Azərbaycan Avar icması Ermənistanın təcavüzkarlığını pisləyən bəyanat yayıb Siyasət

Azərbaycan Avar icması Ermənistanın təcavüzkarlığını pisləyən bəyanat yayıb

İşğalçı Ermənistan və onun cinayətkar rəhbərliyi Azərbaycana qarşı təcavüzkar siyasətini son günlər daha da genişləndirməyə və digər əraziləri işğal etməyə çalışır. Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlamaları azmış kimi hələ işğal bölgəsindən xeyli uzaq məsafədə yerləşən Tovuz rayonu ərazisinə də hücuma cəhd edir və Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədir, kəndləri artilleriya atəşinə məruz qoyur.

Bu fikirlər Azərbaycan Avar icmasının bəyanatında yer alıb.

Azərbaycan-Avar İctimai Birliyi İdarə Heyətinin sədri Məhəmməd Nooyevin imzaladığı bəyanatda deyilir ki, bütün dünya koronavirus adlı qlobal pandemiya ilə mübarizə apararkən Ermənistan fürsətdən istifadə edib Azərbaycanın yeni ərazilərini işğal etmək istəyir. Lakin bu dəfə unudur ki, onun qarşısında duran 1990-cı illərin əvvəllərindəki nizamsız ordu deyil, özünün sabit və güclü imkanları, bölgəmizin ən güclü ordusu ilə seçilən Azərbaycandır. Elə bu üstünlüyümüz də bizə imkan verdi ki, düşməni nəinki geri oturdaq, üstəlik onun hərbi texnika və canlı qüvvəsini də məhv edək. Belə bir zamanda Ermənistanın bu təcavüzü Azərbaycan xalqını haqlı olaraq ayağa qalxmağa, Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə sövq etdi. Yüz minlərlə Azərbaycan gənci ordumuza könüllü qatılmaq, işğalçı Ermənistana öz yerini göstərmək üçün Ali Baş Komandana üz tutdu. Ali Baş Komandan da hər zamankı əminliklə bəyan etdi ki, Azərbaycan Ordusu indiki durumda əlavə səfərbərliyə ehtiyac duymur. Lakin belə bir iradə nümayişi, əlbəttə, hamımızın ürəyincə oldu.

“Səfərbərlik üçün ayağa qalxmış yüz minlərlə Azərbaycan gəncinin arasında bizim icmamızın da çoxsaylı nümayəndələri var. Onlar da hər bir azərbaycanlı kimi ümumi Vətənimiz olan Azərbaycan naminə düşmən qarşısına çıxmaq, torpaqlarımızın azadlığı uğrunda döyüşmək, hətta canlarını fəda etmək üçün Prezidentin əmrini gözləyirlər. Biz vahid Azərbaycan xalqının tərkib hissəsi olaraq ölkəmizin bir qarış torpağının belə Ermənistanın işğalı altında qalmasına dözmək fikrində deyilik. Ona görə də torpaqlarımızın işğaldan azad edilməsi yolunda apardığınız işdə yenidən tam dəstəyimizi ifadə edir, Ali Baş Komandanın əmrinə hazır olduğumuzu bildiririk. Prezidentimizin təkcə bir çağırışı yetər ki, bütün azərbaycanlılar kimi biz avarlar da silaha sarılıb işğalçı Ermənistana qarşı canımız və qanımızla savaşaq.

Qarabağ savaşında bu vaxtadək çox sayda avar gənclərimiz iştirak edib, onlardan bəziləri şəhid olub. Avar şəhidlər də daxil olmaqla bütün Azərbaycan şəhidlərinin qisasını almaq üçün qüdrətli ordumuzun tərkibində düşmən qarşısına çıxmağa hər an hazırıq”, - deyə bəyanatda qeyd edilir.