“Cinayətkar əməllərdən çəkinmirlər” Siyasət

“Cinayətkar əməllərdən çəkinmirlər”

Qüdrət Həsənquliyev “Vəzifəli şəxslərin bir çoxunun qorxmadan qanunları pozmağa davam etməsinin səbəbləri var”

“Bizim üçün çox xoşdur ki, Vüqar Gülməmmədov Hesablama Palatasının sədridir və Milli Məclis tərəfindən formalaşan quruma rəhbərlik edir. Hər kəs onu respublikada peşəkar mütəxəssis kimi tanıyır. Məndən əvvəl həmkarlarım qeyd etdi ki, Hesablama Palatası ölkədə maliyyə intizamının gücləndirilməsi istiqamətində çoxlu tövsiyyələr verir. Biz hər il təkliflərlə tanış oluruq. Bu təkliflər mahiyyət etibarı ilə yenidir”.
Bu fikirləri parlamentin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Millət vəkili çıxışında həmkarı Tahir Mirkişilinin Hesablama Palatası tərəfindən irəli sürülən təkliflərin bir çoxu nəzərə alındığı barədə fikirlərinə diqqət çəkib: “Şəxsən mən deputat fəaliyyətim dövründə rastlaşmamışam ki, hansısa qanun təqdim edilsin və bildirilsin ki, Hesablama Palatasının tövsiyyələri əsasında bu və ya digər qanuna dəyişikliklər edilir. Mən nəyi təklif etmək istəyirəm. Əgər ehtiyac duyulursa, Hesablama Palatasına əlavə ştatlar verək, mütəxəssislər cəlb edilsin. Yəni qanunverciliyə konkret təkliflər təqdim edilsin. Hesablama Palatası Milli Məclis tərəfindən formalaşdırıldığı üçün bizim müvafiq komitələrlə fərdi qayda da işləməlidir”.
Qüdrət Həsənquliyev xatırladıb: “Əvvəlki çıxışlarım zamanı da qeyd etmişəm, elə bir orqan yoxdur ki, Hesablama Palatası orada araşdırma aparıb hər şeyin qaydasında olduğunu müəyyən etsin. Hamısında mütləq qanun pozuntusuna rast gəlinir. Deməli, biz sistemli formada islahatlar aparmalıyıq. Burada Fazil müəllim dövlət satınalmaları zamanı baş verən qanunsuz hərəkətlərdən danışdı, dövlət əmlakından istifadə qaydasına dair qeydlərini açıqladı. Hesab edirəm ki, bunun üçün qanunvericilik təkmilləşdirilməli, məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilməlidir. Hazırda görürük ki, DTX və DİN tərəfindən korrupsiyaya qarşı mübarizə gücləndirilir. İcra başçıları həbs edilir. Bir rayonda icra başçısı saxlanılır, digər rayonda icra baçısı əvvəlki formada işini davam etdirir. Biz görürük ki, belə korrupsiya cinayətləri halında rüşvət verənlər məsuliyyətə cəlb edilmir. Ona görə də insanlar rüşvət verirlər. Bilirlər ki, sabah buna görə, məsuliyyətə cəlb olunmayacaqlar. Amma onlar bilsələr ki, buna görə məsuliyyətə cəlb edilə bilərlər, ehtiyat edərlər. Vəzifəli şəxslərin bir çoxunun qorxmadan qanunları pozmaqğa davam etməsinin səbəbləri var. Onların bir qismi hesab edirlər ki, hansısa formada cinayət məsuliyyətdən yayına bilərlər. Bu daxili inama görə, onlar cinayətkar əməllərdən çəkinmirlər. Biz onların niyə belə fikirləşdiyini düşünməliyik. Deməli bizim sistemli şəkildə islahat aparmağa ehtiyacımız var. Buna qanunvericiliyi təkmilləşdirməklə nail olmaq olar. Bunun üçünsə parlamentin komitələri üzərinə ciddi iş düşür. Vüqar müəllim hesabatını və təkliflərini müvafiq dövlət orqanlarına təqdim edir. Vüqar müəllim, müvafiq dövlət orqanları bir çox hallarda qanunlarda boşluqların olmasından yararlanırlar. Ona görə, siz ünvanı seçəndə, düzdür onlara da göndərməlisiniz. Amma çalışın daha çox qanunverici təşəbbüs subyektləri ilə əməkdaşlıq edin ki, biz qanunvericilikdə olan boşluq və ziddiyyətləri görək. Biz qanunverici orqanın nümayəndələriyik. Qanunları tətbiq etmədiyimiz, onun icrası ilə məşğul olmadığımız üçün boşluqları görə bilmirik. Amma siz yoxlamalar zamanı bunu ortaya çıxarırsınız. Ümid edirəm ki, bizim bu təkliflərimizi nəzərə alacaqsanız”.