“Reklam haqqında” qanunun tələbləri pozulur Siyasət

“Reklam haqqında” qanunun tələbləri pozulur

Qüdrət Həsənquliyev: “Məktəblərin yanında tütün məmulatlarının satılması ilə bağlı dəfələrlə məsələ qaldırmışıq, amma bu istiqamətdə heç bir tədbir görülmür”

“Biz bu məruzəni kafi qiymətləndirə bilərik. Doğurdan da insan alverinə qarşı mübarizə istiqamətində ciddi işlər görülür. Mən sadəcə olaraq bir neçə məsələni hörmətli Seyfulla müəllimin nəzərinə çatdırmaq istərdim”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı haqqında danışarkən deyib.
Millət vəkili bildirib ki, daxili işlər naziri Vilayət Eyvazov nazir müavini olduğu zaman ona telefon açaraq dedim ki, məktəblərin ətrafında şagirdlərə sulu qəlyan çəkməyə şərait yaradılır. Bundan sonra həqiqətən də məsələyə ciddi yanaşıldı, reyd keçirildi. Sonradan mətbuatda oxudum ki, çoxlu sayda kafe sahibləri qanunvericiliyə uyğun olaraq cəzalandırılıb”.
Millət vəkili əlavə edib ki, uzun müddətdir məsələ qaldırır ki, “Reklam haqqında” qanunun tələbləri pozulur, məktəblərin ətrafında tütün məmulatları satılır: “Bununla bağlı Baş prokurora, Dövlət Reklam Agentliyinə sorğular göndərdim. İndi də məsələni Daxili İşlər Nazirliyi qarşısında qaldırıram. Siz də küçələrdən keçərkən görürsünüz ki, köşklərdə şüşə arxasında rahat formada tütün məmulatları satılır. Siz deyə bilərsiniz ki, bu məsələnin insan alverinə qarşı mübarizəyə nə aidiyyəti var. Fikrimcə, birbaşa əlaqəlidir. Siz cinsi istismara məruz qalan qızların həyatına diqqət etsəniz görərsiniz ki, onlar məktəbli olduğu zaman siqaret çəkməyə, narkotikdən istifadəyə cəlb edilən şəxslərdir. Seyfulla müəllim bu cinayətlərin profilaktikasından danışdı. Həqiqətən bu istiqamətdə böyük işlər görülür. Amma ən mühüm işlərdən biri budur. Hazırda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Amma çalışmalıyıq, elə görüntü yaranmamalıdır ki, yalnız məsləhət bilindiyi halda qanunları tətbiq edir, başqa vaxt isə tətbiq etmirik. Dəfələrlə mən, Qənirə xanım, digər həmkarlarım burada məsələ qaldırmışıq ki, məktəblərin yanında tütün məmulatları satılır. Amma bu istiqamətdə heç bir tədbir görülmür. Çox istərdim ki, özünüzün tədbir gömək imkanınız olmasa da, bu məsələni cənab Prezidentə, hörmətli Mehriban xanıma çatdırasınız, bəlkə onlar bu istiqamətdə tapşırıqlar verər”.

“Hədəflərin peşəkarcasına vurulduğunun görüntüsü yaradılsın”

Qüdrət Həsənquliyev daha sonra bildirib ki, cari məsələlərin müzakirəsi zamanı çıxışa yazılmadığı üçün bir vacib məsələni qaldırmaq niyyətindədir: “Mən güc strukturlarının birgə fəaliyyət göstərdiyini bilirəm və ona görə də bu məqama toxunuram. Bilirik ki, hazırda Müdafiə Naziriliyi tərəfindən bütün qoşun birləşmələrinin iştirakı ilə hərbi təlimlər keçirilir və bu Ermənistanda ciddi həyacan yaradıb. Amma bundan əvvəlki təlimlər zamanı da biz gördük ki, təlimlər haqqında mətbuata yalnız o görüntülər verilir ki, hərbi avtomobillər, texnika sıra ilə hərəkət edir. Ancaq biz onsuz da, həmin texnikanın sıra ilə hərəkət etməsini cənab prezidentin iştirakı ilə keçirilən paradlarda görürük. Bizə lazımdır ki, müasir texnikadan bizim zabitlərin necə istifadə edildiyinin, hədəflərin peşəkarcasına vurulduğunun görüntüsü yaradılsın. Bunun ermənilərə təsiri daha geniş ola bilər. Hesab edirəm ki, bu fikirlərim nəzərə alınacaq”.