Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
6 Dekabr 23:11
Mais Səfərli: “Azərbaycan əsgərinin atəşi onları gerçəkdən külə döndərəcək”
İyulun 12-də Ermənistan silahlı qüvvələri sərhədlərimizin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ordumuzun 4 qulluqçusu həlak olub, 5 yaralımız var.
Cavab tədbirləri ilə düşmənin hücumunun qarşısı alınıb, ermənilər böyük itkilərə məruz qalıb. Rəsmi Yerevan itkilərin miqyasını gizlətsə də, erməni mətbuatında ölənlərin sayının 32, yaralananların sayının isə ondan qat-qat çox olduğu bildirilir.
Yurddasş Partiyasının sədri, sabiq deputat Mais Səfərli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, bütün dünyanın koronavirusla mücadilə etdiyi bir vaxtda, pandemiyadan ən çox zərər görən ermənilərin bu təxribata əl atmasının, sözsüz ki, səbəbləri var:» Bildiyiniz kimi, demokratiya pərdəsi altında hakimiyyətə gələn Paşinyan acından ölən həmvətənlərinə çörək və iş vəd etmişdi. illər keçsə də, o, bunları xalqına verə bilmədi. Baş nazirin bacarıqsızlığı, boşboğazlığı ölkəsində vəziyyəti daha da ağırlaşdırdı. Onun savadsızlığı və səriştəsizliyi pandemiya ilə mübarizədə özünü daha qabarıq göstərdi. Bu gün düşmən dövlət əhalisinin say nisbətində infeksiyaya yoluxanlara və ölənlərə görə dünyada ön yerdədir. Bu səbəbdən Ermənistanda daxili siyasi vəziyyət olduqca gərgindir. Müxalifət xalqı aldadan Paşinyanı istefaya çağırır. Ermənistanı etiraz dalğaları bürüyüb.
İctimaiyyətin diqqətini yayındırmaq, daxili siyasi böhranı malalamaq üçün hoqqabaz baş nazir, söz yox ki, atəşkəsi pozmaqla buna nail olmaq istəyir. Lakin o, məsuliyyətsiz və cinayətkar əməlləri ilə növbəti dəfə öz xalqını itkilərə məruz qoydu”.
Partiya sədrinin fikrincə, Ermənistan rəhbərliyinin indiki təxribatının başqa bir məqsədi də Azərbaycan ilə münaqişəyə 3 - cü ölkələri cəlb etmək istəyidir:”Quşbeyin Paşinyana elə gəlir ki, Azərbaycan Ordusu hücuma keçərkən Kollektiv Müqavilə Təşkilatının üzvləri ermənilərə yardıma gələcəklər. Burnundan uzağı görməyən erməni hökumətinin başçısı bilməlidir ki, odla oynayır. Bu od, onu da, Rusiyanın, Qərbin köməyi ilə tarixi torpaqlarımızda qurduqları marionet dövlətlərini də yandırıb yaxacaq. Onların imdadına heç kəs, heç Tanrının özü də çatmayacaq. İşğalçı Ermənistan unutmamalıdır ki, zəbt etdikləri ərazilərimizi BMT TŞ-nın qətnamələrində və beynəlxalq hüquqda göstərildiyi kimi, tezliklə tərk etməsələr , belə təxribatlarla status-kvonu saxlamağa çalışsalar, Azərbaycan əsgərinin atəşi onları gerçəkdən külə döndərəcək”.
Milli Məclisin deputatı Rasim Musabəyov isə Tovuz istiqamətində Ermənistan və Azərbaycan ordusu arasında baş verən silahlı qarşıdurmanı şərh edərkən deyib ki, Tovuzda baş verənlər daha çox hərbi məsələ ilə bağlıdır:”Bildiyim qədər cəbhənin Tovuz-Qazax istiqamətində Azərbaycan ordusu ən yüksək mövqelərə sahibdir. O cümlədən, Azərbaycan ordusu Gürcüstandan Ermənistana keçən qaz kəmərini vurmaq imkanlarına malikdir. Ermənilər daima bizi hədələyirdi ki, müharibə başlasa Azərbaycanın kəmərlərini vuracaqlar. İndi bunun cavabı var. Sözsüz ki, bu, erməniləri narahat edir. Yəni çətin vəziyyətə düşüblər”.
Onun fikrincə, baş verən qarşıdurmanı daha çox hərbçilər şərh edə bilər: “Belə iddialar səsləndirilir ki, ermənilərin bu yolla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını fəallaşdırmq niyyətləri var və sair. Ola da bilsin, ermənilər bu addımla öz xalqına nümayiş etdirməyə çalışırlar ki, baxın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizə kömək etmədi. Bunun üçün belə avantüraya gedə bilərlər. Axı, Ermənistanın hazırkı hakimiyyəti Qərbə yaxındır, əhali isə ruspərəstdir. Bu ehtimal da istisna deyil”.
Deputat əlavə edib ki, Tovuz cəbhəsində baş verənlərin Emənistan daxili siyasətinə hansısa formada təsirləri olacaq, amma bunun üçün bir qədər gözləmək, məlumatlarla tanış olmaq lazımdır: “Məsələn, Ermənistanda elə avantürist dairələr var ki, onlar hesab edirlər mövcud vəziyyəti saxlayıb gözləmək lazımdır, Azərbaycan nə vaxt geri durdu, bu an istəyimizi həyata keçirərik. Başqa düşüncə budur ki, artıq bizdə güc qalmayıb, gözləməklə zəifləyirik, elə müharibə olduğu halda uğurlar əldə edilə bilər. Yəni sonsuz dəhşətdənsə, dəhşətli son daha yaxşıdır.
Onlar hesab edirlər ki, müharibə başlasa, uğur əldə edə bilərlər. Amma uduzsalar, bəzi ərazilərdən çıxmalı olsalar belə müharibəni dayandıra, sülhməramlı qüvvələri prosesə cəlb edə bilərlər. Yəni Ermənistanda belə avantürist düşüncələr var. Əlbəttə, biz helə fikirləri yoxlamalıyıq”.
Bir qədər səbr edib daha geniş informasiya ilə tanış olmağı vacib sayan Rasim Musabəyov bildirib ki, Azərbaycan ordusu qüdrətlidir və onun qarşısında Ermənistan ordusunun duruş gətirməsi ağlabatan deyil.
Hərbi eksperti Ədalət Verdiyev düşmənin sərhəddə törətdiyi təxribatı şərh edərkən bildirib ki, iyulun 12-də günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyi ərazisində atəşkəs rejimini kobud surətdə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tuturaq hücuma keçməyə cəhd göstəriblər. Azərbaycan ordusunun həmin ərazidə mövcud olan hissə və birləşmələrinin gördükləri tədbirlər nəticəsində, o cümlədən artilleriya və tank bölmələrini ehtiyat və əsas atəş mövqelərinə çıxarmaqla düşmən təxribatının qarşısını almağa nail olublar. Düşmənin hücumunun qarşısını alarkən Azərbaycan ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4 nəfəri isə yaralanıb.
O qeyd edib ki, ilk andan erməni tərəfi guya Azərbaycan ordusunun UAZ markalı avtomobillə Ermənistan sərhəddini pozmaqda ittiham edərək baş verən bu toqquşmaya görə məsuliyyəti öz üzərindən atmağa cəhd edir.
“Lakin bu açıqlamaların heç bir əsası yoxdur. Çünki həmin ərazi tamamilə hər iki tərəfdən minalanıb. İkincisi maksimal görüntü məsafəsinin təyin olunduğu iyul ayında heç bir silahlanmaya malik olmayan, sadəcə daşınma vasitəsi kimi istifadə olunan UAZ markalı maşınla düşmən mövqelərinə doğru irəliləmək heç bir məntiqə sığmır. Digər tərəfdən insident Ermənistanın hazırda müəyyən qədər KTMT və onun aparıcı dövləti olan Rusiya ilə problemləri yarandığı bir dövrdə sanki KTMT-ni bu münaqişəyə cəlb etmək üçün attdığı bir addımı kimi də dəyərləndirilə bilər. Bu kimi hadisələrə daha əvvəllər rast gəlmişik. Buna görə də bu cür addımlar artıq bizi təəccübləndirmir. Digər tərəfdən biz dəfələrlə Ermənistanın həmin sərhəd boyunca yerləşən kəndlərdə yaşayan mülki əhalini hədəf alması kimi çoxsaylı təxribatları ilə də qarşılaşmışıq. Hazırda bölgədə yerləşən Azərbaycan ordusu tamamilə vəziyyətə tam nəzarət edir. Həmin mövqelərdə müdafiə olunan hissə və birləşmələrimizin mövqelərində heç bir dəyişiklik yoxdur. Düşmən öz mövqelərinə doğru çəkilməyə məcbur qalıb. 3 saata yaxın davam edən döyüşlər barədə də dünya mediasında da xüsusi diqqət yetirilib”, - deyə Ədalət Verdiyev bildirib.
Hərbi ekspert qeyd edib ki, qarşı tərəfin itkiləri ilə bağlı konkret rəqəmlər demək çətindir.
“Əvvəlki illərdən fərqli olaraq erməni kütləvi informasiya vasitələri bu dəfə xüsusi susquluq nümayiş etdirməkdədir. Lakin döyüşlərin bu qədər şiddətli getməsi və tank və artilleriya sistemlərinin tətbiq edilməsi nəticəsində düşmənin çoxlu sayda itkilər verməsi istisna olunmur. Düşmənin itkiləri barədə nə Azərbaycan və Ermənistan rəsmiləri tərəfindən, nə də sosial şəbəkələrdə konkret say və adlar qeyd olunmur. Bununla bağlı bəzi mənbələrdə müxtəlif rəqəmlər açıqlansa da, onlar sadəcə sosial şəbəkə istifadəçilərinin şəxsi fikirləridir. Mən sosial media istifadəçilərinə və kütləvi informasiya vasitələrinə səslənmək istəyirəm ki, belə vəziyyətlərdə yalnız və yalnız rəsmi mənbələrdə açıqlanan məlumatlara əsaslansınlar. Biz düşmən tərəfinin bu istiqamətdə sızdıra biləcəyi məlumatların üstünlük təşkil etməsinə imkan verməməliyik. Hər bir Azərbaycan vətəndaşı belə kritik məqamlarda həm ordunun, həm də əsgərimizin yanında olmalıdır”, - deyə Ədalət Verdiyev sözlətini yekunlaşdırıb.