“Demokratiyanın göstəricisi seçkilərdir” Siyasət

“Demokratiyanın göstəricisi seçkilərdir”

Məzahir Pənahov: “Məntəqədə vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur”

“Son bələdiyyə seçkiləri ilə bağlı şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azalıb və Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq”.
Bunu dünən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
M. Pənahov hesab edir ki, indiyə qədər növbədənkənar parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub: “Bu da aparılan tədbirlərin nəticəsində əldə edilib”.
“Mərkəzi Seçki Komissiyası artıq Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bülletenlərin çapı ilə bağlı addımlar atmağa başlayıb, yaxın günlərdə bülletenlərin çapına başlanacaq”-MSK sədri bildirib ki, namizədliyi qeydə alınan şəxslərin bir qismi ənənəvi olaraq bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər: “Biz istərdik ki, namizədlər mübarizəni indi dayandırmasın. Amma bu, bütün dünya praktikasında olan, xüsusilə keçmiş postsovet, Şərqi Avropa ölkələrində tez-tez baş verən haldır. Finiş xəttinə yanaşanda, adların bülletenlərə daxil olma mərhələsində namizədlərin müəyyən qədəri öz namizədliklərini geri götürürlər. Hazırda biz bu məsələ ilə məşğuluq. Müəyyən qisim namizədliyini geri götürsə də, parlamentdə bir yerə 10-12 namizəd var. Fevralın 9-da səsvermə zamanı seçicilər bülletenlərdə Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və istədikləri seçimi edə biləcəklər. 19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizəd var. Ümumilikdə, 28 siyasi partiyanın təmsilçiləri iddiaçıları arasındadır”.
“Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz”-deyən
M. Pənahov vurğulayıb ki, bu, dünyanın hər yerində belədir: “Hansısa xoşagəlməz hal Almaniyada baş verəndə bunu təsadüf kimi qəbul edib, problemi həll edib aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur”. MSK sədrinin sözlərinə görə, seçki elə prosesdir ki, maraqlı qüvvələrə ölkənin daxili işlərinə qarışmaq imkanı verir: “Çünki demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir. Demokratiyanın göstəricisi isə seçkilərdir”.
“Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur”-deyən MSK sədri qeyd edib ki, bu gün dünyanı sosial şəbəkələr idarə edir: “Dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Növbəti addımlarda cəmiyyətin fəaliyyətini tənzimləyən bütün qaydalar, qanunlar sosial şəbəkələrlə tənzimləncək. Bu reallığı hər kəs gözünün qarşısına gətirməlidir”.
M. Pənahov bildirib ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Siz bütün dünyanın gözü qarşısındasınız. Dediklərimin çoxunu burada oturanlar gözəl bilsə də, açıq şəkildə müzakirəyə etmək istəmir. Amma açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir”.