. Düşünürəm ki, Uels sammitindən sonra bu məsələdə yeni bir siyasi xətt formasını görəcəyik".
Fərrux Məmmədova görə, Qafqazda müharibə gözlənilmir, sadəcə, müəyyən hərəkətlilik olacaq: "Lakin bu prosesin də tezliklə həllini görəcəyik".
Politoloq Qabil Hüseynli isə bildirib ki, prezidentlərin görüşünün real nəticəsi olmasa da, bəzi maraqlı məqamlar diqqətdən kənarda qalmadı: "Azərbaycan tərəfi bu görüşdə özünü kifayət qədər inamlı apardı. Bu görüşdə əvvəlkilərdən fərqli olaraq, Ermənistan prezidentinin təkəbbürlülüyündən və arxayınçılığından əsər-əlamət qalmamışdı. Digər tərəfdən Rusiya özü də proseslərə çox ciddi surətdə konsturktiv yanaşdı. Görüşün nəticəsi iki baxımdan müsbət oldu. Birincisi, atəşkəs rejiminə ciddi surətdə nail olunması, ikincisi isə işğal olunmuş rayonların bir qisminin geri qaytarılması ilə bağlı məlumatlar var. Kluarlarda belə fikir səslənir ki, ilkin olaraq 5 rayon azad edilir və bu istiqamətdə yaxın gələcəkdə danışıqların başlanması gözlənilir".
Politoloq hesab edir ki, Rusiya bu proseslərdə də öz marağını güdərək Azərbaycanın Qərbə meyllənməsinin qarşısını almaq üçün münaqişənin həllindən yararlanmaq istəyir: "Bu gün Rusiya üçün Azərbaycanın qiyməti əvəzsizdir. Sanksiyalardan əziyyət çəkən, daxili istehlak bazarında ciddi çətinliklərlə üzləşən Rusiya üçün Azəbaycan çox vacib ölkədir. Digər tərəfdən də Azərbaycan Rusiya iqtisadiyyatına investisiya yatırmağa hazır olduğunu bəyan edir. Hesab edirəm ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfinin şərtləri yerinə yetiriləcəyi təqdirdə Rusiya ilə iqtisadi yaxınlıq və investisiya yatırımları mümkündür. Əgər erməni tərəfinin təxribatları olmazsa, o zaman yaxın aylarda Dağlıq Qarabağ ərtafındakı rayonların işğaldan azad olunması istiqamətində danışıqlara başlana bilər".
VİP sədri Əli Əliyevin fikrincə isə Soçi görüşünün ümumiyyətlə baş tutmaması ehtimalı da var idi: "Səfər 8-9 avqust tarixlərinə planlaşdırılsa da, 10 avqust tarixə qədər uzadılması müəyyən gərginlikdən xəbər verir. Randevu ilə bağlı müxtəlif qiymətləndirmələr var. Bu görüş ən çox əslində dünya siyasət arenasında natamamlıq mərhələsinə girmiş Rusiyaya lazım idi. Bu görüşü reallaşdıran Putin ayaqda olduğunu dünyaya nümayiş etdirdi. Pərdəarxası danışıqlar gizli saxlanılsa da, aydın görünür ki, bu görüş Ermənistan tərəfə də zəruri idi. Maddi və hərbi-texniki göstəricilərinə görə üstün duruma gəlmiş Azərbaycan, onun son davranışları düşmən tərəfi rahatsız etməyə bilməz. Bu baxımdan erməni tərəfi münaqişənin alovlanacaq yeni mərhələsini hesablayaraq, münaqişəyə həlledici təsir etmək imkanında olan Rusiyaya növbəti beynəlxalq təzimini göstərdi. Mənə elə gəlir ki, torpaqlarımızın işğalında iştirak etmiş Rusiya, bizə qarşı heç vaxt ədalətli olmayacaq. Rusiyanın imperiya maraqları onları ermənipərəst olmağa məcbur edir. Ermənistan imperiya iddialı Kremlin Cənubi Qafqaz istehkamıdır. Ruslar anlayır ki, sonuncu qalası hesab etdiyi Ermənistanı itirmək, Qafqazı itirməkdir. Azərbaycan ehtiyatlı formada alternativlər axtarmalıdır. Azərbaycan üçün münbit tarixi şərait mövcuddur. Rusiya-Ukrayna müharibəsi, Rusiya-Qərb qarşıdurması qarşı tərəfin himayədarı olan keçmiş metropoliyanı zəiflədəcək. AB-nin enerji təhlükəsizliyi məsələsi gündən-günə aktuallaşacaq. Belə şəraitdə suverenliyin bərpası mümkün olacaq. Bu gün müharibənin qızışdırılması yanlışdır. Biz Ermənistandan qat-qat hər cəhətdən güclüyük. Lakin Rusiya ilə müqayisə olunmayacaq mənfi saldolu potensialımız var. Rusiyanın çöküşünü gözləmək lazımdır. Dünyada iqtisadi izolyasiyaya salınmış Rusiya Putin və komandası üçün cəhənnəmə çevriləcək. O vaxta qədər isə iqtidar bir sıra strateji addımlar atmalıdır. AB, ABŞ, NATO və digər güc mərkəzləri ilə yaxınlaşmalıdır. Seçki problemini həll etmiş Türkiyə ilə sıx əməkdaşlığa gedilməlidir. GUAM sammitini çağırmaq lazımdır. Bütün bunların fövqündə ölkədaxili konsolidasiyaya nail olunmalıdır. Fikrimizcə, hətta iqtidar son günlər hərb müstəvisində baş vermiş gərginliyi və Soçi görüşünün nəticələrini müxalifətlə qapalı görüşdə müzakirə etməlidir".
Politoloq Qriqori Trofimçuk isə Soçi görüşünün nəticələrini şərh edərkən söyləyib ki, əvvəlki onlarla üçlü formatdakı görüşlərə baxanda bu tip açıqlıq xarakterik deyildi.
O, Bakının Qarabağ konfliktinin həllində əllərinin tamamən açıldığını bildirib: "Nəzərə alınmalıydı ki, Qarabağın astanasında artıq yeni müharibə dayanır. Məhz bu görüşün ərəfəsində kifayət qədər çox insan öldürülmüşdü. Azərbaycan və Ermənistan prezidentlərinin çıxışı da müəyyən qədər tanış idi. Prezident İlham Əliyev bir şeyə diqqət çəkdi ki, problemi "sülh yolu" ilə həll etmək istəyir. Serj Sərkisyan açıq bəyan etdi ki, konfliktdə eskalasiyanı azərbaycanlılar edib. Görüşün nəticələrinə uyğun olaraq bunu demək olar ki, hazırda Bakının əlləri sözün bütün mənalarına uyğun olaraq açılıb. Görünür bu, Rusiyanın Qarabağ probleminə təsir etmək üçün son şansı idi".