Ermənilərin təxribatçı aksiyalarının hakimiyyət tərəfindən himayə və təşkil edildiyi şübhəsizdir - Aydın Quliyev Siyasət

Ermənilərin təxribatçı aksiyalarının hakimiyyət tərəfindən himayə və təşkil edildiyi şübhəsizdir - Aydın Quliyev

Son günlər dünyanın müxtəlif ölkələrində ermənilərin Azərbaycanla bağlı törətdikləri ən müxtəlif təxribatçı aksiyaların Ermənistan dövlətinin siyasi hakimiyyəti tərəfindən himayə və təşkil edildiyinə heç bir şübhə yoxdur.

Bunu açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, xaricdəki erməni təxribatları özünün məqsəd və təzahür formalarına görə Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı apardığı hərbi təcavüz, etnik təmizləmə, genosid və separatizm siyasətinin bariz davamıdır. Ermənilərin xaricdəki təxribatlarına Ermənistan dövlətinin heç bir rəsmi reaksiya verməməsi bu dövlətin faşist-terror təbiətini birbaşa nümayiş etdirən təkzibolunmaz faktdır: "Təcavüzkar Ermənistanın Tovuz təxribatlarının onun özü üçün rüsvayçı hərbi və diplomatik nəticələrini ört-basdır etməkdən ötrü əl atılan mühüm üsullardan biri xaricdəki təxribatlardır. Tovuzdakı son erməni təxribatları Ermənistanın dünyada təklənmə prosesini daha da dərinləşdirməklə Azərbaycanın beynəlxalq mövqelərinin hansı dərəcədə möhkəmlənməkdə olduğunu bir daha göstərdi. Ermənistanın xaricdə azərbaycanlılara qarşı vandal və qanlı təxribatlarında sistemli dövlət təşkilatçılığı ilə bərabər sürətlə uçuruma gedən tərəfin aşkar panik vəziyyətə düşməsinin də elementləri görünür.

Ermənistan rəhbərliyi Tovuz təxribatlarına görə dünyada bu qədər genişmiqyaslı əks ittihamlarla qarşılana biləcəyini yəqin ki, dəqiq hesablamamışdı.

Üstəlik, xaricdəki Azərbaycan diasporunun Ermənistanı ifşa edən mütəşəkkil aksiyaları 12 iyul təxribatlarının mahiyyətini dünyaya başqa cür çatdırmağa yönəlmiş bütün erməni səylərini puç etdi. Azərbaycanlıların dövlətimizlə və ordumuzla mütəşəkkil həmrəyliyi dünya boyu erməni təcavüzünün mahiyyətinin növbəti tutarlı ifşa mərhələsinə çevrildi. Ermənistan üçün ən arzuolunmaz təzahürlərdən biri Avropa və Amerika ölkələrində soydaşlarımızın aksiyalarına digər dost və qardaş xalqlar tərəfindən fəal dəstək verilməsi oldu. Bu gün azərbaycanlıların xaricdəki mütəşəkkil aksiyaları bütün dünya boyu erməni təcavüzünə qarşı güclü ümumi hərəkat başlatmaq həddinə çatır.

Soydaşlarımıza, səfirlik binalarına və diplomatlarımıza qarşı erməni terrorçularının törətdikləri vandalizm aksiyaları Ermənistanın sivil və demokratik dövlətçilik fəlsəfəsindən çox uzaq olduğunu ortaya qoyur. Eynilə, ötən əsrin 70-80-ci illərində daşnak-ASALA terrorçularının dünyada türk-müsəlman soyuna qarşı törətdikləri qeyri-insani terror və soyqırımların ifadə üsullarını indi təkrar görürük. Bu gün soydlarımıza qarşı xaricdəki erməni terror və təxribatları Ermənistanın dövlətçilik konsepsiyasının kökündə məhz faşist -terror nəzəriyyəsinin dayandığını göstərir".

Siyasi ekspert vurğulayıb ki, Azərbaycanla hərbi və diplomatik qarşıdurma müstəvisində tam uğursuzluq Ermənistanı xaricdə terror və təxribatlar törətməyə məcbur edir. Ermənistanın himayə etdiyi terror və təxribatların hədəfi dünya azərbaycanlılarının Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevin siyasəti ilə möhkəm həmrəyliyini pozmaqdır: "Son günlər ərzində dünyanın 25 ölkəsində soydaşlarımızın milli ordumuzun uğurlarına 50-dən çox dəstək nümayişi Ermənistanı və erməni lobbisini qorxuya salıb. Erməniləri qorxudan mühüm faktorlardan biri budur ki, soydaşlarımızın məlum aksiyaları Azırbaycanın dünyadakı mövqelərini daha da gücləndirir. Eyni zamanda xaricdəki aksiyalar və onlara qarşı qanlı erməni hücumları Azərbaycanda cəmiyyətimizin ədalətli müharibəyə hazırlıq əzmini bir neçə dəfə artırır. Azərbaycanın səfirliklərinə və dinc soydaşlarımıza qarşı erməni quldurluqları erməniçiliyin siyasi terror və siyasi qətllərlə üzvi şəkildə bağlı olduğunu sübut edir.

Avropa və Amerikada azərbaycanlılara qarşı erməni terrorları dünya üçün çox ciddi siqnal olmalıdır. Dünya liderləri qarşısında aydın nümayiş etdirilir ki, Ermənistanın terror və təcavüz siyasəti dayandırılmayınca bu ölkənin özü və ümumən erməniçilik bütün dünya üçün daha böyük təhlükələr mənbəyinə çevrilir. Dünya liderləri və beynəlxalq təşkilatlar Ermənistanın dünya boyu terror və təcavüzkar hərəkətlərinin qarşısını almaq barədə bütün tərəddüdlərə son qoymalı və ciddi nəticələr çıxarmalıdır".