AŞ-nin qonşu regionlar üzrə siyasətinə dair beynəlxalq konfrans keçirilib Siyasət

AŞ-nin qonşu regionlar üzrə siyasətinə dair beynəlxalq konfrans keçirilib

Elmar Məmmədyarov: "Qarabağ münaqişəsinin ağır nəticələri olmasaydı Azərbaycan daha çox nailiyyətlər əldə edə bilərdi"

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində dünən Bakıda Avropa Şurasının qonşu regionlar üzrə siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçirilib.
Konfransın keçirilməsində məqsəd Avropa Şurasının qonşu regionlar üzrə siyasəti çərçivəsində əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarətdir.
Qeyd edək ki, Avropa və Asiyanın kəsişməsində yerləşən və Avropa Şurasının qonşu regionlar siyasətində iştirak edən dövlətlərlə möhkəm ikitərəfli əlaqələrə malik olan Azərbaycan təsis olunmasından etibarən Avropa Şurasının Qonşu regionlar siyasətini yaxından dəstəkləyir.
Konfransda Avropa Şurası, üzv dövlətlər və Avropa Şurasının qonşu regionlar üzrə siyasəti proqramında iştirak edən dövlətlərin yüksək səviyyəli nümayəndələri təmsil olunublar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edərək deyib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir və hazırda Cənubi Qafqazın iqtisadiyyatının ümumilikdə 80 faizdən çoxu ölkənin payına düşür: "Əhəmiyyətli neft və qaz resursları, eləcə də regional nəqliyyat mərkəzi kimi əsas mövqe Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfələrini daha da artırmağa imkan verir. Artan iqtisadi gücü ilə Azərbaycan dünyada yardıma ehtiyacı olanlara kömək etməyi özünün mənəvi məsuliyyəti kimi hiss edir. Bu ruh bizi donor ölkə olaraq Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə yardım etməyə yönləndirir. Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi hazırda 20-dən çox ölkədə müxtəlif yardım proqramlarını həyata keçirməkdədir.
Ermənistan və Azərbaycan arasında olan, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun qanunsuz işğalı və 1 milyondan çox Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən münaqişənin ağır nəticələri olmasaydı, Azərbaycan və region daha çox nailiyyətlər əldə edə bilərdi. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasını təsdiq edən və işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tam və qeydi-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də yerinə yetirilməməsi məyusedicidir".
Avropa Şurasının xarici əlaqələr üzrə direktoru Zoltan Taubner çıxışında deyib ki, Azərbaycan kimi ölkələr Avropa Şurasının Qonşu regionlar üzrə siyasəti ilə bağlı tədbirlər keçirmək üçün yaxşı mövqeyə malikdir. Z.Taubner bildirib ki, qonşuluq siyasəti baxımından konfrans zamanında təşkil edilib.
O qeyd edib ki, bu gün son nailiyyətlər həyata keçirilə və gələcəyə baxışlar ifadə edilə bilər:
"Tərəfdaş ölkələrin bu əməkdaşlıqdan məmnun olmasını vacib sayıram. Bu siyasət Avropa Şurasının üzv dövlətlərlə bağlı siyasətini dəyişməyəcək, biz əlaqələrin daha da möhkəmləndirilməsinə çalışırıq".