Türkiyə-İran cütlüyü və Qərb Siyasət

Türkiyə-İran cütlüyü və Qərb

Qərb Türkiyə faktorundan narahatdır

Cavid

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri və iki ölkə arasında iqtisadi sahənin inkişaf etdirilməsilə bağlı bir sıra sənədlərin imzalanması hələ də politoloqların şərh mövzusu olan məsələlərdəndir. İranın nüvə məsələsilə bağlı "altılıq" ölkələrlə tam razılaşma əldə etmədiyi, beynəlxalq sanksiyaların hələ də qüvvədə qaldığı, Suriya məsələsinin həlli ilə bağlı Cenevrə danışıqlarında irəliləyişin olmadığı və digər regional problemlərin hələ də qaldığı bir vaxtda Türkiyənin İranla yaxınlaşması və hətta iki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması təklifinin irəli sürülməsi, Türkiyə vasitəsilə İran qazının Avropaya nəqlinin razılaşdırılması bir sıra məqamlardan xəbər verir.
Politoloq Ərəstun Baxşəliyev bildirib ki, Türkiyə baş nazirinin İrana səfəri zamanı daha çox diqqət çəkən məqam səfərdə onu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun, enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın, iqtisadiyyat naziri Nihat Zeybəkçinin, iqtisadi inkişaf naziri Cövdət Yılmazın və də Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın müşayiət etməsi olub.
Onun sözlərinə görə, Türkiyə-İran münasibətlər istiləşməyə doğru gedir: "Tərəflərarası münasibətlərin gərgin nöqtələrə çəkilməsinə baxmayaraq, hər iki tərəf zamanla bu münasibətlərin normallaşması üçün bir sıra mühüm addımlar atıblar. Suriyaya qarşı təkbaşına müahribəyə sürüklənməsinə rəğmən, bu senariyə yox deyən Türkiyə hökuməti, hazırda qonşu İranla münasibətlərin yenidən normal məcraya dönməsi üçün bir sıra mühüm addımlar atmaqdadır. Təsadüfi deyil ki, regionda sabitliyin bərqərar edilməsi, bir çox xoşagəlməz hadisələrin sıfır nöqtəyə daşınması, habelə İran-Türkiyə münasibətlərinin yenidən normallaşması üçün Ərdoğan tərəfindən gerçəkləşdirilən məlum səfər də məhz bu qəbildən olan səfərlər sırasından bilinməkdədir. Analitiklərin fikrincə, səfər zamanı iki ölkə arasında regional təhlükəsizlik, Suriya böhranı, terrorçuluğa qarşı mübarizə, habelə sərhəd-keçid məntəqələrində gediş-gəlişin asanlaşdırılması, ötən il dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilmiş əməliyyatla bağlı fikir mübadilələri aparılsa da, əslində burada daha çox önəm verilən məqam enerji məsələləri ətrafında aparılan müzakirələr, İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması və güzəştli ticarət razılaşmasının imzalanması ilə bağlı mühüm addımlara imza atılması olub".
Politoloq bildirib ki, səfər öncəsi daha çox diqqət çəkən, hətta Türkiyədəki ab-havaya olduqca ciddi bir şəkildə təsir göstərən məqam isə AKP hakimiyyəti ilə bağlı rüşvət qalmaqalının gündəmə gətirilməsi, Qərb mətbuatının Ərdoğan hakimiyyətinə qarşı qərəzli bir şəkildə mövqe sərgiləməsi oldu: "Qərb Türkiyə faktorundan narahatdır. Bir çox politoloqlara görə baş verən hadisələr fonunda Qərbin Ərdoğan hakimiyyəti üzərinə getməsinin arxa fonunda, əslində müəyyən maraqlı məqamlar dayanmaqdadır. O zaman bu hadisələrin baş verməsinin əsl səbəbi nədir? Regionda nələr baş verir? Türkiyədəki məlulum hadisələrlə Türkiyə-İran münasibətlərinin istiləşməsində nə kimi bağlılıqlar mövcuddur? Bir sözlə Qərb nədən narahatdır?
Qeyd emək lazımdır ki, Ərdoğan hakimiyyətinin ilk dönəmlərində "qonşularla sıfır problem" deyən Türkiyə hökuməti, Qərbin bölgədə sərgiləmiş olduğu "Ərəb baharı" dalğası kontekstində, masaya daşımış olduğu bu siyasətini müəyyən bir zaman aralığı üçün bədii dil ilə desək torpağa gömmüş oldu və məhz bu gündən etibarən "sıfır problem" deyən bir ölkə bölgədə yaşanmış məlum hadisələrdən yana, bölgə dövlətləri ilə ciddi bir şəkildə problemlər yaşamağa məhkum tutuldu. Maraqlıdır ki, bunun əsl səbəbi olaraq isə məlum İraq müharibəsindən sonra ABŞ-ın Türkiyəyə qarşı atmış olduğu bir çox xoşagəlməz addımlar fonunda, Davos formunda məşhur "Van minut" olayı ilə Türkiyənin Yaxın Şərq regionunda müstəqil siyasət sərgiləyərək ABŞ-ın NATO-nun timsalında "Böyük Orta Doğu" projesinə ard-arda zərbələr vurması göstərilməkdədir. Belə ki, Türkiyənin, bir çox enerji layihələrində yer alması, Yaxın Şərqin İsrail-Türkiyə gərilimindən sonra daha çox Türkiyəyə güvən sərgiləmsi, vaxtilə Avropa banklarına etibar edilən ərəb milyonlarının həmin gündən etibarən Türkiyə banklarına devr edilməsi, habelə regionda artan nüfuzundan yaralanaraq, sözdə deyil də, əməldə "Avrasiya İttifaqı" ideyasına daha çox bu ölkənin iddia ilə çıxış etməsi, təbii olaraq bir qism Avropa ölkəkələrinin, o cümlədən ABŞ və Rusiya kimi dünya nəhənglərinin də ciddi şəkildə əndişələnməsinə yol açıb".
Politoloq qeyd edib ki, məhz bu səbəbdəndir ki, bölgədə "yeni osmançılıq" ideyalarının baş qaldırmasından, İslam aləminə qarşı artan təhdidlər fonunda isə islam ölkələrinin daha sıx birləşəcəyindən və də Avropada getdikcə daha çox Türkiyənin nüfuz və söz sahibi ola biləcəyindən çəkinən Qərb, Türkiyənin bölgə siyasətindəki "gizli" aktivliyini həzm edə bilməyərək, son 2-3 il ərzində onu müxtəlif yollarla təxribatlara çəkməyə, parçalamağa, siyasi-iqtisadi sabitliyini isə cidd-cəhdlə pozmağa yönəlik addımlar atmaqdadır: "Əslində Hatay hadisələrindən tutmuş, Gəzi parkında baş verən hadisələrə, həmin zaman aralığında bəzi Qərb dövlətləri daxilində Türkiyə əleyhinə terroru dəstəkləyən PKK tərəfdarlarının açıq şəkildə nümayişlər keçirməsinə izinlərin verilməsi, habelə Roma papası tərəfindən Türkiyə əleyhinə absurd ifadələrin işlədilməsi belə, mövcud vəziyyətin hansı ab-havada olduğunu bütün çılpaqlığı ilə ortaya qoyub. Çox maraqlıdır ki, rəsmi Ankaranın hazırki dönəmdə Qərb-İran münasibətlərinin istiləşməsindən faydalanaraq yenidən "sıfır problem" taktikasını gündəmə gətirməsi, Qərb dövlətləri tərəfindən daha çox qısqanılmağa başlanılıb. Təsadüfi deyildir ki, Misirdə "Müsəlman qardaşları" rejiminin devrilərək, yerinə yenidən Qərbyönümlü bir şəxsin hakimiyyətə gətirilməsi və məhz bu hadisədən sonra Türkiyə-Misir münasibətlərində müəyyən gərginliklərin yaşanması, Türkiyənin bölgə siyasətinə qarşı vurulmuş ən böyük zərbələrdən biri olub.
Maraqlıdır ki, Türkiyə bölgədə axan qanın durdurlması, müsəlman dövlətləri arasında birliyin bərqərar edilməsi üçün bir qism cəhdlər göstərsə də, bu cür cəhdlərin qarşısı mütəmadi şəkildə böyük güclərin bölgə siyasəti üçün "təhlükəli" bilindiyindən dərhal süquta məhkum tutulmaqdadır. Bir çox analitiklərin fikrincə, hazırki dönəmdə Qərb-İran münasibətlərində müəyyən yumşalma tendensiyası müşahidə olunsa da, bu fakt yaxın gələcəkdə heç də belə olmaya bilər. Belə ki, İraqın kütləvi qırğın silahlarına sahib olmaması və öz hərbi obyektlərini yoxlamalar üçün dünyanın istənilən təşkilatının üzünə açıq olduğunu bəyan etməsi belə, İraqa hərbi müdaxilənin qarşısnı heç bir vəchlə durdura bilməyib. Çox maraqlıdır ki, bir çox analitiklərə görə bu gün Qərb-İran münasibətlərində müəyyən istiləşmənin yaranmasının əsas səbəblərindən biri Rusiyanın inadlı bir şəkildə Avrasiya İttifaqı ideyasını gerçəkləşdirilməsi ilə bağlı başlatmış olduğu siyasi gedişlər dayanmaqdadır. Belə ki, istər Şərqi Avropa ölkələrində, istərsə də Cənubi Qafqaz ölkələrində Rusiya faktorunun sürətlə aktivləşməsi, gözlənilən təhlükə fonunda Qərb-İran münasibətlərinin də yenidən istiləşməsinə əsas səbəb olub.
Təsadüfi deyil ki, bəzi politoloqlar da Qərb-İran münasibətlərinin istiləşməsi fonunda dünya neft qiymətlərində kəskin ucuzlaşmaların müşahidə olunacağını və bunun nəticəsi olaraq, Rusiya iqtisadiyyatına ağır zərbələrin dəyə biləcəyi qənaətini irəli sürməkdədirlər. Digər tərəfdən perspektivdə Qərb-İran münasibətlərindəki müvəqqəti istiləşmə, Rusiyanın Yaxın Şərq cəbhəsindəki fəallığını səngidə, Suriyanın gələcək "Avrasiya İttifaqına" olan üzvlüyünün isə qismən də olsa qarşısını ala bilər: "Son olaraq, görünən odur ki, Qərbin bölgədə müvəqqəti taym-autundan xəbərdar olan Türkiyə, bir çox basqılara rəğmən İranla bağlı yürütmüş olduğu siyasətində yeni taktiki gedişlər etməkdə daha çox israrlıdır. Atılan bu addımlar fonunda isə sabit və möhkəm yeni bir birliyə sahib olmağı hədəfləyən, regional söz sahibliyini Qərbə buraxmaq istəməyən Türkiyə, yaxın gələcəkdə ona qarşı basqıların arta biləcəyindən də xəbərdar olmalıdır.
ABŞ prezidenti Barak Obamanın Birləşmiş Ştatların 10 mütəfəkkirindən biri adlandırdığı Zbiqnev Brjezinski ilə müsahibədə yer alan fikirlərindən: "Yeni dünya nizamında Türkiyənin rolu nədən ibarət olacaq? Türkiyə hazırda da aşkar şəkildə beynəlxalq arenada mühüm rol oynayır. Bu ölkə regional nüfuza malikdir və eyni zamanda NATO-ya üzv ölkə kimi əhəmiyyətli beynəlxalq əlaqələri olan bir dövlətdir. Həmçinin, Türkiyə bəzən çox ağrılı olsa belə Rusiya ilə münasibətlərini nizama sala və davam etdirə bilən, son illərdə özü üçün tarixi əhəmiyyəti olan Yaxın Şərqdəki rolunu yenidən bərpa edən və bölgədə nüfuzunu artıran ölkədir. Bu səbəbdən ABŞ bir çox və həm də olduqca vacib səbəblərdən Türkiyə ilə qarşılıqlı münasibətlərini inkişaf etdirmək məcburiyyətindədir".