Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir Siyasət

Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir

Bu gün dünyada 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir.
Bu fikri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində ordumuz ötən hər gün ərzində daha da güclənir. Prezident İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində də bəyan etdiyi kimi, bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı yaxşı bilir və dəyərləndirir. Eyni zamanda, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu xüsusi olaraq qeyd edirlər.
Bu uğurun heç də təsadüfən və asanlıqla əldə olunmadığını deyən Vüqar İskəndərov əlavə edib ki, məhz Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən yorulmaz fəaliyyət nəticəsində ölkəmiz bu uğuru əldə edib. Çünki cənab İlham Əliyevin Prezident kimi fəaliyyətində ordu quruculuğu birinci yerdədir.
“Son illər ordu quruculuğunda, hərbi hissələrin tikintisində tətbiq olunan Azərbaycan standartları ən yüksək qiymətə layiqdir. Dövlət başçısının göstərişi ilə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanıb. Eyni zamanda, yaxın iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcək. Bütün bunlar da bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Bir sözlə, müharibə şəraitində yaşayan Azərbaycanda ordu quruculuğu prioritet məsələdir” , - deyə deputat əlavə edib.
Vüqar İskəndərov bildirib ki, Azərbaycan Ordusunda şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur, Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatə olunurlar. Prezidentin göstərişi ilə orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və Azərbaycan dövləti bu vəsaiti ayırır. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara mənzillər verilib. Eyni zamanda, dövlət başçısının bu yaxınlarda verdiyi göstərişə əsasən bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Son məlumata görə, təqribən 200-dən bir qədər çox zabit isə hələ növbədədir və dövlət başçısının bəyan etdiyi kimi, onların da mənzil problemləri həllini tapacaq. Bundan başqa, hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Bir sözlə, Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatə olunurlar.