Həyat iki rəngdən ibarət deyil Siyasət

Həyat iki rəngdən ibarət deyil

“Yaxşı nədir, pis nədir”. Vladimir Mayakovskinin şeiridir.
Bu şeiri əzbərləmək məcburiyyətində qaldığımız dönəmdə bizə sırınan, yaxud ətrafına iki rəngdən ibarət ideoloji çəmbər çəkilmiş həyat o qədər sadə, o qədər bəsit idi ki - Yaxşı və pis, ağ və qara, xeyir və şər... Elə dünyanın özü də iki geosiyasi qütbdən ibarət idi...
Sovet ideologiyası teoloji dualizm – diteizm üzərində formalaşmışdı və bu baxımdan da aşağı və orta intellektli insanın şüurunun alt qatlarına varmağı, təhtəlşüur olaraq qavrama mexanizminə çevrilməyi bacarmışdı. Təbii ki, bütün dinləri “kütlələr üşün tiryək” hesab edən sistem təməl ideologiyasının teoloji dualizmə söykəndiyini etiraf edə bilməzdi. Amma hind mədəniyyətinin kütləvi təbliği, zaroastrizmin, bütövlükdə isə teoloji dualizmin açıq şəkildə keçdiyi bütün dini-fəlsəfi nəzəriyyələrin qadağa və basqılardan kənarda qalması nəzərə alınarsa, prosesi bu günün baxış bucağından ideoloji vərəsəliyin dolayısıyla etirafı kim də dəyərləndirilmək olar.
Mətləbə bir az uzaqdan yol aldım və təbii ki, bunun da öz səbəbləri var. Çünki nə müasir insanı, nə cəmiyyəti, nə də dünyanı iki rəng çalarının arasındakı məsafədən dəyərləndirmək mümkün deyil. İnsan psixologiyasının çalarları, az qala hər gün artır və özünü həm fərdlərin davranışlarında, həm toplumsal, həm də kürəsəl proseslərdə büruzə verir. Yəni dünya iki rəngdən ibarət deyil... Amma biz hələ də iki rəngin arasında sıxışıb qalmışıq. Hələ də bu iki rəngin sini siyasi boyaları ilə bəzədilmiş obrazlarının arasında var-gəl edir, kimin “ağ”, kimin “qara, yaxud “yaxşı” və “pis” olduğunu müəyyənləşdirməyə çalışır. Halbuki çağdaş siyasi proseslərdə haqqında söz açdığım rənglər və boyalar keçici texnologiya vasitələrindən başqa bir şey deyil. Məsələn, Yaxın, orta Şərqdə, Aralıq dənizi hövzəsində “rəngli inqilab” senariləri işə düşəndə yazılarımdan birində Qərbin qanunsuz hərbi birləşmələrə münasibətdə “yaxşı terrorçu” - “pis terrorçu” yanaşmasına diqqət çəkmişdim. Sonra isə ABŞ Prezidenti Franklin Ruzveltin adına çıxılan və onun guya Nikaraquanın dövlət başçısı haqqında söylədiyi iddia olunan məşhur “Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur” deyimini də misal çəkmişdim...
İndiki məqamda Ruzveltin Samosa haqqında bu sözləri deyib-demədiyi önəmli deyil, önəmli olan bu sözlərin həqiqəti əks etdirməsidir...
...Dualizmdən Ruzveltə, Samosaya qədər yazdıqlarım, son günlər ölkəmizdə cərəyan edən proseslərə ayrı-ayrı siyasət və media adamlarının, sosial şəbəkə istifadəçilərinin mülahizələrinə, bu xüsusda aparılan müzakirələrə yan almaq xarakteri daşıyır. Gəmi kimi... Ləngər vura-vura... Vəssalam.
Hər gün imkan düşdükcə ifşa olunan korrupsioner məmurların, icra başçılarının saxlanılması ilə bağlı aparılan müzakirələrlə tanış olmağa çalışıram. Fərqli yanaşmalar var, təbii ki, amma əsasən, yenə də dəyərləndirmələrin əksəriyyəti “yaxşı və pis icra başçısı” müstəvisindən kənara çıxmır. Tutduğu vəzifədən, daşıdığı statusdan asılı olmayaraq müzakirəyə qoşulan, yaxud baş verənlərə münasibətini açıqlayan şəxslərin çoxu prosesə fərdi, yaxud koprporativ maraqlar çərçivəsindən yanaşmaqla kifayətlənir. İşləri keçən, yaxud xahişlərinə yox deməyən icra başçıları “yaxşı”, bunun əksini edənlər, yaxud konkret şəxsin personasına diqqət yetirməyənlər isə “pis” “qiymətlə” mükafatlandırılırlar. İslahatlar, icra başçılarının, məmurların korrupsiyaya bulaşmalarının səbəbləri, onları həbsə aparan yolun əvvəlindən sonunadək cərəyan edən hadisələr qalır bir kənarda. Bu yanaşmalarla isə ayrı-ayrı fərdlərin, bütövlükdə isə toplumun dünyagörüşündə fundamental dəyişikliklərə nail olmaq mümkün deyil. Toplumun islahatlar haqqında təsəvvürləri, əsasən ayrı-ayrı məmurların həbsi, yaxud işdən azad olunması ilə məhdudlaşır. Əksər hallarda aparılan kadr dəyişikliklərinin, struktur islahatlarının təməl mahiyyətinin özü də insanlar üçün aydın olmur. Məmur işdən çıxarıldı, başqası ilə əvəz olundu... Sonra? Nə dəyişəcək və bu dəyişikliyin baş verməsi üçün ayrı-ayrı vətəndaşlar, bütövlükdə cəmiyyət nə etməlidir? İslahatları dəstəkləmək lazımdır, əlbətdə, bu yanaşmanı mütləq əksəriyyət başa düşür. Amma necə? Fərdlərin, cəmiyyətin, siyasi partiyaların, medianın, qeyri-hökumət təşkilatlarının bu prosesdə iştirakı nədən ibarət olmalıdır? Aydın deyil. Məncə konkretliyin zamanı çoxdan çatıb...
Məmurların rüşvət almasından demək olar ki, cəmiyyətin hər bir üzvü danışır. Amma bu “rüşvətalma” prosesində ikinci tərəfin olduğu haqda çox az adam söhbət açır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev həm parlamentdəki çıxışlarında, həm də müsahibə və açıqlamalarında bu məsələyə bir neçə dəfə toxunub. Bəs rüşvət verən, məgər onun heç bir günahı yoxdur? Və yaxud vətəndaşın məmura, konkret halda icra başçısına rüşvət verməsinin səbəbi nədir? Korrupsiyaya, rüşvətə zəmin yaradan mühiti “münbitləşdirən” amillər hansılardır? Səbəblər aradan qaldırılmadıqca, problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər müvəqqəti və keçici xarakter daşıyacaq.
Bu prosesdə ən ağrılı nöqtələrimizdən biri və bəlkə də birincisi ictimai nəzarət mexanizmlərinin kifayət qədər zəif və bir çox hallarda formal xarakter daşımasıdır. Yerli icra hakimiyyəti orqanlarının əksəriyyətində ictimai nəzərət şuraları formalaşdırılmayıb. Kimsəyə sirr deyil ki, mərkəzi icra strukturlarının çoxunda formalaşdırılan ictimai nəzarət şuralarının üzvləri, əsasən müvafiq icra orqanı üçün “təhlükə” yaratmayacaq, “ləbbeyk” deyəcək, yaxud həmin qurumun sözçüsü kimi çıxış edəcək öncədən “süzgəc”dən keçirilmiş adamlar arasından seçilirlər. Bu problemin aradan qaldırılması üçün isə ictimai nəzarət şuralarının formalaşdırılması mexanizmlərinə yendən baxmaq lazımdır. İctimai şuraların formalaşdırılması prosesində müvafiq icra hakimiyyəti orqanının iştirakına və müdaxiləsinə, heç bir halda imkan verməyən mexanizmlər yaradılmalı və tətbiq olunmalıdır.
Bu arada qeyd edim ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mayın 6-da keçirilən videokonfransında ictimai nəzarətlə bağlı problemlər ətraflı müzakirə olundu. Şuranın sədri, millət vəkili Azay Quliyev, QHT rəhbərləri Sabit Bağırov, Əliməmməd Nuriyev və digər şəxslər ictimai nəzarət insitutunun tətbiqi ilə bağlı proeblemlər haqqında kifayət qədər açıq danışdılar. Bu mövzuda belə bir açıq müzakirənin başladılması isə, qənaətimiə görə mühüm əhəmiyyət kəsb edir və prosesin davamlı olaraq həyata keçirilməsinə ehtiyac var.
İctimai Şuraların formalaşdırılması ilə bağlı dünyada tətbiq olunan mexanizmlərin sayı isə yetərincədir.
Məsələn, Macarıstanda Vətəndaş Proqramları Fondunun ictimai şurasının 15 üzvündən 10-u vətəndaş cəmiyyəti insitutlarının, 3 nəfər hökumətin, 2 nəfər isə parlamentin təmsilçiləri arasından seçilir. Braziliyada şəhər şurasının 48 üzvündən 46-nı vətəndaş cəmiyyətinin təmsilçiləri təşkil edir. Yalnız 2 üzv dövlət orqanlarını təmsil edir ki, onların da səsvermə hüququ olmur.
Fransanın Sosial-İqtisadi Şurasının 231 üzvündən 68-i sahə üzrə peşəkar mütəxəssislər arasından seçilərək, hökumət tərəfindən təyin olunur. Şuranın 163 üzvünü isə qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları müəyyənləşdirir.
Təbii ki, ictimai şuraların formalaşdırılmasında ən önəmli məsələ, onların tərkibinin kimlərdən ibarət olacağından daha çox, bu tərkibin necə seçilməsidir.
Burada da beynəlxalq təcrübəyə müraciət etmək olar. Bununla bağlı apardığım araşdırmalarda, ən çox bəyəndiyim ABŞ-ın Deyton ştatının təcrübəsi oldu. Bu ştatda şəhər şuralarının üzvləri ictimaiyyət nümayəndələri arasından və səsvermə yolu ilə seçilir. Səsvermədə iştirak etmək üçün isə 25 seçicinin imzasını toplamaq lazımdır. Bu mexanizmin daha da təkmilləşdirilməsi və innovativ vasitələrlə həyata keçirilməsi mümkündür. QHT Şurasının layihələrin seçilməsində tətbiq etdiyi səsvermə mexanizmindən ictimai şuraların tərkibinin formalaşdırılmasında da istifadə etmək olar.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyatlar, şübhəsiz ki, təkcə cinayətkarların məsuluyyətə cəlb edilməsi baxımından deyil, həm də islahatların qarşısını kötük kimi kəsməyə çalışanların ənənəvi “münbit torpaq”larından çıxarılması və islahatların geriyədönməz bir proses olduğu barədə cəmiyyətə verdiyi mesaj kimi də mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, uzun illər ərzində nəinki “bəhər” verməyən, hətta “yarpaq” belə “aça” bilməyən, şirəsovuran kötüklərin qidalandığı “torpağın” özünü də təmizləmək lazımdır. İcra hakimiyyəti orqanlarının səlahiyyətlərinin əhəmiyyətli hissəsi bələdiyyələrə verilməli, bələdiyyələr üzərində şəffaf ictimai nəzarət mexanizmləri tətbiq olunmalıdır.
Bir necə cümlə də islahatların həyata keçirilməsində vacib eleməntlərdən biri olan kadrlar haqqında yazmaq istəyirəm. Təbii ki, struktir islahatları və kadr siyasətinin nəticəsi özünü müəyyən bir zaman kəsiyindən sonra daha qabarıq büruzə verəcək.
Amma bəzən nisbətən “aşağı səviyyə”lərdə müşahidə etdiyim bəzi məqamları da bölüşməyi özümə borc bilirəm: Hesab edirəm ki, bu və ya digər striktura, xüsusilə də ictimaiyyətlə sıx təmasda olan qurumlara kadrları “paraşütlə” atmazdan öncə onları harada, kimlərlə və necə çalışacaqları barədə təlimatlandırmaq, görəcəyi işin incəliklərini öyrətmək lazımdır ki, bu adamlar da öz növbəsində peşəkar, abırlı, özünə hörmət və xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət edən insanlara “dəvə nalbəndə baxan kimi” baxmasınlar. Anlamadıqları, bilmədikləri məsələlər haqqında mülahizələr yürüdüb, anlayanların və bilənlərin arxasınca şit-şit irişməsinlər.
Bunu sözgəlişi yazdım...
P.S. Dəyərli oxucular, bu yazıda Sizinlə birlikdə teoloji dualizmdən, sovet ideologiyasından, Ruzveltdən, Samosadan ictimai nəzarət mexanizmlərinədək “yol” gəldik. Amma yenə də qənaətim dəyişmədi. Kimin olmasından asılı olmayaraq, “yaxşı köpək oğlu”, “pis köpək oğlu” bölgüsü bütün müstəvilərdə ədalət prinsipinin ayaqlar altına atılmasına zəmin yaradır. Mənə görə, qanunlar, onların aliliyinin təmin edilməsi üçün vazkeçilməz olan ictimai nəzarət mexanizmləri, məsuliyyət, intellekt, peşəkarlıq, çevik qərarlar qəbul etmək bacarığı bütün problemlərinin həllinin aşarıdır.
Heç yaxşı və ya pis adam anlayışı da yoxdur. Və həyat iki rəngdən ibarət deyil!

Elçin Mirzəbəyli