“Azərbaycan haqlı mübarizəsində tək deyil” Siyasət

“Azərbaycan haqlı mübarizəsində tək deyil”

Partiya sədri: “Qardaş Türkiyədən gələn dəstək mesajları dediklərimizin sübutudur və təqdir olunmalıdır”

Ermənistanın Tovuz istiqamətindən Azərbaycana növbəti təxribatı onu deməyə əsas verdi ki, düşmən danışıqlar yolu ilə işğal etdiyi əraziləri geri qaytarmaq fikrində deyil. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir və status-kvonun saxlanmasına çalışır. Münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu və digər “sülhsevər” beynəlxalq təşkilatlar bu dəfə də ermənilərin təcavüzünə göz yumdular. Amma Azərbaycan xalqı müharibə istəyindədir. Bu vətənə millətə, şəhidlərimizə olan sonsuz sevgi və sədaqətin, düşmənə nifrətin göstəricisidir.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, dünəndən ölkəmiz, insanlarımız ayaq üstündədir.Düşmən ölkəmizə növbəti dəfə hücum etdi. Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd etdi. Qəhrəman əsgərlərimiz, Milli Ordumuz tərəfindən hücumun qarşısı alındı, düşmənə layiqli cavab verildi, ermənilər yerlərinə otuzduruldu, xeyli düşmən əsgəri və zabiti öldürüldü, hərbi texnikası sıradan çıxarıldı. Təəssüflər olsun ki, biz də bu döyüşdə şəhid verməli olduq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin.
Son dövrlər ölkə daxilində pandemiyadan başqa da bir gərginlik hiss olunurdu, nəticədə ermənilərin növbəti təxribatı ilə üzləşməli olduq. Torpaqlarımız işğaldan tam azad olana qədər hər dəqiqə, hər an belə təxribatlar bizi gözləyir. Odur ki, tədbirli və güclü olmalı, ərazilərimizi işğaldan azad etmək üçün əməli tədbir görməliyik. Düşmən də, onu dəstəkləyənlər də bizim qərarlığımızı və gücümüzü hiss etməlidir:“Sevindirici haldır ki, insanlarımızda ruh yüksəkliyi, düşmən üzərinə yerimək istəyi, igid əsgərlərimizə sevgi və ümumxalq dəstəyi var. İndi birlik, bərabərlik zamanıdır. Millətin böyüklüyü belə yerdə bilinir. Bütün gücümüz Vətənə, Milli Ordumuza, Dövlətimizə dəstək istiqamətinə yönəlməlidir. Heç bir, pessimizmə və təxribata yer verilməməlidir. Təslimçilik ruhu yayan, əsgərimizə dil uzadan kimsə bağışlanmamalıdır. Onsuz da bu mübarizədə ermənilərin qalib gəlmə şansları yoxdur. Ermənistanda sosial-iqtisadi vəziyyət, siyasi qüvvələr arası münasibətlər, pandemiyanın səviyyəsi, Paşinyan iqtidarının öz xalqı arasında nüfuzu ürək açan deyil.
Onlar gündəmi dəyişmək, xaricdən pul dilənmək üçün belə təxribatlardan dəfələrlə istifadə ediblər. Amma indi belə təxribatlar keçmir, çünki Azərbaycan Ordusu güclüdür, təxribat törədən düşməni cəzalandıra bilir”.
Partiya sədri bildirib ki, Azərbaycan haqlı mübarizəsində tək deyil. Qardaş Türkiyədən gələn dəstək mesajları dediklərimizin sübutudur və təqdir olunmalıdır. Soydaşlarımıza tövsiyəm ondan ibarətdir ki, Türkiyə ilə bağlı həssas məsələlərdə ehtiyatlı olsunlar. Ayasofiya muzeyinin məscidə cevrilməsi ilə bağlı ölkəmizdə qaldırılan isterikanı, sosial şəbəkələrdə çoxlarının etiraz şüvənlərini, Roma Papasından çox katolik olmalarını sübut etmə cəhdlərini anlamaq çətindir. Bu, Türkiyənin daxili məsələsidir və biz nə Ayasofiyaya, nə də başqa bir şeyə görə Türkiyə ilə, onun rəhbərliyi ilə düşmən ola bilmərik:
“Türkiyə bizim qardaş ölkəmizdir və öz ölkəmizdir, yalnız Türkiyə güclü olandan sonra türkdilli dövlətlər və bütövlükdə türk dünyası rahat nəfəs alacaqdır. Bizim həm də dövlət maraqlarımız Türkiyənin güclü olmasını tələb edir. Türkiyə güclü olacağı təqdirdə ermənilər də, onların havadarları da ərazilərimizə göz dikməyə risq etməyəcəklər. Yəni, Qarabağ probleminin həlli həm Azərbaycanın, həm də Türkiyənin güclü olmasından keçir. Odur ki, dostumuzu, düşmənimizi seçək.
Biz onsuz da düşməndən güclüyük, sadəcə qüvvələri səfərbər edək, qərarlı və tədbirli olaq. Sonda biz qalib gələcəyik!”
Milli Məclisin deputatı Ülvi Quliyev deyib ki, iyulun 12-də işğalçı Ermənistan növbəti təxribata imza atdı. Artıq bu dəfə işğal altında saxladığı Qarabağda deyil, Azərbaycanla sərhəddə Tovuz istiqamətində.
Deputat qeyd edib ki, Ermənistan heç vaxt heç bir təxribatının arxasında tək və özbaşına olmayıb, düşünürəm ki, indi də belədir, özbaşınalıq etməyib:
"Qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “bu hücum Ermənistanın çapını aşan bir hadisədir” bəyanatı da bu baxımdan təsadüfi deyil. Erməni təxribatı nəticəsində dəyərli qardaşlarımızı, övladlarımızı şəhid verdik. Şəhidlik zirvəsinə ucalmış zabit və əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Rəsmi Yerevan öz ictimaiyyətindən gizlətməyə çalışsa da, şəhidlərimizin qanı yerdə qalmayıb və onların ruhu rahat olanadək, Qarabağımız işğaldan azad edilənədək bu qisas davam edəcək və amansız olacaq. Dünən bütün Azərbaycan boyu, xüsusən də Bakıda küçələrə, meydanlara axışan onminlərlə həmvətənimizin haqlı və qəzəbli qisas tələbi bütövlükdə xalqımızın iradəsini və mübarizə əzmini bir daha ortaya qoydu. Azərbaycan vətəndaşı göstərdi ki, öz Prezidentinin, Dövlətinin, Ordusunun son nəfərinədək arxasındadır. Xalqımız təkcə işğalçı Ermənistana deyil, bütün sivil dünyaya nümayiş etdirdi ki, O, Ali Baş Komandanımızın əmrinə müntəzirdir öz Prezidenti ilə həmrəydir, Qarabağın işğaldan azad olunmasında ikili standartları və otuz il boyu davam edən status-kvonu qəbul etmir. Dünən xalqımızın, xüsusən də gənclərimizin ortaya qoyduğu bu yekdil iradə, Vətəndaş-Dövlət birliyi hər birimiz üçün qürur və iftixar mənbəyidir. Lakin nə qədər acı da olsa onu da qeyd etməliyəm ki, bu möhtəşəm həmrəyliyin fonunda kiçik bir qrupun qəsdən və ya bilməyərəkdən kimlərinsə təxribat cəhdinin alətinə çevrilməsi, Milli Məclisin binasına daxil olmağa sövq edilməsi yolverilməzdir və bir daha təkrar olunmamalıdır. Unutmamalıyıq ki, son 30 ildə torpaqlarımızın işğalı məhz bu cür məkrli, pərdə arxasından idarə olunan oyunların qurbanı olub. Ona görə də biz yenidən bu cür təxribat cəhdlərinə uymamalıyıq, onların qarşısını öz həmrəyliyimizlə, vətəndaş qeyrətimizlə özümüz almalıyıq. Bu cür təxribata “drijorluq” edənlər birdəfəlik bilsinlər ki, onların cəhdləri, xəbis niyyətləri əbəsdir! Azərbaycan xalqı, Azərbaycan gəncliyi, dünən küçələrə axışan onminlər Ali Baş Komandan cənab İlham Əliyevin və onun rəhbərlik etdiyi müzəffər Ordumuzun arxasındadır. Bu birlik sarsılmazdır və Qarabağın azadlığına, qisasımızın alınmasına aparan yeganə yoldur".
"12 iyul hadisələrini Azərbaycan gözləyirdi. Bu yaxınlarda Fövqəlaqə Hallar Nazirliyinin Xətai rayonunda yeni modul tipli xəstəxananın açılışında cənab Prezident bir neçə tezis irəli sürüb və qeyd edib ki, Ermənistan cinayətkar bir dövlətdir. Paşinyan rejimi bu gün siyasi rəqiblərini, siyasi opponentlərini həbs və ya başqa yollarla aradan götürür. Paşinyan rejimi korrupsiyaya uğramış bir rejimdir. Bəli, bu faktlarla da sübut edilib". Bunu açıqlama isə poltoloq Yusif Bağırzadəyə məxsusdur.
Onun sözlərinə görə, Paşinyan xanımı Anna Hakopyanın adına fond yaradıb və bu fond vasitəsilə yazıq, rəzil erməni xalqının pulunu yeyir: "Əlbbətə ki, Paşinyan Ermənistanda diktatura, avtoritar bir rejim qurub. 12 iyul hadisələri də göstərir ki, Paşinyan həmçinin hərbi cinayətkar bir rejimin rəhbəridir. Bu gün Ermənistanın Dağlıq Qarabağ bölgəsindən deyil, Tovuz istiqamətindən Azərbaycan sərhədlərində təxribat törətməsi onu göstərir ki, məqsədləri başqadır. Məqsəd Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə üz-üzə qoymaqdır. Lakin gözlədikləri kimi olmadı və hələ ki, KTMT-dan heç bir reaksiya yoxdur. Azərbaycanın yolu haqq yoludur".
Y.Bağırzadə vurğulayıb ki, bu gün Ermənistanda həm sosial-iqtisadi, həm pandemiya, həm də siyasi vəziyyət gərgindir: "Paşinyanın opponentləri ona qarşı bir cəbhədə birləşərək, güc nümayiş etdirirlər. Bütün bunların qarşısını almaq üçün də məhz o hərbi provokasiyaya əl atıb. Lakin prinsip etibarilə bu baş tutmayıb. Azərbaycan bu gün pandemiya ilə əlaqədar olaraq 30 dövlətə, ÜST-na bir sıra yardımlar edib. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatın zirvə toplantısını çağırıb. Həmçinin cənab Prezident BMT BA-nın xüsusi sessiyasını çağırıb. Bu da 130 dövlət tərəfindən qəbul edilib. Azərbaycan hər cəhətdən düzgün yoldadır və Azərbaycanı bu yoldan heç kim çəkindirə bilməz. Xüsusilə qeyd etmək istəyirəm ki, sosial şəbəkədə bəzi qruplar bəzi təxribat yönümlü çağırışlar edir. Bu təxribatlara uymaq lazım deyil. Cənab Ali Baş Komandanın başçılığı ilə ordumuz Ermənistanın layiqli cavabını hər zaman verib və verəcək!".