Tamam Cəfərova: "Dövlət əlindən gələni edir" Siyasət
Bunu açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Onun sözlərinə görə, dünyada koronavirusa yoluxanların sayı 1 milyonu, ölənlərin sayı 50 mini keçib:
"Ən qorxulusu isə odur ki, bu virusa qarşı heç bir dərman, vaksin yoxdur və heç kim bilmir ki, nə vaxt olacaq. Təsadüfi deyil ki, mövcud vəziyyət müharibə ilə müqayisə olunur. Ən çox qurbanlar o ölkələrdədir ki, onlar vaxtında izolyasiya tədbirləri görmədilər, məsələnin ciddiliyini nəzərə almadılar. Məhz bu səbədən İtaliya, İspaniya, Fransa və hətta ABŞ kimi ölkələrdə koronavirusdan ölənlərin və yoluxanların sayı minlərlədir. İnfeksiyaya yoluxanları yerləşdirməyə xəstəxanalarda yer çatmır, tibbi ləvazimat qıtlığı yaşanır. Hətta inkişaf etmiş ölkələrin səhiyyə sistemləri bu qədər xəstəni qəbul etməyə hazır deyil. Amma başqa bir nümunə də var. Virusun yayılmağa başladığı Çin dövləti elan etdi ki, artıq ölkə daxilində virusun yayılmasının qarşısı alınıb. Bu nəticə dövlətin koronavirusun qarşısının alınması istiqamətində vaxtında fəaliyyətə başlaması və izolyasiya tədirlərinə əhalinin ciddi əməl etməsi nəticəsində mümkün oldu".
Deputat Azərbaycan vətəndaşlarını bu iki halı müqayisə etməyə və nəticə çıxarmağa çağırıb:
"Bu gün Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Dövlətimiz ilk gündən koronavirusun yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə hərtərəfli önləyici tədbirləri görüb və görməkdə davam edir. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli tədbirlər görülür. Bu məqsədlə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın gördüyü işlər hamımıza məlumdur. Dövlət vətəndaşlarının sağlamlığının qorunması, virusun sosial və iqtisadi fəsadlarının minimuma endirilməsi üçün əlindən gələn edir".
Deputat əlavə edib ki, pandemiya ilə mübarizədə vətəndaşların da üzərinə böyük məsuliyyət düşür:
"Vətəndaşlardan tələb olunan yeganə şey izolyasiya rejiminə, məhdudlaşdırıcı qaydalara əməl etməkdir. Çox təəssüf ki, vətəndaşların bir hissəsi koronavirus pandemiyasının yayılması təhlükəsinə qeyri-ciddi yanaşırlar, hökumət tərəfindən qəbul olunmuş sosial izolyasiya, xüsusi karantin rejiminin şərtlərini yerinə yetirmək istəmirlər. Onlar bu ölümcül virusun təhlükəsini, çox təəssüf ki, anlaya bilmirlər. Vətəndaşlar bilməlidirlər ki, onlar sosial izolyasiya qaydalarına riayət etməsələr, evdə qalmasalar, təkcə özlərinin deyil, ətrafındakıların, öz əzizlərinin həyatını riskə atırlar. Virusun sürətlə yayılmasını nəzərə alaraq, hökumət Azərbaycanda xüsusi karantin rejimi elan etdi. Lakin hadisələrin gedişi karantin rejimini daha da sərtləşdirməyi tələb etdi. Apreli 5-dən xüsusi karantin rejimi şəraitində hərəkətlər daha da məhdudlaşdırılır".
Millət vəkili vurğulayıb ki, xüsusi karantin rejimi ərzində işləməyən vətəndaşlar evdə qalmalı, evdən çıxmaq istəyənlər isə SMS-lə icazə almalıdırlar:
"Bütün bunlar vətəndaşlarımızın sağlamlığının qorunması üçündür. Əgər vətəndaşlarımız qaydalara riayət etməsə, böyük itkilər qaçılmazdır. Vəziyyət biz təsəvvür etdiyimizdən də pisdir. Mübarizənin yeganə yolu özünüizolyasiyanın və şəxsi gigiyena qaydalarının gücləndirilməsidir. Vətəndaşlar bilməlidirlər ki, dövlət onların sağlamlığının qorunması üçün əlindən gələni edir. Həkimlərimiz, tibb personalı vətəndaşlarımız virusla ön cəbhədə mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına atırlar. Polislərimiz, həmçinin bu mübarizənin ön sıralarındadırlar. Ölkəmiz üçün belə çətin günlərdə vətəndaşları maksimum məsuliyyətli olmağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməyə dəvət edirəm".
Deputat əlavə edib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.