Niderlandın Xristian Demokrat Partiyasına erməni təxribatları haqqında məlumat verilib Siyasət

Niderlandın Xristian Demokrat Partiyasına erməni təxribatları haqqında məlumat verilib

Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Niderlandın Xristian Demokrat Partiyasının (CDA) Friesland bölgəsi üzrə rəhbəri Jochem Jan Zijlstra və CDA partiyasından olan Waadhoeke bələdiyyəsinin koordinatoru Anton Wijkhuijs ilə görüş keçirib.
Bu barədə “Xalq Cəbhəsi”nə E.Mirhəşimli özü məlumat verib. O, bildirib ki, görüşdə erməni diasporunun Avropada törətdiyi təxribatlarla bağlı məlumat verib: “Bundan başqa Xristian Demokrat Partiyasının parlamentdə xarici əlaqələr şöbəsi fəaliyyət göstərir. Haaqada bu partiyanın xarici əlaqələr şöbəsində daha bir görüşümüz olacaq. Erməni lobbisi bizdən öncə görüşüb şikayət edib. Amma partiya yetkililəri razılaşdılar ki, qərar vermədən öncə məni də dinləsinlər”.
E.Mirhəşimli əlavə edib ki, Ermənistanın Tovuz istiqamətində təxribatlara başlamasından dərhal sonra bu barədə məlumat vermək üçün Niderlandın bütün siyasi partiyalarına rəsmi məktub ünvanlayıb:” Sadəcə Xristian Demokrat Partiyasından görüşə razılıq verilib. Amma çalışacam ki, Niderlandın digər siyasi partiyaları ilə də görüş keçirim və onları bu məsələ ilə bağlı məlumatlandırım ki, obyektiv qərar versinlər”.

Əli Zülfüqaroğlu