“Təcavüzkara qarşı hər hansı ciddi tədbir görülməsə...” Siyasət

“Təcavüzkara qarşı hər hansı ciddi tədbir görülməsə...”

Bəxtiyar Əliyev: "Ermənistan yaxın vaxtlarda bundan da dəhşətli təxribatlar törədəcək"

Mübariz Əhmədoğlu: "Münaqişənin tənzimlənməsində dönüş mərhələsi yarana bilər"

Azərbaycanın işğal edilmiş ərazisində hərbi helikopterlə bağlı insident Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında destruktiv mövqeyinin növbəti təzahürüdür. Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində ölkənin ərazi bütövlüyü, suverenliyi çərçivəsində iştirak edir: "Fransa Prezidenti Fransua Olland Paris görüşündə sülh sazişi üzərində işə bağlamaq çağırışı edib və Azərbaycan belə işə başlamağa hazır olduğunu təsdiq edib. Lakin Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək sülh prosesinə mane olmağa yönəldilmiş siyasətini davam etdirir və hərbi helikopterlə bağlı insident növbəti belə addımdır".
O, həmçinin xatırladıb ki, Azərbaycan XİN-in 2012-ci ildə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə göndərdiyi məktubda deyilirdi ki, Ermənistan tərəfindən Azərbaycanın hava məkanının pozulmasına yönəldilmiş istənilən cəhdə qarşı adekvat addımlar atılacaq.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.
Milli Məclisin işğal olunmuş Ağdam rayonundan olan deputatı Bəxtiyar Əliyevin fikrincə, Ermənistan hərbi helikopterlərinin Azərbaycanın hava sərhədlərini kobud şəkildə pozması danışıqlar prosesinə zərbə vurmaq üçün Ermənistanın törətdiyi avqust təxribatlarının davamıdır. Bəxtiyar Əliyev qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün danışıqlarda konstruktiv mövqe tutur və ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərinə də konstruktiv münasibət bəsləyir: "Amma Ermənistan heç bir konstruktiv mövqe tutmur, həmsədrlər də onlara heç bir təsir göstərmir. Danışıqlar getdiyi bir vaxtda - danışıqlar istər Mosvkada, istər Parisdə, istərsə də ABŞ-da olsun - hər hansı bir irəliləyiş hiss olunan kimi ermənilər təxribat törədirlər. Sual olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistana məxsus hərbi helikopterlər necə gətirilib və orada necə istifadə oluna bilər?" Millət vəkili vurğulayıb ki, Minsk qrupunun həmsədrləri isə bu məsələyə münasibət bildirmək əvəzinə, tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır: "Əgər Ermənistan öz helikopterlərini Azərbaycanın işğal olunmuş ərazilərinə göndərirsə və üstəlik, təmas xəttində Azərbaycan mövqelərinə hücum edirsə, Azərbaycan tərəfi nə etməlidir? Təbii ki, Azərbaycan tərəfi də beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir". Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədri olan ölkələr və həmsədrlər Ermənistanın törətdiyi bu son təxribata görə ciddi tədbirlər görməlidirlər: "Azərbaycan təcavüzün qurbanıdır və təcavüzkara qarşı hər hansı ciddi tədbir görülməsə, Ermənistan yaxın vaxtlarda bundan da dəhşətli təxribatlar törədəcək".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistana məxsus hərbi vertolyotlardan birinin vurulması münaqişənin tənzimlənməsində dönüş mərhələsi yarada bilər. Politoloq qeyd edib ki, iqtisadi, hərbi parametrlər tamamilə Azərbaycanın xeyrinə dəyişib: "Geosiyasi vəziyyət ermənilərin əleyhinədir. İlkin Muradovun bu addımı Azərbaycan Ordusunun vacib dövrdə psixoloji əhval-ruhiyyəsində çox ciddi dəyişiklik yaratdı. Ermənilər özlərinə avqust insidentlərindən sonra qalib olduqlarını təlqin etmişdilər. 12 vertolyotdan birini, üç zabiti itirmək İlkin Muradovun cəsarəti olsa da, erməni özündənrazılığının rolu da inkar olunmamalıdır".
Mübariz Əhmədoğlunun sözlərinə görə, vertolyotun vurulması uzun müddət müzakirə mövzusu ola bilər. Politoloq hesab edir ki, ermənipərəst Rusiya ekspertlərinin ilkin şərhləri Ermənistan tərəfinin iri hərbi təxribata hazırlaşdığının göstəricisidir: "Müxtəlif rusiyapərəst ekspertlərdən gələn rəylərin mahiyyəti eynidir: Avrointeqrasiya layihələri reallaşdıran Azərbaycan Moskvaya ikinci cəbhə açır. Hətta Modest Kolerov kimi yüksəkçinli siyasətçi ikinci Soçinin olmayacağı ilə Bakını hədələyir. Onun fikrindən belə başa düşülür ki, avqust insidentini Bakı törətdi, vəziyyət gərginləşən kimi Vladimir Putin Soçidə görüş təşəbbüsü irəli sürdü və Bakı sifətini qorudu. İstənilən siyasətçi üçün, xüsusilə rus dövlətinin təmsilçisi üçün belə şərh təkcə savadsızlıq deyil, həm də dövlətçiliyə zərbə nümunəsi kimi qəbul edilməlidir". Mübariz Əhmədoğlu qeyd edib ki, reallıq Ermənistanın Rusiyaya qarşı xəyanətkarlığının yeni dalğasının başlandığını göstərir və bu xəyanətkarlıq dalğası məhz Soçidən başladı: "I) Putin Soçidə Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində xüsusi statusu barədə təklif irəli sürdü. Azərbaycan təklifi qəbul etdi. Ermənistan prezidenti S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusunu birbaşa Putinin üzünə rədd etdi; II) KTMT NATO ilə əlaqələri dayandırmaq barədə iki dəfə qərar qəbul edib. Hər iki halda Ermənistan bu qərarları rəsmən rədd edib. Hal hazırda Ermənistanda "NATO həftəsi" keçirilir. Ermənistan NATO ilə 4-cü IPAP imzaladı; III) Müdafiə naziri Ohanyan Belçikada NATO Baş katibinin müavini Aleksandr Verşbou və NATO-da ABŞ qoşunlarının komandanı Filipp Bridlava ilə görüşdü. Təhlükəsizliyə regional və beynəlxalq təhdidlər kontekstində Ermənistan-NATO əməkdaşlıq məsələləri müzakirə edildi. Tərəflər əməkdaşlığın indiki səviyyəsini yüksək qiymətləndirdilər və inkişafın indiki uğurla inkişafına ümid etdilər. Verşbou Rusiyanı İŞİD-dən daha təhlükəli hesab edir. Bridlavanın Rusiyaya münasibəti, Gürcüstanla əlaqələri bəllidir. Azərbaycanın işğal olunmuş ərazilərindəki son geniş miqyaslı hərbi təlimləri Ohanyanın Verşbou və Bridlava ilərazılaşdırdığını ehtimal etmək olar. Kolerov bunu inkar edə bilməz; IV) Ermənistan işğal olunmuş ərazilərdə ən iri hərbi təlimə başlayarkən 11 siyasi addım atıb. Onun cəmi 2-si, nisbətən əhəmiyyətsizi RF istiqamətindədir. Daha kəsərli 9-u isə NATO və Aİ istiqamətindədir. Ermənistan Müdafiə naziri Ohanyanın Rusiyanın Müdafiə naziri Şoyqu ilə imzaladığı müqavilə isə sadəcə protokol tədbiridir. Hətta buna baxmayaraq rəsmi Yerevan həmin müqavilənin əsas tezisini inkar etdi".
Politoloq vurğulayıb ki, Azərbaycan heç bir yeni Avrointeqrasiya layihəsi reallaşdırmayıb. Onun sözlərinə görə, Azərbaycan Avropanın mərkəzinə qaz satması isə yalnız geoiqtisadi layihədir: "Pul qazanır, kifayət qədər pulu var, amma bu pulu heç bir dövlətin, o cümlədən Rusiyanın əleyhinə xərcləməyib. Qazandığı pulu müstəqilliyinin möhkəmləndirməsinə xərcləyir. Azərbaycanın müstəqil siyasətini isə hətta Rusiya etiraf edir. Ermənilər tarixən xəyanətkardırlar. Rusiya isə ermənı xəyanətkarlığından ən çox ziyan çəkən dövlətdir. Ermənilərin SSRİ-ni dağılmasında Qərbin əlində əlində alət olmasını, Sovet ordusuna qarşı ilk hücumları təşkil etməsi və digər bu məsələləri nəzərə almaqla Ermənistanın hansı yolda olduğu aydın görünür". O, bildirib ki, Moskvadakı ermənilər və onların təsiri altında olanlar Rusiya üçün daxili qanaxmadırlar: "Rusiya içəridən zəifləyir, sarsılır. Rusiyaya qarşı açılmış ən təhlükəli cəbhə də budur. Şimali Qafqaz və s. sonrakı cəbhələr olacaq".

Əli