Türk Şurası Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edir - Bəyanat Siyasət

Türk Şurası Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edir - Bəyanat

Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirir.

Bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyevin bəyanatında deyilir.

Bildirilir ki, Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə dair öhdəliklərini bir daha təsdiq edir və Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini bir daha vurğulayır:

"Türk Şurası bu çərçivədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasının tələb etdiyini xatırladır.
Baş katib insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır".