“Zirvə Görüşü mühüm əhəmiyyət kəsb edir” Siyasət

“Zirvə Görüşü mühüm əhəmiyyət kəsb edir”

Arzu Nağıyev: “Sammit gələcək əməkdaşlıq üçün çox əhəmiyyətli perspektivlər açır”
Kənan Paşayev: “Cənab prezidentin Naxçıvan sazişinin ildönümünü və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yerləşən Zəngəzuru xatırlatması təsadüfi xarakter daşımır”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatdı. Əksər ekspertlər bu görüşün çoxsaylı əlamətdar hadisələrlə yadda qaldığını bildirirlər. Macarıstanın Baş Nazir səviyyəsində görüşə qatılması, Özbəkistanın tamhüquqlu üzvü kimi iştirakı, eyni zamanda, qəbul edilən qərarlar mühüm addım kimi dəyərləndirilir.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə qurucu dövlətlərdir.
25 avqust 2012-ci ildə Bişkəkdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib. Vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından götürülüb.
Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum Astana və Çolpan -ata olmaqla altı zirvə görüşü keçirilib.
Türk Şurasının birinci Zirvə Görüşü “İqtisadi əməkdaşlıq” mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutub.
Politoloq Arzu Nağıyev deyib ki, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü mühüm əhəmiyyət kəsb edir: “Bu sammit gələcək əməkdaşlıq üçün çox əhəmiyyətli perspektivlər açır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasının 2009-cu ildə Naxçıvan Sazişi ilə qoyulduğunu deyən siyasi şərhçi söyləyib ki, bu saziş ilk olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanıb”.
Onun sözlərinə görə, təşkilat tək Asiya qitəsi ilə yekunlaşmır: “Artıq Macarıstanın da təşkilatda müşahidəçi status alması təşkilatın Avropa sərhədlərinə qədər uzanması deməkdir. Azərbaycanın Türk Şurasına sədrliyi dövründə bir sıra məsələlərdə, həm sosial, həm iqtisadi, həm də mədəni məsələlərdə xalqlar arasında mühüm əməkdaşlıq olub, eyni zamanda mühüm görüşlər keçirilib. Bütün bu proseslərdə iştirak etmək türk dövlətləri üçün müəyyən dividendlər gətirir”.
A. Nağıyev Bakıda keçirilən zirvə görüşündə Türk Şurasının fəxri sədri elan edilən Nursultan Nazarbayevin fikirlərini xatırladaraq vurğulayıb ki, Nazarbayev çıxışında türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazım olduğunu dilə gətirib: “Bu, artıq milli kimlik məsələsinin daha üst səviyyəyə qalxdığını göstərir”.
Siyasi ekspert Kənan Paşayev bildirib ki, Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşü mühüm tarixi əhəmiyyət kəsb edir: “Forumda Azərbaycan prezidenti İlham Əliyevin nitqi xüsusilə diqqət çəkən məqamlarla yadda qaldı. Prezidentin nitqində türk dövlətləri arasındakı sıx qardaşlıq, dostluq və əməkdaşlıq faktları özünü təcəssüm etdirirdi".
O bildirib ki, cənab prezidentin Naxçıvan sazişinin ildönümünü və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yerləşən Zəngəzuru xatırlatması təsadüfi xarakter daşımır: "Xüsusilə türk dövlətlərinin forumunda bu ərazilərin adının çəkilməsi həmin bölgələrin tarix boyu türk torpağı olduğu və bundan sonra da türk torpağı olaraq qalacağına dəlalət edir. Cənab prezidentin kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı qeyd etdiyi faktlar Azərbaycanda biznes iqtisadiyyatının inkişafından xəbər verir. Bu gün Azərbaycan həm coğrafi mövqeyinə, həm də dünya ölkələri ilə arasında olan iqtisadi əməkdaşlığa görə türk dövlətləri arasında etibarlı tranzit ölkə olaraq qalmaqdadır. Bu həm türk dünyası, həm də Azərbaycan üçün böyük uğurdur".
Deputat Pərvin Kərimzadə diqqətə çatdırıb ki, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi: “Oktyabrın 15-də Türkdilli Dövlətlərin rəhbərləri bir araya gələrək, regionun bugünkü reallıqlarını müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçdilər. Təməli 10 il əvvəl-2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü türkdilli ölkələr arasında iqtisadi əlaqələrə kiçik və orta sahiblkarlığa həsr edildi". Deputat bildirib ki, ötən 10 il ərzində Türkdilli ölkələr arasında təhsil, elm və mədəniyyət, nəqliyyat, turizm, media və informasiya sahəsində imzalanan əməkdaşlıq sazişləri, birgə verilən bəyanatlar türkdilli dövlətlərin birliyini bir daha nümayiş etdirib: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iqtisadi sahədə atılan addımlar, verilən qərarlar da əvvəlki sazişlər kimi dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradacaq. İlk dəfə olaraq Özbəkistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə tamhüquqlu üzvü kimi iştirakı, Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılması Türk Şurasının Türk Dünyasının bir araya gəlməsində atılan addımların davamı oldu. Türkdilli dövlətlərin ortaq mövqeyi dostluq, qardaşlıq əlaqələri həm ikitərəfli formatda, həm çoxtərəfli müstəvidə daha da güclənməsi quruma üzv ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə hər zaman yeni töhfələr verib".
Siyasi şərhçi Azər Həsrət deyib ki, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü həm Azərbaycan tarixinə, həm də Türk dünyasının tarixinə qızıl həriflərlə yazılacaq: “Bu elə bir tədbirdir ki, bütün dünyanın diqqəti Bakıda idi. Yəni bu həftənin ilk günlərində bütün dünya bunu diqqətlə izləyirdi. Xüsusən də dünyanın qlobal gücləri burada baş verənləri diqqətlə izləyirdi. Burada əlbəttə ki, həm Türk dünyasının özü üçün faydalı qərarlar alındı, həm də dünyanın taleyinə bu və ya digər şəkildə təsir edəcək fikirlər səsləndirildi. Özəlliklə vurğulanmalıdır ki, Özbəkistanın tam hüquqlu üzv olaraq Türk genişinə qatılması ayrıca qeyd olunmalıdır. Eyni zamanda Macarıstanın müşahidəçi statusla bir birliyə qoşulması da diqqətəlayiq məqamlardan biridir. Yəni, faktiki olaraq müstəqil türk dövlətlərindən yalnız Türkmənistan rəsmi olaraq bura üzv olmayıb. Onun da nümayəndəsi bu Zirvə görüşündə iştirak edirdi. Onlar əvvəlki zirvələrdə də həmişə iştirak ediblər. Sadəcə olaraq rəsmi üzvlükləri məsələsi qalıb. Burada həm də bizim diqqətimizi Prezident İlham Əliyevin Liderlik keyfiyyətləri bir daha çəkmiş oldu. Bildiyiniz kimi oktyabrın əvvəlində “Valday” Diskussiya Klubunda Prezidentin məlum möhtəşəm çıxışı, bunun ardınca Aşqabaddakı MDB zirvə görüşündə çıxışı və Azərbaycanın çox ciddi məsələlərini dilə gətirməsi, Ermənistanı faş etməsi bu günə qədər müzakirə olunan məsələdir. Bunun fonunda Prezident İlham Əliyev Türk Şurasının VII Zirvə Görüşündə də çox möhtəşəm bir çıxış etdi, həm türk dünyasının birləşdirilməsi istiqamətində fikirlərini səsləndirdi, həm də bizə qarşı olan qüvvələrə öz ismarıclarını göndərdi. Özəlliklə diqqətəlayiqdir ki, türk dövlət başçıları Prezident İlham Əliyevin çıxışındakı bütün məqamlarla razılaşdılar və onu dəstəklədilər. Sonda Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” hərəkatı ilə bağlı ortaq mövqeyin də sərgilənməsi türk birliyinin real nəticələrindən biri kimi dəyərləndirilə bilər”.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib ki, Türk dünyası üçün vacib olan bir çox məsələlər müzakirə olundu, gələcək üçün strateji fəaliyyət istiqamətləri müəyyənləşdirildi. İlham İsmayılovun sözlərinə görə, bu tarixi zirvə görüşünün həm də zaman baxımından çox əhəmiyyətli bir dövrü əhatə edirdi: “Türkiyə Ordusunun Suriyada başlatmış olduğu antiterror əməliyyatları ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün oktyabr ayında baş tutması bu zirvə görüşünün əhəmiyyətini daha da artırdı. Çünki Türkiyənin başlatmış olduğu bu əməliyyatlar hətta gözləmədiyimiz bir çox dövlətlərdən də haqsız olaraq qınandı. Hətta Türkiyə uzun illər onların haqlarını müdafiə etdiyi ərəb ölkələri belə öz davranışları ilə məyusluq yaratdı. Sadəcə bütün Türk Dövlətləri Türkiyənin yanında olduğunu açıqca qeyd etdilər. Hər kəs anladı ki, əslində dünya dövlətlərinin çoxu Türk düşmənçiliyini davam etdirir. Bir tərəfdən bu qardaş Türk dövlətləri arasındakı etimadı daha da artırmış oldu".
İlham İsmayılov Türk Şurasında Macarstanın müşahidəçi qismində qatılmasını da yüksək qiymətləndirib: "Macarstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunması olduqca vacib məsələdir. Bunu cənab Prezident İlham Əliyev də çıxışında xüsusi vurğuladı ki, Macarıstanda Türk Şurasının nümayəndəliyi ofisinin fəaliyyətə başlaması Türk Şurasının Avropa ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafı baxımından olduqca əvəzsizdir. Təbii ki, bu məsələdə Macarıstanın baş naziri Viktor Orbanın böyük rolu var. Hesab edirəm ki, Macarstanın Türk Şurasına yaxınlaşmasında həm də Macarstan Turan Fondunun rəhbəri Andros Bironun da çox böyük rolu vardır. Onun hər iki ildən bir Macarstanda təşkil etdiyi və bizim də qatıldığımız Turan Qurultayları Macarstanda Türk ruhunun oyanmasında, xalqlarımızın yaxınlaşmasında böyük rol oynayıb. Məhz Macarıstandakı həmin oyanışın nəticəsidir ki, Türk Ordusunun Suriyada apardığı antiterror əməliyyatlarına etiraz bəyanatına veto qoydu".
ATXƏM sədri qeyd edib ki, Türk Şurası ötən bu 10 il ərzində Türk Dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb: "Bu 10 il ərzində Türk Şurası ilə yanaşı Türksoy, Türkdilli Ölkələrin Parlament Assambleyas, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası da mühüm işlər gördü. Bu Zirvə görüşündə artıq Şuranın gələcək stratejisi kimi BMT-də müşahidəçi statusun alınması, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlığın daha da artırılması göstərildi".
İlham İsmayılov Qazaxıstanın lideri, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin "artıq "türkdilli ölkələr" sözlərinin nəsə başqa bir formasına, "türk dövlətləri"nə keçmək haqqında düşünmək lazımdır" - fikrinə də münasibət bildirib:"Hal-hazırda bizim də təşkilatın adında "Türkdilli" sözü işlədilir. Təbii ki, sovetlər dönəmindən qalmış "türkdilli" ifadəsinin zamanla dəyişməsi, beyinlərdə daha olumlu oturuşması gərkliydi. Mən də hesab edirəm ki, artıq altı Türk Dövləti olan Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızstan, Özbəkstan və Türkmənistanda xalqlar Türk olduqlarını və dövlətlərinin də bir Türk Dövləti olduğunu əsasən qəbul edirlər. O halda artıq dövlətlərimizi də Türk Dövlətləri olaraq səsləndirməkdə bir qadağa görmürəm. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi biz artıq özümüzə "6 dövlət tək millət" deyə bilərik. Təbii ki, növbəti toplantıda aramızda Türkmənistanı da görəcəyimizə ümid etməklə”.