Deputat: Ermənistanın təxribat törətməklə KTMT dəstəyini qazanacağı arzusu elə arzu olaraq da qaldı Siyasət
Hər dəfə olduğu kimi, yenə də Ermənistan təxribatının cavabını on qat artıq alıb. Bunu Trend-ə Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
A.Məmmədov bildirib ki, Ermənistanın təxribat törətmək üçün dövlət sərhədini seçməsi təsadüfi deyil, bir sıra məqsədlərə xidmət edir:
“Ermənistanın Azərbaycanın Qarabağ və ətraf rayonlarını işğal etməsi nəticəsində iki ölkə arasında münaqişə 30 ildir ki, davam edir və bu münaqişənin mərkəzi işğal olunmuş bölgədir. Ermənistan təxribatlarını bu bölgədən kənar yerdə – dövlət sərhədində həyata keçirməklə özünün guya dövlət sərhədinə müdaxilə olunması görüntüsünü yaratmaq istəyir.
Bununla da, üzv olduğu hərbi birliyin – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini qazanacağını, bu qurumdan Azərbaycana qarşı hansısa bəyanat qəbul olunacağını xəyal edir. Amma ermənilərin bu arzusu elə arzu olaraq da qalacaq. KTMT-nın təcili iclası çağrılsa da, sonradan təxirə salındı. Yalnız qurum adından tərəfləri atəşkəsə çağıran formal bir bəyanat yayıldı. Səbəb aydındır – bu hərbi birliyə üzv dövlətlər ayrı-ayrılıqda Azərbaycanla çox gözəl əməkdaşlıq, hətta strateji müttəfiqlik münasibətlərinə malikdir. Heç kim, beynəlxalq münasibətlər sistemində hər hansı çəkiyə, mövqeyə malik olmayan Ermənistana görə Azərbaycana qarşı olan bəyanata imza atmaz. Elə buna görə də, nə ermənilərin arzuladığı iclas baş tutdu, nə də Azərbaycanı təhdid edən bəyanat oldu”.
A.Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının, dövlətinin, ordusunun mövqeyi ölkə Prezidentinin son çıxışlarında, xüsusilə, Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan olundu:
“Cənab Prezident bildirdi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik. Dövlət başçısının bu iradəsi son günlərdə Azərbaycan xalqının nümayiş etdirdiyi dəyanətlə, torpaqlarımızı işğaldan azad etmək üçün hər an savaşa hazır olması ilə üst-üstə düşür.
İndiki ağır karantin şəraitinə baxmayaraq torpaq, Vətən məsələsi önə çıxarkən, Azərbaycan xalqı pandemiyanı da, koronavirusu da, çətinlikləri də ikinci plana keçirdi, döyüşə hazır olduğunu nümayiş etdirdi. Hesab edirəm ki, həm Ali Baş Komandanın qətiyyəti, həm Azərbaycan xalqının döyüş əzmi, həmçinin, beynəlxalq birliyin reaksiyaları Ermənistanı bu cür təxribatlardan çəkinmək üçün ciddi siqnal olmalıdır. Əks təqdirdə, növbəti belə təxribatlardan biri onun üçün ağır nəticələrə səbəb olacaqdır.
İşğalçı Ermənistanın Tovuz rayonu istiqamətində dövlət sərhədlərimizə qarşı həyata keçirdiyi hücumun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbçilərimizin ailələrinə, yaxınlarına başsağlığı verirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Ordumuz şəhidlərimizin qanını yerdə qoymayıb”.