“Qaçqınların bütün xərclərini Türkiyə tək başına öz öhdəsinə götürüb” Siyasət

“Qaçqınların bütün xərclərini Türkiyə tək başına öz öhdəsinə götürüb”

İlqar Vəlizadə: “Azərbaycan olaraq çox gözəl başa düşürük ki, bu, nə deməkdir”

“Hazırda Türkiyə çox çətin vəziyyətdədir. Bu vəziyyət isə ondan ibarətdir ki, illərdir bu ölkədə çoxlu sayda qaçqınlar yerləşib. Həmin qaçqınların yerləşdirilməsi, gündəlik qayğıları və digər bütün xərclərini Türkiyə tək başına öz öhdəsinə götürüb”. Bunu politoloq İlqar Vəlizadə deyib. O, söyləyib ki, biz Azərbaycan olaraq çox gözəl başa düşürük ki, bu, nə deməkdir: “Azərbaycanın artıq 30 ilə yaxındır ki, 1 milyon qaçqını var. Bu illər ərzində qaçqınların problemlərini həll etmək üçün müəyyən işlər görərkən, eyni zamanda, bu məsələnin problem olaraq qaldığını hər fürsətdə qeyd edirik. Çünki bu qədər insanın evlə təmin edilməsi, digər sosial problemlərin həll olunması çox çətin məsələdir. Hazırda Türkiyə 5 milyona yaxın qaçqınla üz-üzə qalıb və tək başına bu problemləri həll edir. Əlbəttə ki, bu Türkiyə üçün ağrılı bir problemdir. Bu sosial yükdür”.
Politoloq bildirib ki, qaçqın problemi müxtəlif humanitar çətinliklər yaradır: “Bu problemlərin həllində dünya ictimaiyyəti məşğul olmalıdır. Bu, tək Türkiyənin işi deyil. Təəssüflər olsun ki, dünya ictimaiyyəti buna hələ də göz yumur. Avropa İttifaqının Türkiyəyə 3 milyard dollar yardımı bu problemin miqyası qarşısında dəryadan bir damladır. Ona görə məsələnin həllini kompleks şəklində həll etmək zərurəti yaranır. Kompleks tədbirlərin içərisində həm qaçqınların, həm də Suriya daxilində siyasi-hərbi müdafiə problemləri kompleks şəklində öz həllini tapmalıdır”.
İ.Vəlizadə vurğulayıb ki, Avropa İttifaqı və dünya ölkələri tərəfindən laqeydlik Türkiyəni məcbur edir ki, sərhədləri açsın: “Buna görə də Avropa İttifaqı ölkələri bu problemin böyüklüyünü dərk etməlidir. Türkiyə sərhədləri açdıqdan sonra Yunanıstan artıq siyasi böhranın astanasında olduğunu etiraf edir. Nəticə etibarı ilə baxsaq insanlar Yunanıstana bir o qədər də üz tutmayıblar. Hətta ora gedən qaçqınların sayı Türkiyə ilə müqayisəedilməz dərəcədə azdır. Türkiyə bu addımıla yeganə mümkün variantı seçib və bu addım Türkiyəyə imkan verəcək ki, dünya ictimaiyyətinin diqqətini qaçqın böhranı bir daha cəlb etsin. Eyni zamanda imkan yaradacaq ki, Suriya probleminin həlli ilə əlaqədar yaxın zamanda daha mötəbər qurumlar, siyasi təşkilatlar məşğul olsun”.