“Prezident İlham Əliyev həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etdi” Siyasət

“Prezident İlham Əliyev həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etdi”

Nurlan Qələndərli: “Reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı”

“Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək məqsədilə həyata keçirdiyi əks-hücum əməliyyatı ilə işğalçı Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini tamamilə alt-üst etdi. Döyüş meydanında qazanılan uğurlar diplomatik müstəvidə də üstünlüyümüzü şərtləndirdi. Yeni hərbi-siyasi və diplomatik situasiya Azərbaycann diktə edən tərəf kimi çıxış etdiyini göstərir. İşğalçı Ermənistanın danışıqların formatını dəyişdirmək, Dağlıq Qarabağdakı qondarma, separatçı rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsi kimi absurd iddia və təşəbbüslərinin üzərindən birdəfəlik xətt çəkildi”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, həm hərbi, həm də diplomatik müstəvidə iflasa düçar olan işğalçı Ermənistan öz havadarlarının və erməni lobbisinin dəstəyi ilə yeni cəbhə açmaq üçün səfərbər olundu: “Bu cəbhə informasiya müstəvisində ardıcıl təxribatlar təşkil etmək üçün açıldı. Lakin işğalçı Ermənistan və bütövlükdə, dünya erməniliyi bu istiqamətdə də fiaskoya uğradı, beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoymaq hədəfinə çata bilmədi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə, həm nüfuzlu transmilli media orqanlarına müsahibəsi, həm də xalqa müraciətləri zamanı erməni yalanlarını ifşa etdi, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı. Beləliklə, Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühitinin yaratmaq niyyəti baş tutmadı”.

“Dünya mətbuatına nəzər salsaq, Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxsaylı informasiyaya və analitik materiallara rast gələrik”, - deyən politoloq vurğulayıb ki, nüfuzlu media qurumları Azərbaycan Prezidentinin fikirlərinə istinad etməklə hazırkı hadisələr və proseslərin mahiyyəti barədə oxucuların diqqətinə geniş məlumatlar təqdim edirlər: “Bu, şübhəsiz ki, informasiya müharibəsində Azərbaycanın mütləq üstünlüyünün və qələbəsinin ifadəsidir. Qlobal informasiya məkanında beynəlxalq ictimai rəyin Azərbaycanın lehinə olması strateji önəm daşıyır. Ermənistanın “qara piar” kampaniyası bumeranq effekti verdi, işğalçı ölkənin yalanları gülüş doğurur və beynəlxalq ictimai rəyə təsir edəcək qədər ciddi qəbul olunmur. İndi terrorçu dövlətin dezinformasiya siyasətinin və erməni yalanlarının ifşa edilməsi Ermənistana, erməni lobbisinə ciddi dərs olmalı, onlar bu reallıqlardan konkret nəticə çıxarmalıdırlar”.

Əli