Yazıq... Siyasət

Yazıq...

Azərbaycan dilində bir söz var: yazıq. İzahlı lüğətimizdə əsasən iki mənası qeyd olunur: birincisi, dinc, sakit, fağır, aciz; ikincisi isə, acınacaqlı, zavallı, bədbəxt. Ancaq yazıq sözünün üçüncü bir mənası da var ki, o haqda nə izahlı lüğətimizdə bircə kəlmə deyilir, nə də akademik çevrələrdə bu barədə danışıır. Mən də təsadüfən bir araşdırma apardığım zaman rast gəldim və bu sözün nə qədər arxaik olduğunu, hətta dilimizin inkişaf tarixi prosesində ayrı-ayrı mərhələlərdə müxtəlif semantik məna daşıdığını öyrəndim. Ancaq onu da öyrəndim ki, yazıq sözü elə bütün mərhələlərdə müstəqil leksik vahid olub və ayrıca məzmun kəsb etməklə müstəqil söz kimi istifadə edilibdir.
Bu qrammatik status yazıq sözünü bir qədər güclü göstərsə də, ancaq nədənsə nə yazanda, nə də tələffüz edəndə bu söz beynimizdə əsla bir güc assosiasiyası yaratmır. Ona görə də yazıq sözündən və onun semantik mənasından heç vaxt xoşum gəlməyib. Ancaq həyatda olduğu kimi, elmdə və dilçilikdə də biz heç də hər zaman xoşumuz gələnlərlə ünsiyyətimizi məhdudlaşdıra bilmirik. Bəlkə də, bu, ona görədir ki, xoşumuz gələnləri daha ədalətli qiymətləndirməyi, xoşumuz gəlməyənlərə isə dözməyi öyrənək. Əslində, elə bu cür də edirik. Yazıq sözünün üçüncü daha qədim mənasına gəldikdə isə dərhal bildirirəm ki, sən demə, qədim mətnlərdə yazıq günahkar demək imiş. Bu gün də bəzən birinə "ay Allahın yazıq bəndəsi" deyən zaman elə Allahın günahkar bəndəsi demək istəyirikmiş. Yəni şüuraltı yaddaşımız bizə sözün arxaikləşmiş məzmununu diqtə edərək qeyri-iradi olaraq bu cür fikir səsləndirməyimizi aşılayırmış. Qısaca da olsa, bəhs etdiyim qədim mətnlərdə yazıq sözünün semantikasından danışıb mətləbə keçəcəm.

Azərbaycanda xristian tariximizi araşdırarkən Alban (xristian qıpçaq) dilində maraqlı bir dini mətnə rast gəldim. Mətn dualardan ibarət idi və bəndə törətmiş olduğu günahlardan Allahının onu arındırmasını istəyirdi. Mətnin orijinalı belədir: "Yalbarıp kolarmen senden, Biy, (xristianlığı qəbul etsələr də, mətn yazılan dövrdə hələ də Allaha "Biy, Bəy" deyirlərmiş, maraqlıdır - H.B.) boşat manga menim yazıklarımni. Tenqri, arıt meni, yazıklını, yazıktan da tirgiz".

Bugünkü məzmunu belədir: "Yalvarıb diləyirəm səndən, Bəy, xilas et məni mənim günahlarımdan. Tanrı, təmizlə məni, günahkarı, günah etməyi tərgitdir". Ona görə bu qədər dərinə getdim ki, indi bir qrup insan haqqında danışıb onlara "yazıq" deyəcəm və yazıq deyən zaman nəyi nəzərdə tutduğum həm onlara, həm də hörmətli oxucularıma tam aydın olsun. Bu insanlar bizim milli yazıqlarımızdır və yazıq sözünün bütün vəsflərinə uyğun gəlirlər, dinc, sakit, fağırdan başqa. Qalan digər hamısı, yəni aciz, acınacaqlı, zavallı, bədbəxt və bir də sonuncu tapıntımız, yəni günahkar tam olaraq onların vəsfidir.

"Onlar" deyəndə mən iyun ayının 12-dən sonra ölkə daxilində və xaricində milli davamıza xəyanət edən Əli Kərimlini, Sevinc Osmanqızını, Vidadi İskəndərlini, Arif Məmmədovu və bənzər addımlar atan digərlərini nəzərdə tuturam. Bu gündə də siyasi həmrəylik nümayiş etdirə bilməyən "siyasətçi" Əli Kərimli yazıqdır! Yazıq sözünün yuxarıdakı bütün mənalarında. Atasını ermənilər şəhid edən, vətənpərvər bir atanın övladı Sevinc Osmanqızı öz haqqını tələb edən dinc nümayişçilərimizin haqlı davasını "qeyri-sivil", erməni terrorçusunu "sivil" adlandırarkən yazıqdır! "Vicdanım haqqı ermənilərin bizə elə də ziyanı dəyməyib",- deyən Vidadi İskəndərli yazıqdır! Ondan geri qalmayan Arif Məmmədov yazıqdır. Bunlar milli yazıqlardır. Yəni etdikləri milli səviyyədə yazıqlıqdır, millət qarşısında yazıq olmaq elə Tanrı qarşısında da yazıq olmaqdır. "Tenqri, arıt o yazklıları!"...

Hikmət Babaoğlu
Milli Məclisin deputatı,
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru