“Milli Məclisin yenilənməsinə böyük zərurət vardı” Siyasət

“Milli Məclisin yenilənməsinə böyük zərurət vardı”

Musa Qasımlı: “Parlament islahatların dərinləşməsinə öz töhfəsini verəcək”

Prezident İlham Əliyev yeni tərkibli Milli Məclisin ilk plenar iclasında çıxış edib. Dövlət başçısı bir sıra vacib məqamlara toxunub, önəmli mesajlar verib. Ekspertlər dövlət başçısının çıxışını dəyərləndiriblər.
Millət vəkili Musa Qasımlı deyib ki, VI çağırış Milli Məclisə seçkilər kəskin rəqabət şəraitində, azad, sərbəst, demokratik və şəffaf keçdi: “Çoxsylı namizədlərin olması buna sübut idi”. Onun sözlərinə görə, seçkinin nəticəsi xalqın iradəsini tam olaraq özündə əks etdirir: “Çoxpartiyalılıq prinsipi əsasında formalaşan parlamentə müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq qadın Milli Məclisə sədr seçildi. Bu, olduqca mühüm hadisədir. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunması ölkəmizdə siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır. Parlamentin tərkibi aydın göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də böyük zərurət var idi. Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament cənab Prezident İlham Əliyevin liderliyində ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək”.
Millət vəkili Elşad Mirbəşiroğlu deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Milli Məclisdə bir saatdan artıq çıxış etdi: “Bu çıxış hesab edirəm ki, özünün konseptual xarakteri ilə seçildi. Prezident çıxışında bir çox məqamlara toxundu. Dövlət başçısı seçkilərin demokratik, şəffaf və müasir standartlara cavab verən səviyyədə keçirildiyini qeyd etdi". Deputatın sözlərinə görə, həqiqətən də bu gün Azərbaycan Milli Məclisinin yeni tərkibi aydın şəkildə nümayiş etdirir ki, VI çağırış Milli Məclis Prezident tərəfindən həyata keçirilməsinə başlanmış islahatlara öz ciddi təkanını nümayiş etdirəcəkdir: "Cənab Prezident qeyd etdi ki, dörd dairənin ləğv olunması da öz növbəsində nümayiş etdirir ki, Azərbaycan tərəfinin özü neqativ halların, çatışmazlıqların aradan qaldırılmasında hamıdan qabaq maraqlıdır. Mənim bununla bağlı mövqeyim ondan ibarətdir ki, Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrinin yoxlanılması zamanı bir çox dairələrdə, məntəqələrdə səsvermənin nəticələri də ləğv olundu. Bunu bizdən hansısa bir beynəlxalq təşkilat istəməmişdi, tələb etməmişdi. Azərbaycan dövlətinin özü maraqlı idi ki, seçkilərdə bütün çatışmazlıqlar qiymətləndirilsin və onların aradan qaldırılması istiqamətində addımlar atılsın. Təbii ki, bu cür də edildi. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan dövləti, hakimiyyəti seçkiləri ən demokratik, şəffaf formada keçirilməsində özü hamıdan qabaq maraqlıdır və bu istiqamətdə kimlərinsə məsləhətinə ehtiyac duymur. Azərbaycan dövləti özü şəffaflığın, demokratiyanın seçki prosesində təmin olunması istiqamətində gərəkən bütün addımları zamanında atır. Bu baxımdan hesab edirəm ki, cənab Prezidentin seçkilərlə bağlı söylədiyi fikirlər həqiqətən də reallığı tam əks etdirir”.
Deputat Jalə Əliyeva deyib ki, ölkə olaraq tarixi bir gün yaşadıq: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə VI çağırış Parlamenti fəaliyyətə başladı. Dövlət başçısını geniş, çox dəyərli, tarixi çıxışı Azərbaycan uğrunda çıxdığımız şərəfli yolu aydınladan böyük bir işıq seli idi”. O, bildirib ki, dövlət başçısının ötən gün etdiyi hər bir çıxış, hər bir cümlə həm Parlament, həm icra, həm də bütün cəmiyyət üçün yol xəritəsi idi: “Ölkə başçısı çıxışı zamanı bildirdi ki, Milli Məclisin yeni tərkibi parlamentin ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyini deməyə əsas verir. Bununla yanaşı, ölkə rəhbəri Milli Məclisin yeni tərkibinə onların beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələri, qanunlar qəbul olunarkən, iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınması ilə bağlı fikirlərini çatdırdı”. J. Əliyeva vurğulayıb ki, ötən gün Milli Məclisdə edilən çıxış islahatlar yoluna qədəm qoymuş Azərbaycanımızın hər bir vətəndaşına, hər qarış torpağına dövlət başçımızın ehtiramının, məhəbbətinin və qayğısının daha bir parlaq nümunəsi idi: “Bu çıxış daha möhkəm vətəndaş cəmiyyətinin qurulması, xalq və dövlət münasibətlərinin inkişafının daha da dərinləşdirilməsi üçün atılmalı olan addımların məcmusu idi”.
Deputat Nəsib Məhəməliyev isə diqqətə çatdırıb ki, iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi çıxış etdi: “Cənab Prezident çıxışının əvvəlində 5-ci çağırış Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirdi, bu da ali rəhbərin öz komandasının üzvlərinin keçmiş fəaliyyətinə verdiyi xeyirxahlıq jesti kimi qəbul olunmalıdır. Prezidentin çıxışları müxtəlif sahələr üzrə xalqa verdiyi tezis xarakterli mesajlarla, zamana və mövcud şərtlərə görə biri digərindən fərqlənir. Ancaq dünənki tarixi çıxışında Prezident, Azərbaycanın gələcək inkişafını təmin etmək, cəmiyyətin bütün təbəqələrini birləşdirmək, əhalini narahat edən problemləri operativ həll etmək, vətəndaş məmnunluğunu təmin etmək, qanunverici və icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi üçün strateji yol xəritəsini cızdı".
O, deyib ki, əvvəlki çağırış deputatların qaldırdıqları bir çox məsələlərə ayrı-ayrı məmurlar tərəfindən qanunauyğun reaksiya verilmir və yaxud yumşaq desək, qulaqardına vurulurdu: "Bu da nəticə etibarilə deputatların, bütövlükdə parlamentin nüfuzuna xələl gətirir, inamsızlıq yaradırdı. Cənab Prezident bu və digər çoxsaylı problemlərin operativ həll olunması üçün ayrı-ayrı nazirliklərə, məmurlara parlamentlə sıx təmasda olmağı, millət vəkillərinin qaldırdıqları məsələlərə ciddi yanaşmağı tapşırdı. Qəbul olunan qanunların icrasına nəzarət etmək mexanizmi, dünya parlamentarizmində geniş yayılmış, eyni zamanda, ən effektiv praktika hesab olunur və düşünürəm ki, prezidentin apardığı islahatlarda məhz bu müddəanın tətbiqi olduqca əhəmiyyətlidir. Son günlər dünya bazarında neftin qiymətinin kəskin düşməsi ilə bağlı yaranmış narahatlıqlar və ajiotajla bağlı Prezidentin verdiyi iqtisadi təhlil, xalqın eşitmək istədiyi fikirlər olmaqla bərabər, Azərbaycanın iqtisadi cəhətdən sabit ölkə olduğunu bir daha göstərdi. Fevral ayında keçirilən seçkilərdən sonra müəyyən siyasi qüvvələr, heç bir parlament islahatlarının aparılmayacağı haqqında əhali arasında müxtəlif şayiələr yayırdılar. Ancaq cənab Prezident hər zaman olduğu kimi, bu dəfə də necə uzaqgörən, peşəkar bir dövlət xadimi olduğunu sübut etdi. Parlamentin rəhbərliyi tamamilə dəyişdi. İlk dəfə olaraq, müxalifət partiyalarının nümayəndələri həm parlament, həm də komitə rəhbərliklərində təmsil olundular. Parlamentə düşən və ya düşməyən müxalifət partiyaları ilə prezident administrasiyası arasında dialoq mühiti yaradıldı. Hörmətli Sahibə xanım Qafarovanın spiker seçilməsi isə müasir dünyada gedən proseslərlə ayaqlaşmaq və Azərbaycanın dünyəvi dövlət olmasının göstəricisidir...”.