BAXCP Azərbaycan hərbçilərini alqışlayır Siyasət

BAXCP Azərbaycan hərbçilərini alqışlayır

Elçin Mirzəbəyli: "Yaranmış vəziyyət işğal edilmiş Azərbaycan ərazilərinin statusunun müəyyənləşdirilməsini və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini labüd edir"

"Azərbaycan hərbçilərininin döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edən Ermənistana məxsus hərbi helikopteri məhv etməsini alqışlayırıq. Əsgər və zabitlərimizə xidmət zamanı göstərdikləri sayıqlığa görə minnətdarlığımızı bildiririk".
Bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiya sədrinin müavini Elçin Mirzəbəyli deyib..
BAXCP funksioneri qeyd edib ki, baş vermiş hadisə təmsil etdiyi partiyanın xeyli öncə irəli sürdüyü təşəbbüsün yenədən gündəmə gətirilməsinə zəmin yaradır: "BAXCP hələ 2011-ci ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin statusunun müəyyənləşdirilməsi və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqi məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu barədə BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev çoxsaylı açıqlamalarla çıxış edib və Azərbaycanın işğal edilmiş əraziləri haqqında qanunun qəbul edilməsinin vacibliyindən danışıb".
BAXCP funksioneri bildirib ki, yaranmış vəziyyət işğal edilmiş Azərbaycan ərazilərinin statusunun müəyyənləşdirilməsini və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini labüd edir: "İşğal edilmiş Azərbaycan ərazilərinin hava məkanı bütün uçuşlara qapalı olmalı və həmin ərazilərdə hərəkət edən hərbi obyektlər Azərbaycan silahlı qüvvələri tərəfindən məhv edilməlidir".