“Status-kvonu bərpa etmək bizim üçün çətin olacaq” Siyasət

“Status-kvonu bərpa etmək bizim üçün çətin olacaq”

Mübariz Əhmədoğlu: "Ermənistanda müsbətə doğru dəyişən heç nə yoxdur"
Zahid Oruc: "Hazırki beynəlxalq və regional şərait Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə tənzimlənməsini qeyri-mümkün edir"

Fransa Prezidenti Fransua Olland Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlarda uğur əldə olunmasını arzulayır. Bu barədə Ollandın Ermənistanın dövlət başçısı Serj Sarkisyana Müstəqillik günü münasibəti ilə göndərdiyi təbrik məktubunda deyilir. Məktubda deyilir: "Arzu edirəm ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi cəlb olunduğu Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlar yaxın gələcəkdə uğurla başa çatsın. Bu məqsədlə sizi oktyabrın sonunda Parisdə qəbul etməyə şadam".
Qeyd edək ki, oktyabrın sonunda Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.
Onu da əlavə edək ki, Ermənistan rəhbərliyi ənənəvi olaraq müharibə ritorikasından əl çəkmir.
ADA-nın professoru, politoloq Elnur Sultanov deyir ki, Fransa prezidentinin "ümid edirəm ki, Paris danışıqları sonrası məsələ öz müsbət sonluğunu tapacaq" ifadəsinin arxasında maraqlı nüanslar dayanıb: "Qarabağ məsələsində status-kvonu bərpa etmək bizim üçün çətin olacaq. Çünki bu məsələ ermənilərə görə sosial-psixoloji problem sayılır. Lakin Azərbaycan üçün isə böyük ölçüdə dövlət xətti ilə aparılan ümummilli məsələdir. Onların diasporaları, ictimai təşkilatları, həm də ayrı-ayrı fərdlər bu məsələdə xeyli təcrübəyə malikdirlər. Biz isə iyirmi il öncə diaspor fəaliyyətlərini aktivləşdirmişik. Hələ yeni-yeni diplomatik hücumlara keçirik... Birincisi, qarşıdan qondarma 1915-ci il hadisələrinin "100 illik yubileyi" gəlir. Fransa bu məsələdə canfəşanlıq göstərməyə məcburdur. Çünki güclü erməni diasporu Ollandı sorğuya çəkəcək ki, bizim üçün nə etmisən? İkincisi, Birinci Dünya müharibəsində Fransa öz "sevimli dostlarını" qoruya bilmədi. Və bunun üzrünü indi çıxmaq istəyirlər. Burada tarixi borc hissi var. Üstəlik tarixi dostluq münasibətləri də erməni-Fransa əlaqələrində siyasi istiliyin möhkəmliyinə dəlalət edir".
Ekspertin sözlərinə görə, məsələnin digər siyasi tərəfi də var. Bu isə altı aydır Parisdə prezidentlərin görüşünü təşkil edə bilməyən Fransanın Rusiyanın danışıqlardakı üstünlüyünü pərdələmək istəməsidir. Bununla əlaqədar həmsöhbətimiz aşağıdakıları deyir: "Soçi görüşündən sonra Rusiya münaqişənin nizamlama prosesində Qərbi qabaqladı. Avropa isə bundan narahatdır. Üstəlik Ukraynada hələlik Rusiyanın üstünlüyü rəsmi Parisi daha da qıcıqlandırır. Bu da Fransanın aktivlik göstərməsinin digər səbəbi ola bilər".
Elnur Sultanov Azərbaycan diplomatiyasının mümkün cavab atəşindən də danışıb. "Azərbaycan "soyqırımın" 100 illiyi öncəsi türk diasporu ilə birləşərək hücuma keçəcək. Tarixi dəlillər və faktlarla danışacaq. Ancaq bəzən belə qısa müddətdə həddən artıq canfəşanlıq da mənfi təsirini göstərə bilir: "İstənilən halda biz ermənilərin Xocalıda etdikləri haqda xarici jurnallarda müəyyən bir informasiya paylaşsaq, avropalı elə biləcək ki, söhbət "erməni soyqırımı"ndan gedir. Çünki sadə qərblilərin şüuraltında "erməni=soyqırım" disturu formalaşıb. Onun üçün informasiyanı tam oxumaq önəmli deyil. Ona görə də biz son dərəcə diqqətli olmalıyıq. Bu baxımdan da Fransa erməni lobbiçiliyinin kök saldığı Avropanın əsas mərkəzlərindədir".
Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu diqqətə çatdırıb ki, Ermənistan prezidenti Serj Sarkisyanın qarşısında duran əsas məsələ ölməkdə olan ölkəsinin vəziyyətini diaspor nümayəndələrindən gizlətməkdir: "Çünki, Serj Sarkisyanın cibinə gedən pulların əsas hissəsi diasporun hesabına formalaşır. Ona görə də diaspora qarşısındakı çıxışı zamanı Azərbaycana qarşı müharibə əhval-ruhiyyəli bəyanatlar səsləndirib". "Serj Sarkisyan diaspora qarşısındakı çıxışı ilə onlara isbat etməyə çalışır ki, guya Ermənistan güclüdür, pulları orduya xərcləyir, Dağlıq Qarabağ məsələsində uğur əldə edəcəklər. Yəni, bu fikirlər onun şəxsi kapitalı naminə səslənib, - deyə Mübariz Əhmədoğlu vurğulayıb.
"Hədən Serj Sarkisyan çıxışı zamanı iqtisadiyyatın, elmin inkişafından danışmır?",- deyən politoloq "çünki, Ermənistanda müsbətə doğru dəyişən heç nə yoxdur", deyə vurğulayıb: "Xüsusən birbaşa Serj Sarkisyanın nəzarət etdiyi sahələrdə vəziyyət bərbad gündədir. Ona görə də diaspora qarşısında müharibə bəyanatı verməlidir. Çünki, başqa variantı yoxdur". "Yaxın vaxtlarda Azərbaycan ordusu bütün erməni diasporuna sübut edəcək ki, Serj Sarkisyan yalan danışır, onun dediyi ancaq diaspordan pul qopartmağa hesablanmış bəyanatlardır. Azərbaycan ordusu Serj Sarkisyanı diasporun gözü qarşısında tərəkəməyə oynadanda başa düşəcək ki, bizə qarşı müharibə dili ilə danışmaq nə deməkdir, - Mübariz Əhmədoğlu vurğulayıb.
Millət vəkili Zahid Oruc deyib ki, hazırki beynəlxalq və regional şərait Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə tənzimlənməsini qeyri-mümkün edir. Onun sözlərinə görə, bu gün Ukrayna məsələləri üzərindən Rusiya ilə savaş aparan Qərb dairələrinin, bütün bunları bir kənara qoyaraq Dağlıq Qarabağ mövzusunda şimal qonşumuzla dil tapa biləcəyinə Azərbaycan xalqını inandırmaq çox çətindir: "Şərti olaraq sabah sülh sazişinin sənəd üzərində hazırlanmasının şahidi olsaq belə onun reallığa çevrilməsi, hüquqi cəhətdən qüvvəyə minməsi və regiona tətbiq edilməsi qeyri-mümkündür. Çünki, dərhal kənar maraqlar elə bir şəkildə burada toqquşacaq ki, onlar Azərbaycan üçün əlavə problemlər törədəcəklər. Ona görə də hesab edirəm ki, burada ikinci Ukrayna cəbhəsinin açılmasına ehtiyac yoxdur və biz beynəlxalq maraqların toqquşmasının Qafqazda da təkrarlanmasını istəmirik".
Zahid Oruc bildirib ki, sülh sazişi məsələsini arzulamaq və bəyan etmək nə qədər önəmlidirsə, bunun üçün lazım olan tədbirlər işə salmaq bir o qədər vacibdir: "Bu gün ABŞ Rusiya ilə sanksiyaların dili ilə danışır. Hətta Ukraynanın Krımı, Luqanskı və Donetski hər cür vasitə ilə geri qaytarmasına bəraət verirlər və bunun üçün silah da göndərirlər. O zaman nə üçün bunun mində birini Azərbaycan üçün etmək istəmirlər? Nəyisə arzulamaq 90-cı illərin əvvəlində bizim üçün mühüm bəyanat kimi görünə bilərdi. Bu gün isə yox. Çünki bəyanat verilirsə, ardınca lazımlı tədbirlər həyata keçirilməlidir. Buna əməl edilmirsə, deməli bu özünü münsif kimi göstərmək və Rusiyaya zərbə vurmaq üçün Qarabağ cəbhəsindən alət kimi faydalanmaqdır".
Millət vəkili vurğulayıb ki, yaxın vaxtlarda sülh sazişinin beynəlxalq vasitəçilərin əli ilə reallaşacağına inanmır.

Əli