“Düşməni bundan sonra da qovacağıq” Siyasət

“Düşməni bundan sonra da qovacağıq”

Prezident İlham Əliyev: “Bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılacaq”

Prezident İlham Əliyev müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini bəyan edib.
Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlətimizin başçısı işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını diqqətinizə çatdırıb: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.
Azərbaycan Prezidenti qeyd edib ki, bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir: “Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə yiyələnib.
Aparılan döyüşlərdə düşmənin çoxsaylı hərbi texnikasının məhv edildiyini və qənimət götürüldüyünü bildirən dövlətimizin başçısı Ermənistanın itkiləri barədə məlumat verərək deyib ki, bütövlükdə sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna çox böyük zərbə vuruldu - 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-ci “Akasiya”, ikisi “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 “Kub” zenit-raket kompleksi və sair hərbi texnika məhv edilib. Bundan başqa, 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 27 “İqla” kompleksi və digər avtonəqliyyat vasitələri qənimət götürülüb.
“Onu da bildirməliyəm ki, düşmənin əlində bir dənə də olsun Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan hərbi texnika yoxdur”.
Azərbaycan Prezidenti vurğulayıb ki, düşmən öz xalqına nağıllar danışır, yalan danışır: “Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamısı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edib”.
Prezident İlham Əliyev deyib: “Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistan əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil. Onlar mövqeləri qoyub qaçırlar. Baxmayaraq ki, 30 il ərzində təmas xətti boyunca və bir neçə xətt üzrə dərin eşalonlanmış müdafiə sistemi qurulub. Mühəndis-istehkam qurğuları qurulub. Onları yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək üçün bizə bir neçə gün lazım olur. Eyni zamanda, biz bütün işləri elə aparırıq ki, az itkilər verək. Ona görə bəzi hallarda müxtəlif istiqamətlər üzrə mövqelərimizdə möhkəmlənib, ondan sonra yeni əməliyyat üçün hazırlıq işləri də görürük ki, maksimum nəticə, minimum itki olsun”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanı: “Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkir. Onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. İndi o qənimət kimi götürülmüş hərbi texnikadan biz istifadə edirik. Onların tankları onlara qarşı indi döyüş meydanında vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü”.
Dövlətimizin başçısı deyib: “Bizim üstünlüyümüz bu gün açıq informasiya məkanında göstərilir. İnternetdə göstərilir. Necə dəqiq, sərrast atəşləri ilə düşmənin canlı texnikası məhv edilir. Düşmən panikadadır. Düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar”.
Dövlətimizin başçısı işğalçı ölkəyə dəfələrlə xəıbırdarlıq edildiyini xatırladıb: “Biz dəfələrlə bunu demişik. Öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin. Yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan, görün, qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara onların yerini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar”.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün bütün cəbhə boyu döyüşlər gedir: “Bütün istiqamətlər üzrə Azərbaycan mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də odur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər. Bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bötüvlüyümüzü bərpa edəcəyik.
Amma yenə də işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? Biz indi onun yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ Ermənistan heç vaxt olmayacaq. İndi görüm necə deyir “Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir. İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin orada desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə heç bir danışıqlardan söhbət gedə bilməz. Mən də bunu demişəm. Heç kim də bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu, olmayacaq. Ona görə, dünən və sırağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Prezidenti vurğulayıb ki, onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan. Gedin öz ölkənizdə yaşayın. Amma bizim torpağımızı biz geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır.
Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, onları o, qəbul etmir. Demişdi ki, bir qarış torpaq Azərbaycana verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun bunun dabanını yalaya-yalaya özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən”.
Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Verməcəkdi bu torpaqları. Kimdir səndən soruşan verəcəksən, verməyəcəksən. Gəldik götürdük. Vəssalam və götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı tuta bilməzdi. Bu döyüşlər onu göstərir.Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik”.
Prezident İlham Əliyev bildirib ki, status-kvo deyilən məsələ yoxdur: “Qurtardı getdi. Status-kvo belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax orda, döyüş meydanında. Status-kvo yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər? İradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq - tarixi qələbə çalırıq. Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir və gələcəkdə bu qələbələr davam edəcək. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni bundan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənib. Qovacağıq onları, axıradək. Bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır”.