Ekspert: Makron hakimiyyət kürsüsünü qorumaq üçün erməniləri müdafiə edir Siyasət

Ekspert: Makron hakimiyyət kürsüsünü qorumaq üçün erməniləri müdafiə edir

Fransa prezidenti Makronun bəyanatları və siyasəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Fransanın tərəfsiz vasitəçilik missiyasını layiqincə apara bilmədiyini bir daha sübut edir.

Bunu açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Makronun diplomatiyası Azərbaycan-Ermənistan münaqişəsinin həllinə dəstək vermək əvəzinə bütün regionun sülh və təhlükəsizlik maraqları üçün maksimum təhlükəli həddə çatıb: "Münaqişənin təcavüzkar tərəfi olan Ermənistanın haqsız və beynəlxalq hüquqa tam zidd mənafelərinin üstün və aşkar müdafiəsi Makronun fəaliyyətinin əsas məqsəd və istiqamətinə çevrilib. Bütün dünya Ermənistanı rəsmi və ya qeyri- rəsmi təcavüzkar dövlət, Azərbaycanı isə təcavüz qurbanı hesab etdiyi halda, Makronun öz şəxsi hakimiyyət maraqları naminə erməni lobbisinin maraqlarının icraçısına çevrilməsi qəbuledilməz və təhlükəlidir.
Fransa prezidentinin heç bir ədalət və beynəlxalq hüquq normasına məhəl qoymadan açıq ermənipərəst mövqe nümayiş etdirməsi bu dövlətin sivil dəyərlər daşıyıcısı olan ölkə imici ilə qətiyyən bir araya sığmır".

Baş redaktor bildirib ki, Ermənistan prezidenti Sarkisyan oktyabrın 1-də dünya KİV-nə Qarabağda Ermənistan ordusunda əcnəbi vətəndaşlar olan ermənilərin də vuruşduğunu etiraf etməsi və bunun qəbahət olmadığını deməsinin dərhal ardınca Makronun Azərbaycan tərəfdə guya suriyalı muzdluların döyüşdüyü barədə " tutarlı faktlara" malik olduğunu bəyan etməsi heç bir ölçü tanımayan ifrat ermənipərəstlik və ədalətsizlik nümunəsidir: "Makron özünün hakimiyyət və və erməni lobbisinə xidmət maraqları naminə beynəlxalq hüquq normaları və ədalət prinsiplərinin üstündən nümayişkaranə keçməklə sivil Avropanın mərkəzində ən ağır ittihamlara layiq presedent yaradır. O, öz əməlləri və bəyanatları ilə bir daha yada salır ki, 70 il əvvəl Fransanın Əlcəzairdə və bu yaxın illərdə Liviyada həyata keçirdiyi insanlıq ölçülərindən kənar siyasətləri barədə deyilənlərin həqiqət olduğu üzərində ciddi düşünməyə ehtiyac var.

Makron Azərbaycan-Ermənistan, Dağlıq Qaravağ münaqişəsinin sülhlə həllində Fransanın tərəfsiz vasitəçilik missiyasını qüsursuz aparmağın əvəzində təcavüzkar Ermənistana açıq və birtərəfli dəstək verməklə əslində özünün yaxınlaşan seçki maraqlarını önə çəkir. Makronun Ermənistana dəstək jestləri əslində yaxınlaşan seçkilərdə erməni icmasının və lobbinin dəstəyini almağa hesablanmış çirkin siyasi mənfəətpərəstlikdən başqa bir şey deyil. Fransa prezidentinin xeyli əvvəllərdən başlayaraq Minsk Qrupunun tərəfsiz həmsədrliyi ilə uyuşmaz fəaliyyətlərini onun seçki kompaniyasının tərkib hissəsi adlandırmaq daha doğru olardı".

Ekspert deyib ki, Makron özünün ədalətsiz, insanlıq prinsiplərinə və beynəlxalq hüquqa zidd fəaliyyətlərinin hədəfi olaraq elə bir ölkəni seçib ki, bu ölkədə Fransanın özəl və dövlət kapitalının investisiya yatırılmasına hər cür şərait yaradılıb, ölkədə fransız dilində məktəblər və hətta universitet yaradılıb: "Fransanın tarix və mədəniyyət yadigarlarının bərpasında fəal iştirak edir, bu ölkənin ən yeni tarixinin ən parlaq prezidentləri Heydər Əliyev və İlham Əliyev 1993 və 2003-cü illərdə böyük etimad göstərərək ilk xarici səfərlərini Fransaya ediblər, bu ölkənin Heydər Əliyev kimi lideri Fransada tarixən erməni lobbisinin güclü olduğunu bildiyi halda, Fransanın Minsk Qrupunda həmsədrliyinə razılıq verməklə həm ona regional proseslərdə fəal aktorlardan birinə çevrilmək şansı açdı, həm də Fransa rəhbərlərinə dövlət mənafelərinin erməni icmasının mənafelərindən üstün olduğunu göstərmək imkanı verdi. Lakin bu gün Makron bütün öz sələflərini xeyli üstələyərək Fransanın dövlət mənafelərinin onun öz şəxsi maraqlarından və erməni diasporunun məkrli siyasətindən çox-çox aşağılarda dayandığını nümayış etdirir. Tarixin Fransa xalqına ironiyasıdır ki, fransız xalqının və bütün Avropanın faşizm əsarətindən azad edilməsində misilsiz bəşəri xidmətlər göstərmiş Şarl de Qoll kimi parlaq şəxsiyyətlərin yerini faşizmi həyasızcasına qəhrəmanlaşdıran Ermənistanın sadəcə əlaltısı rolu oynayan Makron kimi fiqurlar tutur.

Fransada qarşıda prezident seçkilərinin olduğu indiki durumda yəqin ki, fransız xalqı Makron kimi milli dövlətçilik prinsiplərini kiçik lobbiçilik mənafeləri çərçivəsində çox israfçı xərcləyən mənfəətpərəst birisinin növbəti dövr üçün siyasi hakimiyyətə yiyələnməsinə imkan verməyəcək".