NATO nədən narahatdır? Siyasət

NATO nədən narahatdır?

Rusiyaya güvənən Ermənistanın işğal etdiyi torpaqlarımızda irimiqyaslı hərbi təlimlər keçirməsindənmi, yoxsa Azərbaycan Ordusnun düşmənin hava hücumunun qarşısını qətiyyətlə almasındanmı?

Ermənistan helikopterinin vurulmasından sonra bəzi beynəlxalq təşkilatların məsələyə ənənəvi münasibətləri cəmiyyətdə qıcıq yaradır. Eyni zamanda NATO də məsələyə münasibətini açıqlayıb. Xatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. NATO rəsmisi Ceyms Appaturay bununla bağlı qurumun mövqeyini ifadə edib. O, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan SQ-nin hərbi vertolyotunu vurması barədə məlumatlardan NATO-nun narahat olduğunu deyib.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Zahid Oruc NATO nümayəndəsi Ceyms Appaturayın cəbhədə baş verənlərlə bağlı bəyanatına münasibət bildirərkən deyib ki, NATO rəsmisi digər Qərb qurumlarından fərqli olaraq cəbhədəki son hadisələrdə Ermənistanı günahlandırıb. Zahid Oruc Appaturayın "Qarabağ cəbhəsində baş verənlərdən narahatıq" ifadəsində ikili mövqe olduğunu deyib: "İkili mövqe olmaqla yanaşı, burada Ermənistana da çağırış var. Onlar o boyda işğal edilmiş ərazilərdə də təlim keçə bilərdilər. Amma Azərbaycan mövqelərinə yaxınlaşıblar. Hücum ediblər. Azərbaycan ordusu da düşmənin layiqli cavabını verib. İstənilən halda düşmən helikopteri işğal edilmiş ərazilərdə vurulardısa, o zaman yenə Azərbaycan haqlı olardı. Çünki bütün beynəlxalq qurumlar həmin əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bütün hüquqlar da ölkəmizə məxsusdur".
Millət vəkili Appaturayı real vəziyyəti görməyə və bu hadisələrdə Azərbaycanı qınamamaq üçün məsləhət verib: "Mən Ceyms Appaturayı Azərbaycan səngərlərinə dəvət edirəm. Bütün təhlükəsizlik mundirlərini çıxarıb sadə döyüşçü kimi real vəziyyəti görsün. Mən əminəm ki, NATO rəsmisi adi həşəratı da düşmən hesab edib ölürəsidir. Çünki, cəbhə bölgəsinin öz qanunları var".
Zahid Oruc NATO-nun Azərbaycandan cəbhə xəttində bu cür addımları deyil, başqa mövqe tutmağımızı gözləyirlər: "Onlar istəyir ki, biz cəbhə bölgəsində şəhid olan əsgərlərimizi ağlaya-ağlaya dəfn edək. Sonra da NATO-ya üz tutaraq boynubükük şəkildə onlara ermənilərdən şikayət etməyimizi gözləyirlər. Bu Qərbli diplomatların mövqeyidir. Amma onlar unudublar ki, işğal olunan ərazi Azərbaycan torpaqlarıdır. Sanksiyalar isə işğalçı Ermənistana yönəldilməlidir".
Milli Məclis üzvü həmçinin bildirib ki, ermənilərin cəbhə bölgəsində mövqelərimizə havadan hücum etməsinin bir səbəbi var: "Ermənilər səngərlərimizə bir neçə dəfə diversiya-kəşfiyat həmlələri etməyə çalışdılar. Heç nəyə nail ola bilmədilər. Ona görə də havadan hücuma keçməyə cəhd etdilər. Və ordumuzun layiqli cavabı ilə qarşılaşdılar. Döyüş mövqelərimizi hücuma keçən düşmənin Mİ-24 bombardmançı təyyarəsi məhv edildi".
Zahid Oruc həmçinin əlavə edib ki, Ermənistanın Müdafiə Nazirliyi "Mİ-24" tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məlumat yaydı və özünü ilk addımda rüsvay etdi. Deputatın sözlərinə görə, işğalçı ölkə iddia edir ki, guya həmin helikopter dinc məqsədlə, heç bir təxribat törətməyən və təlim-məşq xarakterli helikopter olub: "Belə olan təqdirdə sual olunur. Məgər, bu hərbi helikopter təmas xəttində mülki karnaval şou yaradırdı ki, haradan uçuş etdiyini bilmirdi? İkincisi, orada Azərbaycan hərbiçilərinin bu addımı atması və sərrast zərbə ilə "Mİ-24" tipli hərbi helikopteri zərərsizləşdirməsi düşmənlərimizin təmas xəttini pozması anında reallaşıb. Heç kimə sirr deyil ki, onlar erməni vətəndaşlarıdır və Dağlıq Qarabağda yaşayan insanlar deyillər. Bu fonda Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti müraciət edir ki, helikopterin qalıqları və həlak olan insanların ərazidən çıxarılmasına imkan tanınsın. Əgər həqiqətən də bu hadisə Xankəndinin daha fərqi bir hissəsində reallaşsa idi, işğalçı ölkə düşünərdi ki, uzaq məsafəni qət edən Azərbaycanın raket qurğuları erməni obyektlərinə hücum edib. DQ-nin muxtar vilayət ərazisi 4,38 min kv kilometrdir. Bunun da 12 min kv km-dən artığı da Azərbaycanın işğal olunmuş 7 rayonudur. Helikopterin kiçik bir ərazini keçib üzərimizə gəlməsinin və 1994-cü ildən bu yana hökm sürən qeyri-rəsmi razılaşmaları aşaraq gerçək təhdid və hədə yaratmasının səbəbi nə idi? Həmin helikopterin içrərisində olanları aşağı düşürüb soruşmalıydıq ki, nə məqsədlə gəlmisiniz? Niyyətlərini öyrənəndən sonramı cəzalandırmalıydıq?"
Zahid Oruc hesab edir ki, beynəlxalq təşkilatlardan bu hadisəyə reaksiya verənlər əslində heç də Azərbaycanı günahlandırmayıblar və qəti şəkildə bizə qarşı ittiham mövqeyi yoxdur. Qoy, ATƏT-in Minsk qrupunun təmsilçiləri gəlib İlkin Muradovun "Mİ-24" tipli hərbi helikopteri vurduğu səngərdə hərbçi formasında dayansınlar, üzərlərindən diplomatik immunitetləri götürülsün və təhlükəsizliyi də qorunmasın. Bəs görək o zaman onlar hansı addım atacaqlar? Onlar nəinki bir tanka, topa, eləcə də göydə uçan istənilən obyektə zərbə endirərlər ki, özlərini qorusunlar".
Sabahinfo.com saytının vaş redaktoru Atif Sarıxanlı isə bildirdi ki, cəbhənin Ağdam istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsi bizə həm də beynəlxalq ictimaiyyətin erməni sevgisini müşahidə etməyə bir daha imkan yaratdı: "Müxtəlif təşkilatlar və dövlətlər tərəfindən dalbadal bəyanatlar verildi. Əslində, bəyanatların məzmunu həmişəki kimi, ənənəvi, sığallı fikirlərdən heç nəyi ilə fərqlənmirdi: cəbhə xəttində baş verən hadisədən narahatlıq keçirilir və tərəflərə vəziyyəti gərginləşdirməmək tövsiyə edilir. Bununla belə, arada diqqət çəkən məqamlar da çoxdur... Məsələn, bəyanatlarda Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterinin Azərbaycan torpaqlarında nə etdiyi sual olunmur...".
O, həmçinin əlavə etdi ki, həmsədr təyin ediləndən sonra əməli iş görmək əvəzinə daha çox tvitləri ilə yadda qalan və qeydlərində bir çox hallarda erməniləri xoşhal edən fikirləri ilə seçilən Ceyms Uorlik bu dəfə də səssiz qalmadı: "O, hətta tərəfləri "müharibədən bir variant kimi imtina etməyi" tövsiyə etdi. Bəyanatlar təkcə bununla yekunlaşmadı. BMT, Avropa Birliyi, NATO, ATƏT, ABŞ Dövlət Departamenti, Rusiya və ayrı-ayrı rəsmi şəxslər bəyanatlar səsləndirməyə başladılar. Maraqlıdır, doğrudanmı təmas xəttində baş verən məlum hadisə beynəlxalq aləmi ciddi narahat edir? Yoxsa Azərbaycan tərəfinin bir neçə dəfə səsləndirdiyi bəyanatın heç də əbəs yerə deyilmədiyindən təşvişə düşüblər? Bəs Azərbaycan nə etməliydi? Bir tərəfdən başqa ölkənin torpağını işğal edəsən, üstəgəl hava məkanını pozmaqla qarşı tərəfin üzərinə hücuma keçəsən, bu vəziyyətdə atəş açmamaqdan başqa variant qalırmı? Cavab birmənalıdır, yox.
Bir də ki, nə üçün səbirsiz və ermənipərəst davranış nümayiş etdirən beynəlxalq ictimaiyyət münaqişənin həlli ilə bağlı uzun illərdir qəbul edilən və hələ də kağız üzərində qalan qərar və qətnamələrin niyə icra edilmədiyi ilə maraqlanmır, yaxud bunun üçün işğalçı tərəfə təzyiq etmirlər? Niyə beynəlxalq ictimaiyyət 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasından danışmır və onların hüquqlarının bərpası istiqamətində praktik iş görmürlər? Və nəyə görə beynəlxalq birlik, güclü dövlətlər neçə aydır ermənilər tərəfindən girov götürülən və düşmənin fiziki, mənəvi-psixoloji təzyiqlərinə məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə, günahsız insanlar üzərində qurulan qondarma "məhkəmə"yə hələ də münasibət bildirməyiblər? Olmazmı ki, nəfəs dərmədən bəyanatlar verənlər daim eyni fikirləri təkrar-təkrar səsləndirmək əvəzinə, illərdir qəbul etdikləri qərar və qətnamələrin icrası ilə məşğul olsunlar... Və nəhayət, Azərbaycana qarşı qərəzli mövqelərindən əl çəkərək özlərində cürət tapıb ermənilərdən işğal etdikləri torpaqların boşaldılmasını tələb etsinlər...".
Onun sözlərinə görə, bəhs edilən məsələ ilə bağlı daha bir məraqlı məqam Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın tez-tələsik münasibəti oldu: "Bordyuja bildirib ki, bu təhlükəli insident regionda vəziyyəti daha da gərginləşdirə bilər: "Bu, bizim narahatlığımızı artırır... Helikopterin məhv edilməsi zorakılığın təhlükəli təzahürüdür. Cənubi Qafqazda vəziyyət getdikcə gərginləşir".
Bordyuja bildiriib ki, bu vəziyyətin inkişafının qarşısının alınması üçün addımlar atılmalıdır.
Hətta Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviçin keçirdiyi brifinqdən də qabaq, daha dəqiq desək, səhər açılar-açılmaz bəyanat verən N.Bordyuja nə demək istəyir? Bir neçə ay əvvəl Dağlıq Qarabağda olan N.Bordyuja, bəlkə tələsik fikir söyləməklə "Biz burdayıq" sətiraltı şəkildə təhdid mesajı verir...Uzun illərin müşahidəsi bir daha göstərir ki, istər BMT, ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlar, istərsə də ayrı-ayrı güclü dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində maraqlı deyillər. Görünən odur ki, onların səyləri nəyin bahasına olursa olsun "status-kvo"nu saxlamağa hesablanıb. Belə olan halda, Azərbaycanın başqa yolu qalmır. Beynəlxalq birliyin 20 ildən artıqdır ki, sərgilədiyi ermənipərəst davranış və ikili mövqe bizə əsas verir ki, onlara olan ümidimizi itirək və problemimizi özümüz həll etmək barədə düşünək. Artıq qərəzli yanaşmalar müharibənin alternativi olmadığını bir daha ortaya qoymaqdadır. Bəli, bir halda ki, haqqı bilə-bilə nahaqqın tərəfi saxlanılırsa və işğalçı ilə işğala məruz qalana eyni prizmadan yanaşılırsa, o zaman özgələrdən ədalət gözləməyə dəyməz. Odur ki, haqqa, ədalətə bilərəkdən məhəl qoyulmayan və hüququn gücü işləməyən yerdə gücün hüququna güvənmək lazımdır. İnanmalıyıq ki, bizim problemimizi yalnız Ordumuz və silahımız həll edə bilər...".

Əli