Bu Mərkəz bütün ənənələri dağıtdı – Fazil Mustafa Siyasət

Bu Mərkəz bütün ənənələri dağıtdı – Fazil Mustafa

Dünən “Hilton” otelində Sosial Tədqiqatlar Mərkəzi rəhbəri, hörmətli Zahid Orucun moderatorluğu ilə STM-in “Yeni imtahan modeli: İslahatlar, nəticələr və gözləntilər” mövzusunda təşkil olunan konfransdakı çıxış və müzakirələr olduqca faydalı idi.
Bu sözləri millət vəkili Fazil Mustafa dünən Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi konfrans haqqında danışarkən deyib. O bildirib ki, cəmiyyət olaraq təhsil məsələsinə hamılıqla diqqətimizi ayırmasaq, bu sahədə islahatlara təklif və ideyalarımızla dəstək verməsək, irəliyə doğru məsafə qət etmək çox çətin olacaq:
“Sosial Tədqiqatlar Mərkəzinin məhz bu məsələ ətrafında sorğuların nəticələrini təqdim etməsi, təhsil nazirinin, Dövlət İmtahan Mərkəzinin rəhbərlərinin mövzu ilə bağlı konseptual yanaşmaları ilə tanışlıq üçün imkan yaratması tədbirin əhəmiyyətini daha da artırdı. Yeni imtahan modeli barədə xeyli bilgi əldə etdik, təhsilimizdə olan geriliyin səbəbləri barədə təsəvvürlərimizi çıxışlar üzərindən dəqiqləşdirdik.
Ümumiyyətlə, Sosial Tədqiqatlar Mərkəzi indiyədək yaradılmış bu kimi qurumların bütün ənənələrini dağıtdı, təkəbbürlü analitiklər, qapalı intellektuallar anlayışını bir kənara qoydu və cəmiyyətə açıq, diskussiyalardan və öz məhsulunu paylaşmaqdan çəkinməyən institutsional model yaratdı. Şəxsim adına deyə bilərəm ki, Mərkəzin bu tədbirindən xoş və faydalı təəssüratlarla ayrıldım”.