Bugünkü nəticələr Azərbaycanın Qoşulmama Hərəkatındakı öhdəliklərinə sadiqliyini sübut edir - Politoloq Siyasət

Bugünkü nəticələr Azərbaycanın Qoşulmama Hərəkatındakı öhdəliklərinə sadiqliyini sübut edir - Politoloq

Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə sadiqliyinin nəticəsidir ki, Qoşulmama Hərəkatının videokonfrans formatında Nazirlər səviyyəsində keçirilmiş görüşünün Xüsusi Bəyanatında Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə etdiklərini və Hərəkatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildirdilər.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, eyni zamanda, Qoşulmama Hərəkatının üzv dövlətləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinin 27 sentyabr 2020-ci il tarixli müvafiq çağırışını nəzərə aldılar:

“Bundan əlavə, Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlamasını şiddətlə qınadıqlarını, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüfləndiklərini bildirdilər. Qoşulmama Hərəkatının Nazirlər Görüşü Ermənistan və Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə dəstəyini bir daha təsdiq edir.

Bundan öncə Dağlıq Qarabağda 2020-ci il martın 31-də təşkil olunan “prezident və parlament seçkiləri” şousu beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd olunduğu zamanda da Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin yekdil qərarı ilə Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma seçkilərin qanunsuzluğu bir daha təsdiqlənmişdi.

Nəzərə alsaq ki, BMT-yə daxil olan 200-ə yaxın dövlətdən 120-si Hərəkatın üzvüdür, o zaman bu qurumun əhəmiyyəti və gücü bir daha aydın olur. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə, Qoşulmama Hərəkatının bir çox üzv ölkəsi ilə ikitərəfli və çoxtərəfli əsasda konstruktiv münasibətlərin qurulmasına töhfəsini verir.

2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə dörd mühüm əhəmiyyətli sənəddə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın prinsipial mövqeyi öz əksini tapmış və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi müdafiə olunmuşdu”.

Politoloq vurğulayıb ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi platformadır:

“Məhz bu amilin özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsi prosesində tutduğu yerindən və rolundan xəbər verir. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın vacib toplantılarında müzakirəyə çıxarılan məsələlər BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da ciddi şəkildə təsir edir.

2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşü zamanı təşkilata sədrlik Azərbaycana ötürüldü. Zirvə görüşündə qəbul olunan Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Beləliklə də 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycanın üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcəyi elan olundu. Sədrliyi öz üzərinə götürən cənab Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq aləmdə üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün konkret addımlar atacaq, eyni zamanda həmrəyliyin gücləndirilməsi işini əsas prinsip tutacaq. Heç çəkinmədən deyə bilərik ki, bu gün əldə edilən nəticələr bir daha sübut edir ki, Azərbaycan bu qurum qarşısında götürdüyü bütün öhdəliklərə sadiqdir”.