Rus polkovnikindən növbəti hədə Siyasət

Rus polkovnikindən növbəti hədə

Deyəsən, KTMT-nin və Gümrüdəki 102-ci bazanın zabitlərini erməni konyakı danışdırır

Cavid

Rus hərbçiləri yenidən Azərbaycanı Dağlıq Qarabağda müharibəyə başlayacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Gümrüdə yerləşən 102-ci hərbi baza ilə hədələyiblər.
Hövbəti belə hədə Rusiya Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, "Komsomolskaya pravda" qəzetinin hərbi icmalçısı, polkovnik Viktor Baranetsdən gəldi: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı blokuna üzv olan ölkələrin hər hansı birinə hərbi müdaxilə bu təşkilata qarşı hücum deməkdir. Ona görə də əgər Azərbaycan Ermənistana hücum etsə, KTMT və Rusiyanın bu ölkədəki 102-ci hərbi bazası ermənilərin tərəfində münaqişəyə qoşulmalı olacaq".
Polkovnikin sözlərinə görə, bu, təkcə Azərbaycana aid deyil. Ermənistana hansısa başqa ölkə hücum etsə, KTMT və Rusiya ayrıca olaraq yenə eyni hərəkət etməlidir. "Mənə elə gəlir ki, burada sensasion nəsə yoxdur" - deyə polkovnik Baranets bildirib.
Hərbi ekspertin sözlərinə görə, Rusiya Dağlıq Qarabağı "mübahisəli ərazi" hesab edir: "Bu torpaqlar öz tarixini dəyişdirib. Şübhəsiz ki, Rusiya imperiyasının da bunda rolu var. Biz Dağlıq Qarabağ Muxtar Vilayətinin necə yaradıldığını bilirik. KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsini Ermənistanın bu təşkilata üzvlüyü çərçivəsində nəzərdən keçirmək lazımdır. Lakin KTMT müqaviləsində Dağlıq Qarabağa dair heç nə deyilmir. Buna baxmayaraq əgər Azərbaycan Dağlıq Qarabağa hücum etsə, Rusiya yenə silah götürməli olacaq, çünki Kreml münaqişənin hərbi yolla həll edilməsini istəmir".
V.Baranets iddia edib ki, bir çox siyasətçilərin Dağlıq Qarabağ münaqişəsinin həllinin açarının Rusiyada olduğu, bu münaqişəni Rusiyanın yaratdığı barədə fikirləri əsassızdır. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsini "SSRİ-ni dağıtmaq istəyən qüvvələr" başlatmışdı.
Onu da qeyd edək ki, bir müddət öncə də belə hədələr olub. Özü də adıçəkilən hərbi hissənin komandanlığı tərəfindən. Məsələn, Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinski Rusiyanın "Krasnaya Zvezda" nəşrinə müsahibəsində bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün hərbi yola baş vurduğu halda Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edəcək.
Təbii ki, rus polkovniklərin bu açıqlamaları müşahidəçilər tərəfindən Rusiyanın Azərbaycanı hədələməsi kimi dəyərləndirilib. Hər halda, KTMT çərçivəsində Rusiyanın müqavilə öhdəliklərinin yerinə yetirilməsinə dair qərarın verilməsi, hansısa rus hərbçilərinin səlahiyyətinə daxil ola biləcək məsələ deyil.
Ekspertlərin fikrincə, bazaya toplanan S-300 zenit-raket komleksləri, MİQ-29 təyyarələri Türkiyə və Qərbdən gələn təhlükələrin qarşısında ilk sipər kimi nəzərdə tutulub. Onların qənaətincə, Ermənistanı özü boyda silah-sursat anbarına çevirən Rusiya Putinin rəhbərliyi altında Şimali Qafqazda 70 mindən artıq qüvvəni ehtiyat olaraq saxlayır və şərti düşmən adı altında Qafqaz dövlətləri əleyhinə mütəmadi təlimlər keçirir.
Abxaziya və Osetiyanın tam ələ keçirilməsi ilə böyük bir coğrafiyada Rusiyanın tanklardan ibarət antiQərb ordusu Cənubi Qafqaz regionunu öz təsir dairəsində saxlamaqda davam edir. Ermənistanın qorxduğu gün kimi aydındır. Vəziyyət o qədər dramatikdir ki, Seyran Ohanyanın funksiyasını 102-ci hərbi bazanın rəhbəri Andrey Ruzinskinin üzərinə qoyublar. Ermənistanda ölkənin iqtisadi və sosial vəziyyətinin pisləşməkdə davam etməsinə müharibənin səbəb olduğunu çox yaxşı bilirlər. Anlayırlar ki, ölkəni ağır duruma salan Rusiyadır. Bu səbəbdən də Qarabağ probleminin tezliklə həllini istəyirlər. Rusiya isə əks mövqedən çıxış etməklə, xəbərdarlıq edir ki, "biz olmasaq, Azərbaycan Ermənistanı darmadağın edər".
Bir sıra ekspertlər isə hesab edirlər ki, Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlasa belə, bunun Ermənistana hər hansı təhdidi yoxdur. Burada söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindəki işğalın aradan qaldırılmasından gedir. Politoloq Ərəstun Oruclu isə bildirib ki, Rusiyanın bu münaqişəyə qoşulacağı ilə bağlı bəyanatı isə tam məntiqsizdir. Onun fikrincə, rus polkovnikin bəyanatı bir daha işğalın arxasında Rusiyanın dayandığını sübut edir: "Azərbaycan bu bəyanata sərt reaksiya verməlidir".
"Rusiya Silahlı Qüvvələrinin hər hansı bir hərbi münaqişəyə müdaxilə etməsi kimi çətin və vacib qərarı hərbi baza komandanı vermir". Bu sözləri isə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq analitik-tədqiqat mərkəzinin direktoru, Marşal Fondunun elmi əməkdaşı, siyasi elmlər doktoru, politoloq Andrey Kazantsev deyib.
"Rusiya Azərbaycana böyük həcmdə silah satır. Ona görə də Moskvanın Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə hərbi müdaxilə edəcəyi barədə deyilənlər məntiqsiz görünür. Belə çıxır ki, özümüz öz silahlarımıza qarşı vuruşacağıq", deyə ekspert sual edib.
Politoloq Elşən Həsənovun fikrincə, rus polkovniklərindən belə hədələrin heç bir məntiqi yoxdur: "Bu sadəcə, bir hədədir. Daim belə hədələr səslənib. Hətta KTMT-nin baş katibi Bordyuja tərəfindən, Ermənistan prezidenti və müdafiə naziri tərəfindən, bəzən də Rusiya prezidenti belə, məsələni dilinə gətirib. Sözsüz, Rusiya Gümrüdəki hərbi bazasını təkcə Ermənistanın təhlükəsizliyi üçün deyil, özünün imperialist maraqları üçün möhkəmləndirib. Rusiya üçün Ermənistan əsas deyil. Kreml istənilən dar zamanında Ermənistanı qurban verə bilər və verəcək də. Amma söhbət Dağlıq Qarabağda müharibənin başlana biləcəyi və rus hərbçilərinin bu prosesdə iştirakına gəlincə, Kreml açıq şəkildə buna getməz".
Polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirib ki, belə "lazımlı" mövzunu gündəmə qorxularından tir-tir əsən erməni tərəfi gətirir və bu da səbəbsiz deyil. Çünki onlar o qədər dərin narahatçılıq içindədirlər ki, hər dəfə bu mövzunu qabardaraq rusların yadına salırlar ki, amandır, bizi tək qoymayın: "Maraqlıdır ki, hər dəfə də bir nəfər polkovnik tapıb, onu yəqin ki, yaxşıca erməni konyakı ilə "düzəldib" verirlər qabağa. Yadınızdadırsa, bir neçə ay bundan öncə rusların Gümrüdəki 102-ci hərbi bazasının komandiri polkovnik A.Ruzinskiy də belə bir "cəsarətin" altına girmişdi və sonradan onun başının nələr çəkdiyini çoxları yaxşı xatırlayır. Ən yüksək səviyyədə Rusiya rəsmiləri bunu onun şəxsi fikri kimi qəbul etməyimizi xahiş etdilər. İndi də belə bir absurd açıqlama ilə mənim şəxsən tanıdığım Rusiya Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, "Komsomolskaya pravda" qəzetinin hərbi icmalçısı, polkovnik Viktor Baranets çıxış edib. Aydın məsələdir ki, əgər hər hansı bir hərbi ittifaq mövcuddursa, onun qarşısında duran konkret vəzifələr də olur. Amma Azərbaycana qarşı hansısa hədə-qorxuya zəmin görmürəm. Biz öz ərazilərimizin işğaldan azad edilməsini istəyirik. Bunu Baranets də, digərləri də gözəl anlayır. Ona görə də onların belə yersiz bəyanatlar səsləndirməsinə sakit yanaşmaq lazımdır və hələ biz belə açıqlamalardan çox eşitməli olacağıq. Gördüyünüz kimi, rus zabiti özü özünü bir qədər çıxılmaz vəziyyətdə qoyur. O deyir ki, Rusiya Dağlıq Qarabağı "mübahisəli ərazi" hesab edir. Adama sual verərlər ki, BMT kimi ən böyük bir qurum sənin dediklərini 4 məlum qətnamə ilə heç edib. Ona görə də, belə açıqlamaları ciddiyə qəbul etmək məncə lazım deyil."